BAKI, 12 oktyabr. TELEQRAF
Ayda yeraltı mağaralar varmı? ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) bu suala cavab tapmaq üçün yeni tədqiqata başlayıb.
Teleqraf xəbər verir ki, NASA alimləri Ayın səthindəki bir çuxurun geniş yeraltı mağara və ya qədim lava axınları nəticəsində yaranmış tunellə əlaqəli ola biləcəyini təxmin edirlər.
Qurum bu ehtimalı araşdırmaq üçün Ayın dərinliyindəki strukturları üzə çıxarmağa yönəlmiş GIMLI proqramını başladıb.
Tədqiqat 2009-cu ildə Yaponiyanın “Kaguya” kosmik aparatı tərəfindən aşkar edilmiş Marius təpələrində yerləşən çuxurda aparılacaq. Elm adamlarının fikrincə, lava tunelinin mövcudluğu təsdiqlənərsə, bu, Ayın vulkanik keçmişini daha yaxşı anlamağa kömək edəcək.
Belə mağaralar gələcəkdə astronavtlar üçün təbii sığınacağa da çevrilə bilər. Bunların insanları kəskin temperatur dəyişikliklərindən, radiasiyadan və mikrometeoritlərdən qoruması mümkündür.
GIMLI proqramı Ayın səthində həyata keçiriləcək. Tədqiqat zamanı yeraltı strukturları araşdırmaq üçün yeraltı radarı, seysmik sensorlar və qravimetrdən istifadə olunacaq. Əldə edilən məlumatlar belə bir tunelin mövcud olub-olmadığını və əgər varsa, ölçülərini müəyyənləşdirməyə kömək edəcək.