BAKI, 29 sentyabr. TELEQRAF
NASA-nın “Lunar Reconnaissance Orbiter” kosmik gəmisi Ayın səthində böyük toqquşmanın izlərini aşkarlayıb. Yeni yaranmış və diametri 222 metr olan kraterin ətrafında qeyri-adi temperatur anomaliyası qeydə alınıb - gecə saatlarında hava burada səthdən təxminən 9 dərəcə selsi daha soyuq olur.
Teleqraf xəbər verir ki, bu barədə “Science Advances” məlumat yayıb.
MakGetçin krateri 2024-cü ildə Ayın şərq kənarına yaxın ərazidə əmələ gəlib. Onun izini 2025-ci il oktyabrın 24-də Robert Vaqner NASA-nın kosmik aparatının əldə etdiyi görüntüləri araşdırarkən aşkar edib.
Tədqiqatçılar hesab edirlər ki, krater Ayın 3-6 mərtəbəli bina ölçüsündə komet və ya asteroidlə toqquşmasından sonra yaranıb.
Zərbə Ayın səthində 43 metr dərinliyində çuxur açıb. Tədqiqatçıların hesablamalarına görə, bu cür toqquşmalar nadir hallarda baş verir - ən çoxu əsrdə bir dəfə.
Yer kürəsindən fərqli olaraq, Ayda kosmik cismin yaxınlaşma zamanı sürətini azalda və ya onu yandıra biləcək əhəmiyyətli atmosfer yoxdur. Buna görə də göy cisimləri onun səthi ilə çox böyük sürətlə toqquşurlar.
Vaqner yeni krateri aşkar etmək üçün Ayın səthinin köhnə və yeni görüntülərini müqayisə edən xüsusi proqramdan istifadə edib. Tədqiqatçı həmin görüntülərdə qaranlıq halqa ilə əhatələnmiş parlaq ləkə müşahidə edib. Bu halqa zərbə nəticəsində materialın səpələnməsi səbəbindən yaranıb. İz kifayət qədər böyük olduğundan onu daha kiçik toqquşmaların nəticələrindən daha asan aşkar etmək mümkün olub.
Tədqiqatçılar bundan sonra ərazini daha yüksək ayırdetmə qabiliyyətinə malik LRO kamerasının köməyi ilə araşdırıb və kraterin ölçüsünü və formasını dəqiq müəyyən edə biliblər.
Daha bir qeyri-adi xüsusiyyəti kosmik aparatın “Diviner” temperatur sensoru aşkarlayıb. Kraterin ətrafında təxminən 6,4 kilometr enində olan ərazi gecə saatlarında Ayın səthindən 9 dərəcə selsi daha soyuq olub. Bunun səbəbi Ayın səthini örtən tozlu və daşlı təbəqə - reqolitin yumşalması olub. Zərbə bu materialı silkələyərək, onun sıxlığının azalmasına səbəb olub. Buna görə reqolit istiliyi daha pis saxlayır və Günəş batdıqdan sonra daha sürətlə soyuyur.