BAKI, 27 aprel. TELEQRAF
Ötənlərdə Türkiyənin Qars şəhərində çıxmış qəzetləri tədqiq edərkən maraqlı mənzərə ilə qarşılaşdım. Məlum oldu ki, bu bölgənin ictimai-siyasi həyatında olduğu kimi mətbuat tarixində də İrəvan bölgəsindən köç edən şəxslər önəmli rol oynayıblar. Xüsusən də, Türkiyədə inqilabların davam etdiyi bir zamanda Xalq Evlərində, Cümhuriyyət Xalq Firqəsindəki təmsilçiliklərdə Qərbi Azərbaycandan gələn mühacirlər əsas yeri tutublar.
O zamanlar Qarsın qəsəbəsi olan İğdır şəhərindəki ilk mətbuatı da iki mühacir azərbaycanlı çap edib. Gümrülü Cengiz Ekincinin “Iğdır” qəzeti, gəncəli şair Ramiz Özlərin “Aras” dərgisi bu şəhərdəki ilk mətbu orqanlardır. Cengiz Ekinci bu fəaliyyətini sonralar daha da genişləndirib, “Ayhavar” adlı satirik qəzet, “Ekinci” və “Serhad” adlı ictimai-siyasi qəzet nəşr edib. Yenə irəvanlı Axund Malik İşıqlının oğlu Əlirza İşıqlı Qarsda çıxan “Birlik” adlı qəzetin sahibi olub.
Qars bölgəsində önəmli yer tutan əsas qəzet isə “Kars” qəzeti idi. Bu qəzet əvvəlcə valilik tərəfindən nəşr olunsa da, daha sonra onu irəvanlı Fuad Əlibəyzadə (Araslı) çıxarıb.
***
Türkiyədə jurnalist kimi fəaliyyət göstərmiş Fuad Araslı 1903-cü ildə İrəvanda doğulub. İlk təhsilini də orada alıb. Atası Məhəmməd Əlibəyzadə Qars Milli Şurasında təmsil olunub, bölgənin sayılıb-seçilən şəxsiyyətlərindəndi. Bu şura və qurduğu hökumət bölgənin türk-müsəlman əhalisini təmsil etdiyi üçün olduqca əhəmiyyətli idi. Lakin gürcülər, ermənilər və böyük güc olan ingilislərlə mücadilədə çətinlik çəkən hökumət 13 aprel 1919-cu ildə ingilislərin fitnəsi ilə ləğv edilib, hökumət üzvləri həbs edilərək Malta adasına sürgün olunublar. Qars vağzalına aparılan Məhəmməd bəy əvvəlcə Tiflisə, sonra Batuma göndərilib. Ardınca İstanbulda digər Malta sürgünlərinin qaldığı Bekirağa bölüyünə gətirilib. 28 may 1919-cu ildə isə “Princess Ena” adlı gəmiylə Maltaya aparılıb. Məhəmməd bəy iki il yarım Polverista əsir kapmında yaşayıb.
Maltaya sürgün edilməsindən sonra Məhəmməd bəyin ailəsi erməni zülmündən qaçaraq Karaköseyə sığınıb. Bir il sonra Kazım Qarabəkir paşanın himayəsinə alınan Məhəmməd bəyin övladları Ərzurumdakı əsgəri məktəbə göndərilib. Məhəmməd bəy sürgündən qayıtdıqdan sonra ailəsini yenidən başına toplayıb.
Fuad bəy 1925-ci ildə Leyla adlı xanımla ailə həyatı qurub, bu evlilikdən 9 övladı dünyaya gəlib.
Gənc yaşlarından etibarən ictimai-siyasi həyata atılan Fuad Araslı Müdafieyi-Hüquq Cəmiyyətində, Türk Ocağında müxtəlif vəzifələrdə çalışıb. Qars Vilayəti İdarə Heyətində, Qars Xalq Evində, həmçinin “Kars” qəzetində yazı işləri müdiri, baş yazar olaraq fəaliyyət göstərib. Qarsda “Turan” adlı fotoatelyeyə sahib olub, 1938-ci ildə Ankarada keçirilən CXP-nin qurultayına qatılıb.
1940-cı ildə Araslı hərbi xidmətə yollanıb, lakin qısa zaman sonra bir çox irəvanlı kimi o da “kommunist casusu” iftirasına məruz qalıb.
Fuad Araslı “Doğu”, “Son Posta”, “Cumhuriyet”, “Yeni Sabah” kimi qəzetlərin bölgə müxbiri olub. Amma onun jurnalist kimi tanınmasındakı ən önəmli xidməti “Kars” qəzeti ilə bağlıdır. O, 1930-1944-cü illərdə bu qəzetdə baş yazar, məsul müdir kimi vəzifələrdə çalışıb, 1950-1958-ci illərdə isə qəzetin sahibi və məsul müdiri olub.
Fuad bəy 1944-cü ildə İstanbula köçüb, burada iki dostu ilə birlikdə ticarətlə məşğul olub. 1950-ci ildə Qarsa qayıdıb, satışa çıxarılan “Kars” qəzetini satın alaraq başına keçib. Bu illərdə dövrün politik ziddiyyətləri içərisində yer alıb. 1958-ci ildə Ankaraya köçüb, mətbəəsini də özü ilə birgə daşıyıb. Lakin Ankarada işləri yolunda getməyib, iflas edib. 1965-ci ildə Qarsı ziyarət edib, səfər təəssüratlarını yazıb.
Fuad Araslı 18 noyabr 1980-ci ildə vəfat edib, Ankarada Karşıyaka məzarlığında dəfn olunub.