Builki Kann festivalında diqqətimi çəkən əsas məqam birinci xanım oldu. Ona görə yox ki, festivalın ən maraqlı məqamı idi bu birinci xanım. Yox. Ona görə ki, kino bayramının açılışını edən birinci xanım elə eyni günlərdə Bakıya da gəldi, təşrifinə mən də getdim, getdim gördüm və indi danışacam ki, sizin də xəbəriniz olsun. Amma az sonra.
***
Kinofestivalın bizim üçün əsas olan xəbəri isə təbii birinci xanımla bağlı deyil. Nə məsələdi bəs? Əvvəla, nəhayət, deyə bilərik ki, var millətimin imzası imzalar içində. Yəni milli kino tariximizdə ilk dəfə olaraq bizim ekran əsərimiz - "Sonuncu" qısametrajlı bədii filmini festivalın əsas müsabiqə proqramlarından birinə daxil etdilər. Xub, buna da şükür. Hərçənd "Eurovision" müsabiqəsinə ilk qatıldığımızda necə sevinirdiksə, bu dəfəki ilk qatılmada elə eyforiya yaşamadıq. Halbuki kino da dövlətin, mədəniyyətin təbliğinə yönəlik bir sənət növüdü. Amma ya qısqanclıqdan, ya nədən - deyə bilmərəm, milli media bu xəbərə bir az soyuq yanaşdı. İkinci və daha maraqlı xəbərisə festivalın son günü öyrəndik. Nüfuzlu kino yarışmasında əsas qalibiyyət türk filminə verildi. "Qızıl Palma budağı"na rejissor Nuri Bilgə Ceylanın "Qış yuxusu" filmi layiq görüldü. Əfsanəvi UmaTurmanın təqdim etdiyi mükafatı alan rejissor söylədi ki, "Qızıl Palma Budağı" nı son bir ildə dünyasını dəyişən türk gənclərinin xatirəsinə həsr edir.
***
Kim idi Bakıya gələn o birinci xanım - soruşacaqsınız. Mən deyim - xəbəriniz olsun. Monakonun 10-cu knyaginyası sayılan Qreys Kelli knyaz 3-cü Renyenin xanımı, indiki başçı knyaz 2-ci Alberin anasıdır. Bu xanımın adını dünyanın ən maraqlı şahzadələri sırasına yazdıran isə yalnız bu faktlar deyil. Qreys Kelli adi xanım olmayıb. Ailə qurmazdan öncə Hollivudun ən gözəl aktrisası sayılıb, 10-dan çox filmə çəkilib, hətta "Oskar" qazanıb. Və günün birində Monako şahzadəsinə ərə gedərək ulduz həyatıyla vidalaşıb. Heç də hər gözəl ulduzun edə bilmədiyi bir işə qol qoyub. Bu xanımın Bakıda nə işi?
***
Bakıya gələnsə təbii ki, bu xanım deyil, dünyasını dəyişmiş əfsanəvi kraliçanın kino obrazıdır. Bu, həmin filmdir ki, builki Kann festivalında açılış proqramına məhz onu salmışdılar - "Monako şahzadəsi"ni. Fransız rejissoru Olivye Daan baş rola Nikol Kidmanı çəkib. Film tarixi hadisələri əks etdirsə belə elə həmin kral ailəsinin varisləri ekran əsərindən narazı qalıblar. Bu üzdən də filmin Kanndakı nümayişinə Monako başçılarından gələn olmayıb. "Monako şahzadəsi" əslində tarixi dram yox, adi melodram janrındadır. Yadda qalan ən vacib detalsa gözəllikdir - məkanın və aktrisanın gözəlliyi. Yəni tarixdən xəbər tutmaq yox, məhz qəşəng bir nağıla tamaşa etmək istəsəz bu fransız filminə baxa bilərsiniz. Və əslində film tarix dərsliyi olmalı da deyil. Burada məqsəd Fransa tarixindəki bu maraqlı faktı yaddaşlarda təzələmək və Nikol Kidmanı iri planlarda göstərməklə kadra gözəllik qatmaqdan ibarətdir.
Relaks əvəzinə daha dəqiq məlumat toplamaq istəyənlər isə sözsüz ki, tarix kitablarına müraciət etsələr yaxşıdı. Film sadəcə gözəllik və gözəl xanım haqqındadı.
***
Son festivalda başağrısı tapansa yalnız bu gözəl xanım olmayıb, jüri üzvlərindən birinin - İran aktrisası Leyla Hatəminin də başına iş gəlib. Xanım Hatəmi kinofestivalın prezidenti Jil Yakovla görüşəndə qoca mer xanımın üzündən öpüb. İndi cənub qonşularımızın şəriət keşikçiləri bir hay-küy qaldırıblar gəl görəsən. Demə, yad kişi aktrisanı öpdüyünə görə xanım Hatəmi vətənə dönəndən sonra onu ən azı 50 dəfə şallaqlaya bilərlər. Aktrisa bu hadisəyə görə rəsmi üzr istəsə belə, yazıq qoca kişi Yakov desə belə ki, bu öpüş sadəcə Qərbdə qəbul olunmuş protokol qaydasıdı, hər halda şəriət məhkəməsinin nə qərar verəcəyi hələ bəlli deyil.
***
Bəlli olansa bir məqamdı. "Monako şahzadəsi" Bakıdadır. Gözəlliyə tamaşa etmək üçün baxmağa dəyər.