BAKI, 15 aprel. TELEQRAF

Baltik dənizinin sularında nadir növ olan donqar balina qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə REN telekanalı məlumat yayıb.

Məlumata görə, Kalininqrad balıqçıları uzunluğu 16 metrə, çəkisi isə 40 tona çatan nəhəng məməlinin bədəninin bir hissəsini görüblər.

Bu, son vaxtlar baş verən ikinci haldır. 2023-cü ilin martında Zelenoqradsk yaxınlığında da donqar balina aşkar edilmişdi.

Alimlərin fikrincə, bu dəniz nəhənglərinin Baltikdə peyda olması təsadüfidir. Balinaların parazitlərdən xilas olmaq üçün Baltik dənizinin az duzlu suyundan istifadə etdiyinə inanılır. Lakin kifayət qədər qida çatışmazlığı balinaların burada uzun müddət qalmasını qeyri-mümkün edir.