BAKI, 22 noyabr. TELEQRAF

Ərəb Koalisiyası husilərin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada pilotsuz uçuş aparatı (PUA) ilə hücumunun qarşısını alıb.

Teleqraf xəbər verir ki, bu barədə koalisiyanın sözçüsü, briqada generalı Türki əl-Maliki “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, husilər tərəfindən Ər-Riyada göndərilən PUA aşkar edilərək məhv edilib.

Bundan əvvəl koalisiya husilərin Səudiyyə Ərəbistanının paytaxtına atdığı üç ballistik raketin də zərərsizləşdirildiyini açıqlamışdı.

Qeyd edək ki, Yəməndə böhran husilərin 2014-cü ilin sentyabrında paytaxt Səna və ölkənin bir sıra ərazilərinə nəzarəti ələ keçirməsindən sonra dərinləşib. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası 2015-ci ilin martından beynəlxalq səviyyədə tanınan Yəmən hökumətinə dəstək verməyə başlayıb.