BAKI, 22 noyabr. TELEQRAF

Meksikanın Sinaloa ştatında narkokartel rəhbəri Fausto İsidor Mesa Floresin saxlanılmasından sonra baş verən silahlı toqquşmalarda azı 11 nəfər həyatını itirib.

Teleqraf xəbər verir ki, bu barədə Meksika hakimiyyəti məlumat yayıb.

FTB-nin ən çox axtarılan 10 cinayətkarı siyahısında yer alan və “El Çapo İsidro” ləqəbi ilə tanınan Mesa Flores şənbə günü saxlanılaraq Mexiko şəhərinə aparılıb.

Onun saxlanılmasından əvvəl Meksika təhlükəsizlik qüvvələri ilə narkokartel üzvləri arasında şiddətli toqquşmalar baş verib. Hadisələr zamanı Quasave şəhərində yük maşınları və bir sıra obyektlər yanıb, sakinlər təşvişə düşüb.

Meksika Müdafiə Nazirliyinin məlumatına görə, toqquşmalarda kartel üzvü olduğu ehtimal edilən yeddi silahlı şəxs və dörd hərbçi öldürülüb.

Qeyd edək ki, Mesa Flores əvvəllər Beltran-Leyva narkokartelinin rəhbərliyində yer alıb, daha sonra isə öz cinayət təşkilatına rəhbərlik edib. ABŞ onun tutulmasına kömək edəcək məlumat üçün 5 milyon dollar mükafat vəd etmişdi. O, ABŞ-a narkotiklərin qanunsuz daşınmasında və odlu silahların qanunsuz saxlanılmasında ittiham olunurdu.