​BAKI, 20 aprel. TELEQRAF

ABŞ-nin Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqi İdarəsi (NASA) Beynəlxalq Kosmik Stansiyada (BKS) təhlükəsizlik səviyyəsinin azalmasından narahat olduqlarını ifadə edib.

Teleqraf xəbər verir ki, bu barədə qurumun Aerokosmik Təhlükəsizlik üzrə Məsləhət Qrupunun (ASAP) açıq iclasında bildirilib.

NASA nümayəndələri BKS-də çatlar və hava sızmaları kimi texniki nasazlıqların uzun müddətdir narahatlıq doğurduğunu qeyd ediblər. Agentlik stansiyanın fəaliyyətinin planlı şəkildə sonlandırılması və onun orbitdən təhlükəsiz çıxarılması üçün maliyyələşmənin artırılmasına çağırıb.

Komissiyanın üzvü Riç Uilyams bildirib ki, BKS öz mövcudluğunun ən riskli dövrünə daxil olub.

NASA daha əvvəl 2030-cu ilə qədər BKS-in orbitdən çıxarılmasını planlaşdırırdı. Bu məqsədlə "SpaceX" şirkəti ilə “US Deorbit Vehicle” (USDV) adlı xüsusi aparatın hazırlanması üçün müqavilə imzalanıb.

Lakin "SpaceX"in baş direktoru İlon Mask bu yaxınlarda NASA-ya stansiyanı daha tez orbitdən çıxarmağı tövsiyə edib. Onun fikrincə, BKS artıq öz missiyasını tamamlayıb və ABŞ Mars missiyasına hazırlaşmağa fokuslanmalıdır. Mask "Starship" kosmik gəmisini bu məqsədlə əsas vasitə hesab edir və hazırda onun üzərində sınaqlar aparılır.

Ən ciddi narahatlıq doğuran məqam isə stansiyanın “Zvezda” modulundakı sızmalar və USDV istifadəyə verilməzdən əvvəl BKS-in nəzarətsiz şəkildə orbitdən çıxma ehtimalıdır. Təhlükəsizlik qrupu xəbərdarlıq edib ki, bu hal fəlakətli nəticələrə, o cümlədən kosmik stansiyanın yaşayış ərazilərinə düşməsinə səbəb ola bilər.

"SpaceNews"un məlumatına görə, NASA ötən il BKS-in istismarı və texniki xidməti üçün 993 milyon dollar, ekipaj və yüklərin daşınması üçün isə 1,63 milyard dollar xərcləyib.