BAKI, 7 oktyabr. TELEQRAF
Bu ilin mövzusu bizdən etibarı möhkəmləndirməyi və effektiv mexanizmlərlə həll yolları işləyib hazırlamağı tələb edir.
Teleqraf xəbər verir ki, Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev “Bakı Dialoqu” çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda IV beynəlxalq konfransda çıxışında deyib.
Onun sözlərinə görə, bu, birgə bəyan edilən prinsiplərdən fərdi halların həllinə kömək edən tədbirlərə keçid deməkdir:
"İki Qarabağ müharibəsindən sonra 4000-dən çox Azərbaycan vətəndaşı itkin düşüb. Minlərlə ailə üçün qeyri-müəyyənliklər onilliklər boyu davam edib. Azərbaycan ərazilərinin azad edilməsindən sonra biz artıq insan qalıqlarının olduğu bir sıra dəfn yerlərini aşkar etmişik. Qalıqlar müayinə olunub, şəxslər eyniləşdirilib və onlara ləyaqətli dəfn mərasimi təşkil edilib. Bu nəticələr aailələr üçün böyük əhəmiyyət kəsb edir. Lakin böyük əksəriyyətin taleyi hələ də məlum deyil.
Minalar və müharibənin partlayıcı qalıqları təhlükə törətməkdə davam edir. Beynəlxalq humanitar hüquq səylərimiz üçün əsas yaradır. Silahlı münaqişə tərəfləri itkin düşdüyü bildirilən şəxslərin uçotunu aparmaq, müvafiq məlumatları qeyd etmək və bölüşmək, ölənləri axtarmaq və insan qalıqlarına ehtiramla yanaşmaq üçün mümkün tədbirlər görməlidir".
Nazir müavininin sözlərinə görə, bir daha Ermənistanı sərəncamında olan və minlərlə itkin düşmüş azərbaycanlının taleyinə və harada olmasına aydınlıq gətirə biləcək bütün məlumatları, o cümlədən dəfn yerləri haqqında məlumatları bölüşməyə çağırırıq:
"İtkin Düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiya ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikasının Dövlət Komissiyası İnteqrasiya olunmuş Məlumatların İdarə Edilməsi Sisteminin və onun tamamlayıcı onlayn sorğu mərkəzinin ilkin tətbiqi üzərində işləyir. Sistem mövcud qeydləri bir araya gətirmək, səlahiyyətli qurumları məlumatların idarə edilməsi və müqayisəsində dəstəkləmək, itkin düşmüş şəxslər və dəfn yerləri haqqında məlumatlar üçün məxfi kanal təklif etmək üçün nəzərdə tutulub. Tətbiq irəlilədikcə, bu sistemin dəyəri daxil edilən məlumatların keyfiyyətindən və bütün aidiyyəti tərəflərin bildiklərini bölüşməyə hazır olmasından asılı olacaq.
Azərbaycan öz itkin düşmüş vətəndaşlarının hallarından kənarda da humanitar fəaliyyətə sadiqliyini nümayiş etdirib. 2020-ci ilin noyabr ayından bəri təhlükəsizlik problemlərinə və mina risklərinə baxmayaraq axtarışlar aparıb. Nəticədə 2000-dən çox erməni hərbi qulluqçusunun qalıqları Ermənistan tərəfinə təhvil verilib. Bu, bizim məsuliyyətli humanitar yanaşmaya və münaqişədə həlak olanların hamısına ləyaqətli rəftara sadiqliyimizi sübut edir.
Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin bərqərar olması haqqında Sazişin 9-cu maddəsi xüsusi olaraq münaqişə zamanı itkin düşmüş və ya məcburi itkin düşmüş şəxslərə həsr edilib".