BAKI, 2 sentyabr. TELEQRAF
“Dəccal artıq insanların arasında ola bilər”.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens deyib.
Vitse-prezident Allahın iradəsinin yerinə yetirilməsinin dünyanın sonuna gətirib çıxarmasına etiraz etmədiyini bildirib.
Vens dünyanın sonunun artıq başlayıb-başlamadığı və ya yaxınlaşıb-yaxınlaşmadığı barədə suala belə cavab verib:
“Dünyanın son zamanlarını yaşayırıqmı? Bilmirəm. Məncə, buna həddindən artıq fokuslanmaq mənəvi baxımdan mənim üçün zərərli ola bilər, çünki belə demək mümkündürsə, görüləsi işlər var. Həyat yoldaşıma, övladlarıma qayğı göstərməliyəm. Amerika Birləşmiş Ştatları üçün bacardığım qədər yaxşı lider olmalıyam. Ona görə də düşünürəm ki, bütün bunlara həddindən artıq fokuslanmaq - məni maraqlandırsa da – çox zərərli ola bilər”.
ABŞ-nin vitse-prezidentinin sözlərinə görə, dünyada elə hadisələr baş verir ki, buna görə Dəccalın insanların arasında olmasına təəccüblənməzdi. Amma Vens bu məsələyə çox ilişib qalmamağa çalışır:
“Belə düşünməyə meylliyəm: dünyanın son zamanlarını yaşadığımıza təəccüblənməzdim, amma diqqətimi hazırda Allahın işini mümkün qədər çox görməyə yönəltməyə çalışıram. Əgər bu, dünyanın sonuna gətirib çıxaracaqsa, olsun. Əgər bu, daha yaxşı dünya qurmağımıza, mənim ölümümündən sonra da uzun müddət çiçəklənəcək və mövcud olacaq dünya yaratmağımıza səbəb olacaqsa, bu da əladır”.
Vens ölümündən sonra cənnətə düşəcəyinə nə dərəcədə əmin olduğu barədə sualı da cavablandırıb: “Bu, çətin sualdır. Əminlik səviyyəm yüksəkdir, amma şkala üzrə on deyil. Yeddi və ya səkkizdir”.