BAKI, 3 oktyabr. TELEQRAF

Astronomlar hesab edirlər ki, Yer kürəsi və Mars 4,5 milyard il əvvəl son nəticədə Günəş sistemini formalaşdıran burulğanlı qaz-toz buludundan əmələ gəlib. Amma bu prosesin dəqiq necə baş verdiyi hələ də naməlumdur.

Teleqraf xəbər verir ki, bu barədə “Nature Astronomy” jurnalı məlumat yayıb.

Danimarkanın Kopenhagen Universitetinin alimləri yeni araşdırmada hər iki planetin kimyəvi tərkibinin təhlilinə əsaslanan metoddan istifadə edərək, formalaşmanın ən erkən mərhələlərini yenidən modelləşdiriblər. Elm adamları belə qənaətə gəliblər ki, Yer və Mars fərqli şəkildə formalaşıb.

Alimlər planetlərin formalaşmasının iki əsas üsulunu, eləcə də onların kombinasiyalarını bilirlər. Birinci üsul planetesimallar adlanan böyük kosmik daşların toqquşmasını nəzərdə tutur. İkincisi isə daha kiçik hissəciklərin daha böyük obyektlər tərəfindən tədricən toplanmasını - süxur akresiyası kimi tanınan prosesi ehtiva edir. Amma astronomlar hələ də bu proseslərin Yer və Mars kimi bərk səthli planetlərin yaranmasında hansının daha mühüm rol oynadığını bilmirlər.

Nəticələr hər iki planetin formalaşma mexanizmini birləşdirən hibrid modelə işarə edir. Yeni təhlil Yer və Marsın 4,5 milyard il əvvəl necə formalaşdığına dair də daha ətraflı izah verir.

Alimlər Yer kürəsinin kütləsinin ən azı 75 faizinin süxurların əmələ gəlməsi nəticəsində böyüyən iki gənc protoplanetdən gəldiyini düşünürlər. Planetesimallar isə qalan 25 faizi təşkil edir. Marsda isə planetesimallar əsas tikinti materiallarıdır və onun kütləsinin təxminən dörddə üçünü təşkil edir. Qalan hissə süxurların akresiyası nəticəsində toplanan materialın payına düşür.

Tədqiqatçılar formalaşma prosesini yenidən qurmaq üçün Yerin qabığında və mantiyasında günümüzə qədər qorunub saxlanılan izləri araşdırıblar. Nisbətən yüksək temperaturda asanlıqla buxarlanan natrium, sink və kalium kimi uçucu elementlərə xüsusi diqqət yetiriblər. Bu elementlərin mövcudluğu və ya olmaması planetlərin formalaşması zamanı baş verən proseslərin kimyəvi göstəricisi kimi xidmət edə bilər.

Astronomlar hesab edirlər ki, yeni təhlillər Günəş sistemindən kənarda yerləşən planetlərin öyrənilməsinə də kömək edə bilər. Gələcək kosmik missiyalar Yerəbənzər planetləri axtaracaq və onların xüsusiyyətlərini öyrənəcək. Bu cür tədqiqatların mühüm elementlərindən biri onların kimyəvi tərkibinin müəyyənləşdirilməsi olacaq, bu da həmin planetlərin səthlərindəki şərait haqqında məlumat əldə etməyə imkan verəcək.