BAKI, 20 avqust. TELEQRAF

Astronomlar Yer kürəsindən təxminən 2,5 dəfə daha geniş olmasına baxmayaraq, 23 dəfə daha böyük kütləyə malik, qeyri-adi dərəcədə sıx nəhəng ekzoplanet kəşf ediblər. GJ 523b adlandırılan və “meqa-Yer” kimi təsnif edilən bu göy cismi bərk səthli (torpaqlı) planetlərin necə formalaşması ilə bağlı mövcud nəzəriyyələrə meydan oxuyur.

Teleqraf xəbər verir ki, ABŞ-nin Milli Kosmos Agentliyinin (NASA) TESS peyki və Arizonadakı yerüstü teleskoplar vasitəsilə aşkar edilən GJ 523b öz ulduzunun ətrafında tam dövrünü təxminən 18 günə başa vurur.

Təxminən 170 milyon illik gənc sistemə daxil olan planetin ölçüsü, kütləsi və sıxlığı alimləri təəccübləndirib.

Yerin kütləsinin 20 mislinə çatan nəhəng planetin nüvəsinin sürətlə qaz toplayaraq Yupiter və ya Saturn kimi qaz nəhənglərinə çevrilməsi gözlənilirdi. Ancaq GJ 523b böyük kütləsinə baxmayaraq, demək olar, heç bir qalın qaz təbəqəsi formalaşdırmayıb, sıx və bərk səthli quruluşda qalıb.

Elm adamları bu ölçüdə planetin niyə qaz nəhənginə çevrilmədiyi sualına cavab axtarırlar və bu, iki əsas ehtimalla izah edilir.

Birinci ssenariyə görə, planet əvvəlcə qalın atmosferə malik olsa da, zaman keçdikcə bu təbəqəni itirib.

İkinci və daha güclü ehtimala görə, sistemin ilkin mərhələsində iki böyük planet bir-biri ilə toqquşub. Bu toqquşma qaz təbəqələrinin kosmosa dağılmasına, nəticədə isə birləşmiş, nəhəng və son dərəcə sıx torpaqlı kütlənin yaranmasına səbəb olub.

Astronomlar GJ 523b kimi həddindən artıq sıx planetlərin kainatda nadir istisna, yoxsa hələ kifayət qədər aşkar edilməmiş geniş planet sinfi olduğunu müəyyənləşdirməyə çalışırlar.

Tədqiqat hələ elmi resenziya mərhələsindədir. Gələcəkdə buna bənzər planetlərin sayı artarsa, bu kəşf planetlərin formalaşması və təkamülü ilə bağlı mövcud nəzəriyyələrin yenidən nəzərdən keçirilməsinə səbəb ola bilər.