BAKI, 26 oktyabr. TELEQRAF

Alimlər cəmi 15 il əvvəl xəbər tutduqları müasir insanın və neandertalların yaxın qohumları - denisovalıların ilk dəfə necə göründüyünü təsvir edə biliblər. Tədqiqatçılara bu işdə yaxınlarda aşkar edilmiş kəllə fraqmenti kömək edib. Alçaq və maili alın, iri qulaqlar, qabarıq və qövsvari qaşlar, bucaqlı almacıq sümükləri, yastı üz və enli burun - alimlərin yeni fərziyyəsinə görə, denisovalılar məhz belə görünüb.

Teleqraf xəbər verir ki, müasir insanın nəsli kəsilmiş bu qohumlarının zahiri görünüşünün bərpası son dövrlərdə əldə edilmiş tapıntıların, xüsusilə də Çinin şimalında aşkarlanan kəllə fraqmentlərinin, dişlərin və çənələrin tədqiqinə əsaslanır.

“Nəhayət denisovalıların necə göründüklərini təsəvvür edə bilərik”, - Avstraliyanın Texnologiya Universitetinin paleogenetiki Salli Vasefi onların vizual təsviri barədə danışarkən deyib.

Alimlər denisovalıları ilk dəfə 2010-cu ildə təsvir ediblər. Həmin vaxt Sibirdəki Denisova mağarasında daha əvvəl tapılmış barmaq sümüyünün genetik analizi aparılıb. O zaman alimlər müəyyən ediblər ki, sümüyün genetik materialı nə müasir insanın (Homo sapiens), nə də neandertalların (Homo neandertalensis) genetik materialına bənzəyir. Sonralar Asiyanın müxtəlif yerlərində tapılmış digər skelet qalıqları da məhz bu sirli denisovalılara aid edilib. Bu qalıqlar arasında demək olar, bütöv vəziyyətdə qorunmuş kəllə də olub. Məhz həmin kəllə alimlərə bu tarixdən əvvəlki insanların necə göründüyünü ilk dəfə müəyyənləşdirmək imkanı verib.

Tədqiqatın nəticələrinə görə, denisovalıların zahiri görünüşündə Homo erektus kimi daha qədim insan növlərinə xas arxaik əlamətlərlə müasir insanın - Homo sapiensin xüsusiyyətləri birləşirdi. Bununla yanaşı, tədqiqatın müəllifləri denisovalıları yaxın qohumları olan neandertallardan fərqləndirən bir neçə aydın əlamət aşkar ediblər. Bu fərqlərdən biri çənənin quruluşu ilə bağlıdır.

Aşkar edilmiş skelet qalıqlarının ən azı 130 000 il yaşı var. 1970-ci illərdə heyvan qalıqları və daş alətlərlə birlikdə tapılıb. Həmin dövrdə genetik tədqiqatlar hələ ilkin mərhələdə olduğundan fosillərin insanın hansı növünə aid olduğu məlum deyildi. Sonralar isə qalıqların denisovalılara məxsus olduğu üzə çıxıb.

Danimarkalı paleontoloq Fabrise Demeter “Nature” jurnalına bildirib ki, tapıntılar denisovalıların geniş ərazilərdə yayıldığına, hətta bir-birindən əhəmiyyətli dərəcədə fərqlənən qruplardan ibarət ola biləcəyinə dair sübutları gücləndirib.

“Tədqiqat həmin insanların necə göründüklərini və harada yaşadıqlarını anlamaq baxımından mühüm irəliləyişdir”, - o qeyd edib.