BAKI, 31 oktyabr. TELEQRAF

Antarktidada dəniz buzlarının sahəsinin sürətlə azalması Yer kürəsinin iqlim sistemində və dünya okeanların dinamikasında mühüm rol oynayan Cənub okeanının böyük hissəsində kəskin dəyişikliklərə səbəb olub.

Teleqraf xəbər verir ki, bu barədə “Gizmodo” məlumat yayıb.

Yeni araşdırmada Antarktika aralıq su kütləsində (AAIW) baş verən dəyişikliklərdən bəhs olunur. Bu, Antarktida ətrafında 700-1200 metr dərinlikdə yerləşən, soyuq, oksigenlə zəngin və nisbətən şirin su kütləsidir. Dəyişiklik səbəbindən bu su kütləsi sürətlə duzlaşır, sıxlaşır və dərinə enir. Belə dəyişikliklər yaxın onilliklərdə qlobal dəniz səviyyəsinə, okeanların istiləşməsinə və hava şəraitinə ciddi təsir göstərə bilər.

Tədqiqatçılar hesab edirlər ki, bu cür dəyişikliklər axırıncı dəfə təxminən 130 min il əvvəl, son Buz dövrünün sonunda baş verib. Amma həmin vaxt keçid minilliklər ərzində davam etdiyi halda, hazırda bu proses cəmi iki onillikdə baş verir.

AAIW okeanın isti üst təbəqəsi ilə soyuq dərinlikləri arasında dinamik maneə yaradır və dərin okean bölgələrinin istiləşməsini tənzimləyir. Hind, Sakit və Atlantik okeanlarına doğru - Şimala yayılan bu su kütləsi istiliyi, karbonu, oksigeni və qida maddələrini tropiklərə daşıyaraq həyati əhəmiyyətli dəniz dövranının bir hissəsini təşkil edir.

Cənub yarımkürəsində hər yay dəniz buzlarının əriməsi Cənub okeanına şirin su axını yaradır və dəniz suyunun duzluluğunu azaldır. Bu təbəqənin nisbətən aşağı duzluluğu onun fəaliyyəti üçün həlledici əhəmiyyət daşıyır. Çünki duzluluq suyun sıxlığını və hansı dərinlikdə yerləşəcəyini müəyyən edir.

2015-ci ilə qədər dəniz buzlarından gələn böyük həcmdə şirin su axını Antarktida dəniz buzlarının sabitliyini qorusa da, 2016-cı ildə vəziyyət dəyişdi. 2014-cü ildə rekord səviyyəyə çatmasından cəmi iki il sonra Antarktida dəniz buzlarının sahəsi kəskin azaldı, o vaxtdan bəri sürətlə yox olmaqda davam edir.

Buzların azalması hər yay Antarktida sularına daxil olan şirin suyun da azalması deməkdir. Bu isə həmin su qatının niyə getdikcə daha duzlu olduğunu izah edir.

Hər onillikdə AAIW-nin duzluluğu hər kiloqram suya təxminən 0,005 qram duz hesabı ilə artır. Bu, kiçik dəyişiklik kimi görünə bilər, amma tədqiqatçıların fikrincə, zamanla su kütləsinin xüsusiyyətlərini və dinamikasını əhəmiyyətli dərəcədə dəyişdirmək üçün kifayətdir.

Dünya okeanları atmosferdəki artıq karbonu və istiliyi udaraq yenidən paylayır və antropogen iqlim dəyişikliklərinin təsirlərinin yumşaldılmasında mühüm rol oynayır. Amma AAIW-də duzluluğun artması bütün Atlantik okeanı üçün kritik dönüş nöqtəsinə çevrilə və Cənub yarımkürəsində daha genişmiqyaslı, uzunmüddətli iqlim dəyişikliklərinə səbəb ola bilər. Cənub okeanında istiliyin toplanması və yenidən paylanmasının dəyişməsi dəniz buzlarının əriməsini daha da sürətləndirə bilər.

Proses atmosfer dövranına, fırtınaların hərəkət istiqamətinə, yağıntıların xarakterinə və regional dəniz səviyyəsinə də təsir göstərə bilər. Bütün bunlar okeanın nə qədər istilik saxlamasından və həmin istiliyin hansı bölgələrdə toplanmasından asılıdır.

Yeni məlumatlar Antarktida dəniz buzlarının sahəsinin azalmasının bu bölgədə suyun duzluluğunun artmasına səbəb olduğunu və bunun qlobal miqyasda ciddi nəticələr doğurduğunu göstərən sübutları daha da gücləndirir.