BAKI, 14 sentyabr. TELEQRAF

Milyardlarla il əvvəl gənc Günəş Yer kürəsindən təxminən 5-10 dəfə böyük planeti udmuş ola bilər. Yeni araşdırma bu itmiş planetin “barmaq izləri”ni Günəşin daxilində tapmağın mümkünlüyünə işarə edir.

Teleqraf xəbər verir ki, bu barədə “Gizmodo” yazır.

Yeni araşdırma modeli astronomları bu “qalaktik qətl”in sirrini açmağa xeyli yaxınlaşdırıb.

“Yeni araşdırmamız göstərir ki, Yerdən bir neçə dəfə böyük kütləyə malik planet gənc Günəşlə toqquşmuş və onun daxilində dərinliklərdə qalıcı kimyəvi iz buraxmış ola bilər”, - tədqiqatın müəllifi, Türkiyənin Ege Universitetinin astronomu Mutlu Yıldız deyib.

Elm adamının sözlərinə görə, planet udulması Günəşin quruluşuna təsir göstərə biləcəyini ehtimal edilsə də, aparılan müşahidələr buna dair əlamət göstərməyib: “Bu, tədqiqatın ən maraqlı nəticələrindən biridir”.

Yıldız vurğulayıb ki, onun hesablamaları Günəşin super-Yer ölçüsündə bir planeti udmasının fiziki baxımdan mümkünlüyünü gücləndirsə də, bu, hadisənin həqiqətən baş verdiyinin təsdiqi deyil.

“Araşdırmamızda Günəş daxilində belə bir udulmanın realda baş verdiyini göstərən müşahidə edilə bilən sübutların hələ də mövcud olub-olmadığı sualı qoyulur. Amma biz bunun mümkün olduğunu düşünürük. Növbəti addım bu izlərin müstəqil şəkildə aşkar edilə bilib-bilməyəcəyini yoxlamaqdır”, - türkiyəli elm adamı əlavə edib.