BAKI, 7 oktyabr. TELEQRAF
Bosniya və Herseqovinada müharibədən 31 il keçməsinə baxmayaraq, hələ də 5-6 minə yaxın itkin şəxsin taleyi məlum deyil.
Teleqraf xəbər verir ki, bu sözləri Bosniya və Herseqovinanın keçmiş Prezidenti Mladen İvaniç Bakıda keçirilən "Bakı Dialoqu" çərçivəsində "İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi" mövzusunda IV Beynəlxalq Konfransda çıxışı zamanı deyib.
O bildirib ki, etimad itkin şəxslər məsələsinin həllində əsas amillərdən biridir:
"Etimad əsas məsələdir — ailələr arasında etimad, bu sahə ilə məşğul olan qurumlara etimad, eləcə də siyasi mühitə etimad. Xüsusilə münaqişədən sonrakı cəmiyyətlərdə bu mühiti təmin etmək olduqca çətindir. Çünki münaqişənin tərəfləri özlərini qurban kimi göstərməyə və qarşı tərəfi günahlandırmağa meylli olurlar. Bu isə dərhal ümumi siyasi atmosferə mənfi təsir göstərir".
M.İvaniç problemin həlli üçün beynəlxalq təşkilatların üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb: "Bu vəziyyəti dəyişməyə kömək edə biləcək əsas tərəflər beynəlxalq qurumlardır — Beynəlxalq Qızıl Xaç Komitəsi və keçmiş Yuqoslaviyada fəaliyyət göstərən İtkin Şəxslər üzrə Beynəlxalq Komissiya. Onlar bütün tərəflərə tamamilə bərabər və qərəzsiz yanaşma nümayiş etdirməlidirlər".