BAKI, 22 noyabr. TELEQRAF

Türkiyənin Bursa şəhərinin İnegöl rayonunda avtomobil idarəetmədən çıxaraq dərə yatağına düşüb. Sürücü alkoqol yoxlamasından imtina etdiyi və əvvəllər də sərxoş halda avtomobil idarə etdiyi üçün ağır cərimə olunub.

Teleqraf TRT Haber-ə istinadən xəbər verir ki, hadisə Akhisar məhəlləsində baş verib. Sürücünün idarə etdiyi avtomobil yoldan çıxaraq dərə yatağına düşüb, kolluğa çırpıldıqdan sonra dayanıb.

Hadisə yerinə gələn yol polisi sürücünü alkoqol yoxlamasından keçirməyə çalışsa da, o, test verməkdən imtina edib. Araşdırma zamanı sürücülük vəsiqəsinin əvvəllər iki dəfə sərxoş halda avtomobil idarə etdiyi üçün əlindən alındığı məlum olub.

Sürücüyə alkoqol yoxlamasından imtina etdiyinə görə 150 min, sürücülük hüququ olmadan avtomobil idarə etdiyinə görə isə 200 min türk lirəsi olmaqla, ümumilikdə 350 min lirə cərimə tətbiq edilib. Onun sürücülük hüququ 5 il müddətinə məhdudlaşdırılıb.