BAKI, 20 avqust. TELEQRAF
Almaniyanın Maks Plank Fizika İnstitutunun astronomları Süd Yolu qalaktikasında indiyədək məlum olan ən sürətli ulduzu kəşf ediblər.
Teleqraf xəbər verir ki, bu barədə Avropa Cənub Rəsədxanası (ESO) məlumat yayıb.
S301 adlandırılan ulduz ESO-nun Böyük Teleskop-İnterferometri (ESO VLTI) vasitəsilə aşkar olunub.
S301 kütləsi Günəşin kütləsindən 4 milyon dəfə çox olan Oxatan A* qara dəliyinin ətrafında saniyədə 25 000 kilometr sürətlə hərəkət edir. Bu, kommersiya təyyarəsinin sürətindən təxminən 100 000 dəfə çoxdur və S301-i Süd Yolunda sürət rekordçusu edir.
Həmçinin o, Betelgeysdən - Orion bürcündə yerləşən narıncı ulduzdan təxminən 2 milyard dəfə daha zəif görünür.
S301 əvvəllər müşahidə edilmiş digər ulduzlardan daha çox qara dəliyə yaxınlaşır.
Maks Plank İnstitutunun doktorantı və tədqiqatın müəllifi Feliks Manq bildirib: “Ulduzun xüsusiyyəti ondan ibarətdir ki, Oxatan A* ətrafında çox dar orbit üzrə hərəkət edir və tam dövrünü cəmi 8,7 ilə başa vurur. Qara dəliyə Yer kürəsi ilə Günəş arasındakı məsafədən 12 dəfə böyük məsafəyədək yaxınlaşır. Bu, misilsiz hadisədir”.