BAKI, 13 aprel. TELEQRAF

Britaniyanın özəl şirkətinə məxsus təyyarə Azərbaycan və Ermənistan hava limanları ətrafında texniki uçuşlar həyata keçirib.

Teleqraf "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, martın sonunda "Beech King Air 350i" təyyarəsi Ermənistan hava məkanında İrəvan və Sisian əraziləri üzərində dövrə vurub.

Təyyarə sonra Tbilisiyə, oradan Gəncəyə və Qarabağa uçub. Təyyarə Bornmutda (Böyük Britaniya) yerləşən özəl Flight Precision şirkətinə məxsusdur.

Şirkətin saytında bildirilir ki, onlar aerodata tam inteqrasiya olunmuş uçuş yoxlama sisteminə (AD-AFIS) malik Beechcraft King Air 350i təyyarəsini idarə edirlər. Şirkət bütün dünyada uçuş təhlükəsizliyinin yoxlanılması xidmətlərini təqdim edir. Onların Avropa, Afrika, MDB, Yaxın Şərq və Uzaq Şərqdə həm mülki, həm də hərbi sektorda çalışdıqları da bildirilir.

ER Mülki Aviasiya Komitəsindən bildirilib ki, mart ayı ərzində “Armaeronavigation” QSC-nin sifarişi ilə İngiltərənin “Flight Precision Ltd” şirkəti tərəfindən Beechcraft Corporation B300 təyyarəsində Sisian hava limanında yeni quraşdırılmış VOR/DME radionaviqasiya avadanlığının uçuş sınaqları keçirilib.

Yeri gəlmişkən, “Armenia Aeronavigation” QSC Britaniya şirkətinin saytının müştəriləri sırasındadır.

Məlumata görə, Britaniya təyyarəsi Laçında inşa edilmiş hava limanı ərazisində texniki uçuşlar həyata keçirib.