BAKI, 8 noyabr. TELEQRAF

Elm adamları Yer kürəsinin heç vaxt həyatın mövcud olmadığı kompüter modelini yaradıblar. Bu model geoloji proseslərin təsiri altında atmosferin və planetin digər təbəqələrinin necə dəyişəcəyini izləməyə imkan verir və astronomlara yaşayış üçün əlverişli görünən planetlərlə həyatın mövcud ola biləcəyi planetləri fərqləndirməyə kömək edəcək.

Teleqraf xəbər verir ki, tədqiqatın nəticələri “The Planetary Science Journal”da dərc olunub.

ABŞ-nin Vaşinqton Universitetinin tədqiqatçıları Yer kürəsinin təxminən 5 milyard il ərzindəki inkişafını modelləşdiriblər. Model planetin təxminən 4,5 milyard il əvvəl yaranmasından başlayaraq, qarşıdakı 500 milyon il ərzində gözlənilən gələcəyini də əhatə edir.

Modeldə nüvə, mantiya, yer qabığı, səth və atmosfer arasında kimyəvi maddələrin mübadiləsi nəzərə alınsa da, canlı orqanizmlərin təsiri tamamilə istisna edilib.

Sınaqlar zamanı model planetin 19 xüsusiyyətini, o cümlədən mantiyadan keçən istilik axınını düzgün şəkildə əks etdirib. Müəlliflərin sözlərinə görə, indi bu modeli Günəş sistemindən kənarda yerləşən digər bərk səthli planetlərin öyrənilməsinə uyğunlaşdırmaq mümkündür. Kəşf yerdənkənar həyatın axtarışı baxımından mühüm əhəmiyyət daşıyır. Amma suyun və həyat üçün əlverişli atmosferin aşkar edilməsi hələ həmin planetdə canlı orqanizmlərin mövcud olduğu anlamına gəlmir.

Alimlər daha əsaslı nəticəyə gəlmək üçün hansı kimyəvi maddələrin yalnız geoloji proseslər nəticəsində atmosferdə toplana biləcəyini müəyyən etməlidirlər.

Yer kürəsində canlı orqanizmlər daim oksigen və metan ifraz edirlər. Bu qazlar bir-biri ilə kimyəvi reaksiyalara girdiyindən onların atmosferdə eyni vaxtda mövcud olması həmin maddələrin ehtiyatlarının davamlı şəkildə yeniləndiyinə işarə edə bilər. Amma bu cür siqnalları düzgün şərh etmək üçün astronomlar müşahidələrin nəticələrini həyatın mövcud olmadığı planetlərin modelləri ilə müqayisə etməlidirlər.

Yeni model uzaq planetin atmosfer tərkibinin canlı orqanizmlərin iştirakı olmadan, yalnız geoloji proseslərlə izah edilməsinin mümkün olub-olmadığını yoxlamağa kömək edəcək. Əgər müşahidələrin nəticələrini model əsasında izah etmək mümkün olmasa, belə planet gələcək tədqiqatlar üçün xüsusi maraq doğura bilər.

Tədqiqatın müəllifləri modelin gələcəkdə ekzoplanetlərdə həyat əlamətlərini axtarmaq üçün nəzərdə tutulan yeni nəsil teleskopların hazırlanmasına kömək edəcəyini də ehtimal edirlər.