BAKI, 19 avqust. TELEQRAF

Elm adamları Süd Yolunun mərkəzi yaxınlığındakı ulduz qruplarını araşdırarkən təxminən 11,8 milyard il əvvəl qalaktikamızın özündən xeyli kiçik qalaktikanı udduğuna dair sübutlar tapıblar.

Teleqraf xəbər verir ki, bu barədə “Independent” məlumat yayıb.

Alimlərin hesablamalarına görə, birləşmə zamanı udulmuş qalaktikada ulduzların ümumi kütləsi Günəşin kütləsindən 500 milyon dəfə çox olub. Bu, həmin dövrdə Süd Yolunun kütləsinin təxminən dörddə birini təşkil edib.

Tədqiqatçılar hər birində yüz minlərlə ulduzun yerləşdiyi ulduz qruplarını öyrənmək üçün “Hubble” və “Gaia” teleskoplarından istifadə ediblər. Onlar qalaktikanın yaxınlığında uzunluğu 20 min işıq ili olan ərazini araşdırıblar.

İşıq ili - işığın bir il ərzində qət etdiyi məsafədir, təxminən 9,5 trilyon kilometrə bərabərdir.

Araşdırılan ulduzlar təxminən 2 milyard il əvvəl, kainatın yaranmasına səbəb olan Böyük Partlayışdan sonra baş vermiş qalaktikaların birləşməsi nəticəsində Süd Yoluna daxil olublar.

Udulmuş cırtdan qalaktikaya “Low-energy Kraken-Herakles” (LKH) adı verilib. Bu ad belə erkən birləşmənin mümkünlüyünü araşdıran əvvəlki üç tədqiqatın şərəfinə seçilib.

“Apardığımız tədqiqat zamanı əsas kəşf qalaktikamızın inkişafının ilk mərhələsində üzləşdiyi ilk birləşmə hadisəsinin birmənalı şəkildə aşkar edilməsidir”, - İtaliyanın Milli Astrofizika İnstitutunun (INAF) astrofiziki Davide Massari bildirib.

Süd Yolu ən azı daha iki böyük qalaktik birləşmədən keçib.

LKH ilə birləşmədən təxminən 1,8 milyard il sonra Süd Yolu Qaya-Enselad adlı cırtdan qalaktikanı udub. Son təxminən 6 milyard il ərzində isə Süd Yolu Oxatan bürcündə yerləşən cırtdan qalaktika ilə birləşib.