BAKI, 4 sentyabr. TELEQRAF
Elm adamları ilk dəfə Albert Eynşteynin ümumi nisbilik nəzəriyyəsinin kvant obyekti üzərindəki əsas təsirlərindən birini nümayiş etdiriblər. Təcrübə kvant mexanikası ilə qravitasiyanın (cazibə qüvvəsi) necə qarşılıqlı təsirdə olduğunu anlamaq istiqamətində mühüm addım ola bilər. Tədqiqat Ben-Qurion, Ulm və Oksford universitetlərindən olan fiziklər qrupu tərəfindən Nobel mükafatı laureatı Rocer Penrouzla birgə aparılıb.
Teleqraf xəbər verir ki, bu barədə “Qubit” nəşri məlumat yayıb.
Alimlər təcrübə üçün xüsusi olaraq hazırlanmış “kvant Qaliley interferometri”ndən istifadə ediblər. Onun əsasını mütləq sıfıra yaxın temperaturadək soyudulmuş rubidium atomları təşkil edir.
Tədqiqatçılar kvant hissəciklərinin superpozisiya halında ola bilmək xüsusiyyətindən yararlanıblar. Onlar atomun kvant dalğasını eyni vaxtda müxtəlif trayektoriyalar üzrə hərəkət edən iki hissəyə ayırıblar. Dalğanın bir hissəsi maqnit sahəsinin köməyi ilə asılı vəziyyətdə saxlanılıb, digər hissə isə qravitasiyanın təsiri altında sərbəst şəkildə düşüb. Ardınca dalğanın hissələri yenidən birləşdirilib. Onların qarşılıqlı təsiri zamanı interferensiya mənzərəsi yaranıb və fiziklər bu mənzərədən istifadə edərək qravitasiyanın təsiri nəticəsində yaranan son dərəcə kiçik faza fərqini ölçə biliblər.
Əldə olunan nəticə fiziklərin Albert Eynşteynin ekvivalentlik prinsipinə əsaslanan proqnozları ilə üst-üstə düşüb. Bu prinsipə əsasən, sərbəst düşmə vəziyyətində olan müşahidəçi üçün qravitasiya lokal olaraq hiss olunmur. Klassik nümunə - aşağı düşən liftdə olan insanın qısa müddət ərzində çəkisizlik vəziyyətini hiss etməsidir.
Qravitasiya əvvəllər dəfələrlə kvant hissəciklərindən istifadə etməklə ölçülüb. Amma bu təcrübə onunla fərqlənir ki, elm adamları ekvivalentlik prinsipinin həm dalğa kimi hərəkət edən, həm də eyni anda bir neçə trayektoriyada ola bilən kvant obyektinə təsirini yoxlaya biliblər. Tədqiqatçılar vurğulayıblar ki, bu, hələ kvant mexanikası ilə ümumi nisbilik nəzəriyyəsinin yekun birləşməsi demək deyil. Bununla belə, təcrübə Albert Eynşteynin nəzəriyyəsinin kvant dünyasında da öz aktuallığını qoruduğunu göstərən ən dəqiq təsdiqlərdən biri olub.
Alimlər artıq tədqiqatın növbəti mərhələsinə hazırlıq görürlər. Eyni metodun daha ağır obyektlər, o cümlədən nanokristallar üzərində sınaqdan keçirilməsi planlaşdırılır.