İkinci Dünya müharibəsinə 600 minə yaxın azərbaycanlı yola salınmışdı. Bolşevizmlə faşizm arasında qalan bu insanların böyük qismi həlak oldu, bir qismi isə əsir düşdü.

Əsirlərin də böyük bir hissəsi aclıqdan, xəstəlikdən həyatlarını itirdi, az bir hissəsi isə vətənə həsrət qalıb dünyanın müxtəlif ölkələrinə səpələndilər. İyirmi ildir ki, bolşevik təbliğatı ilə silahlanmış azərbaycanlıların bəziləri Almaniyada başqa bir dünya ilə qarşılaşdılar. Həmin dünyada başqa Azərbaycan da vardı. Bayraqları ayrı, liderləri ayrı, söylədikləri ayrı. Həmin vətən ayrısı olan bu insanlar da başqa dünyanı gördülər. Qarşılarındakı gənclik ayrı, bildikləri ayrı, fikirləri ayrı. İyirmi il sonra iki dünya üz-üzə gəlmişdi. Azərbaycan Cümhuriyyətini quranlar və görənlər, bu cümhuriyyəti yıxanların yetişdirdikləri. Bu vəziyyətə ən çox heyrətlənən isə Rəsulzadənin özü idi.

Məhəmmədəmin bəy onlarla Avropadakı qaçqın düşərgələrində qarşılaşmışdı. Bu qarşılaşmanı ən doğru, ən dəqiq ifadə edən məşhur alman tədqiqatçı Mühlen olmuşdu. O, legionlarla, milli komitələrlə bağlı yazdığı qiymətli elmi işində Rəsulzadənin bu təmaslar zamanı iki fərqli dünyagörüşü ilə qarşılaşdığını yazmışdı. Belə ki, müharibə əsirləri Rəsulzadəyə etimad etməyib, onu Azərbaycanda keçmiş xanların və ya böyük mülkədarların hakimiyyətini yenidən bərpa etməkdə suçlamışlar. Görünür, 1920-ci illərdə Stalinin göstərişi ilə başlayan Rəsulzadəni və Müsavat hökumətini qaralama kampaniyası müəyyən qədər uğur qazanmışdı. Çünki hərb əsirlərinin bu yanaşması eynilə o illərdə başladılan tezislərin əks-sədası idi ki, alman hücumundan sonra birbaşa müxətabına söyləmək imkanı tapılmışdı. O müxətab isə nə xan idi, nə mülkədar. Müsəlman şərqində demokratik parlamentin açılışını etmiş böyük şəxsiyyətdi.

Şübhəsiz ki, bu qarşılaşma Rəsulzadənin özü üçün də heyrətverici olmuşdu. Mühlen yazır ki, bu qarşılaşmada Rəsulzadənin nəzərində də bir yadlaşma hissi yaranmışdı, ruslaşmış, proletarlaşmış, milli adət-ənənələrdən uzaqlaşmış bir nəsil olaraq yetişən soydaşları ilə arasında bir məsafə olduğunu açıq şəkildə başa düşmüşdü.

Mühlen bu müşahidəsində bir qədər haqlı idi. Amma məsələ tam da onun düşündüyü kimi deyildi. O, elmi işini yazarkən bir sıra türk xalqlarının mühacir təmsilçiləri ilə görüşmüşdü. Ola bilsin ki, Rəsulzadənin yazdığı əsərlərlə də tanışdı. Çünki bu məsələni Rəsulzadə müharibənin başa çatmasından bir neçə il sonra Ankarada oxuduğu bir mühazirəsində dilə gətirmiş, Sovet Azərbaycanında yetişən gəncliklə görüşməsini bu şəkildə xülasə etmişdi: “Yeni nəsil öz dilində, deyə bilərik ki, tamamilə oxuyub-yaza bilir. Hamısı ibtidai məktəbləri bitirmişlər. Əsirlər arasında orta təhsil görənlər də az deyil. Müxtəlif ixtisaslı ali təhsillilərə də rast gəlinir. Müəllimlərlə həkimlər daha çoxdular. Mənim — Azərbaycanda məmləkətin idari və iqtisadi ehtiyaclarını ödəyəcək qədər bir neçə yüz ali təhsil görmüş gəncləriniz vardırmı? — sualıma müsahiblərim əsəbi halda: — Siz nə deyirsiniz, yüzlərdən deyil, minlərdən danışın... Biz öz-özümüzü idarə edəcək bir vəziyyətdəyik! — deyə cavab verdilər. Ana dili ilə bərabər, əsirlər ruscanı da bilirlər, lakin çox zəif. Məsələn, ruscanı kifayət dərəcədə bilməyən rus dili müəlliminə rast gəldim. Bizə anlatdılar ki, ruscaya qarşı Qafqazyada xüsusi bir müxalifət vardır”.

Rəsulzadəni ən çox heyrətləndirən din məsələsi idi. Görünür, bolşeviklərin dini ritualları qadağan etmələri, Allahsızlar Cəmiyyətinin fəaliyyətləri qısa zamanda öz təsirini göstərmişdi:

“Azərbaycandakı yeni nəsil, deyə biləriik ki, dinə qarşı laqeyddir. Dini mərasim və ibadətlərdən ən bəsit şeyləri belə bilmirlər. Məmləkətdə məscidlər bağlanmışdır. Nə Ramazan, nə də Qurban bayramı sovet gənclərinə məlum deyildir. Azərbaycanda əskidən çox böyük əhəmiyyətə malik olan bahar xalq bayramı — Novruz da dəbdən düşmüşdür. Azərbaycan bütün sovetlər Birliyi ilə bərabər yalnız Oktyabr inqilabının siyasi bayramlarını və bir də Azərbaycanın sovetləşdirildiyi günü qeyd edir. Yeni nəsil heç bir dua və namaz bilməz. (Çox qüvvətli ailə ənənələrinin təsiri ilə adətləri yaxşı bilənlərə də təsadüf olunur). Krım cəbhəsində əsir düşən azərbaycanlı kiçik yaşlı qızlar, bacılar namaz qılan nənələrini necə ələ saldıqlarından danışırdılar. Əsirlərdən bəziləri alman ordusuna legioner yazılmışdılar: bunlardan bir neçəsi faciəli bir hadisədən bəhs edirdilər. Bölük komandiri bir alman azərbaycanlılardan cəbhədə ölən arkadaşlarını İslam adəti ilə basdırılmasını tələb edirmiş. Onlar nə edəcəklərini bilməmiş, lakin alman əl çəkməmişdir. İsrar edən komandirin əlindən qurtulmaq üçün azərbaycanlı gənclər, nəhayət bir çarə tapmışlar. Yeddi dəfə — “Ya Məhəmməd, ya Məhəmməd” — deyə bağıraraq arkadaşlarını torpağa tapşırmışlar. Bir başqa dəfə eyni növ məcburiyyətə düşərkən isə ölən arkadaşlarını “Arşın mal alan” operasından nəğmələr oxuyaraq basdırmışlar”.

Amma Rəsulzadə bu gənclərin milli ədəbiyyata, musiqiyə bağlılıqlarından böyük sevgiylə bəhs edib: “Bu nəslin nümayəndələri “böyük şair və alim Nizami”, “şeir günəşi” Füzuli, “ölməz düha” M. F. Axundzadə, “Peyğəmbər”in müəllifi H. Cavid haqqında yüksək bir üslub və dərin bir sevgiylə danışır və yazırlar. Sabirin (məşhur Azərbaycan satiriki) şeirlərini əzbər oxuyurlar: Cəfər Cabbarlının (dramaturq) pyeslərini son dərəcə yüksək qiymətləndirirlər: bu pyeslərin sovet senzurası tərəfindən kəsilib dəyişdirilməsindən də xəbərsiz deyillər. Öz bəstəkarları ilə fəxr edirlər. “Leyli və Məcnun”dan, “Şahsənəm”dən, “Xurşidbanu”dan, “Koroğlu”dan, “Arşın mal alan”dan və başqa əsərlərdən bəzi yerləri oxuyurlar. Özləri də müəyyən dərəcəyə qədər şairdirlər. “Azərbaycan” qəzetinin “Ədəbiyyat səhifəsi” əsirlər tərəfindən yazılan mənzum parçalarla dolu idi: bu parçalar arasında həqiqi şeir parçaları da az deyildi. Əsirlər arasında artist, musiqiçi olanlar da vardı, buna Azərbaycanın istiqlal gününün 25 illik yubileyi münasibəti ilə təşkil edilmiş axşamda iştirak edənlərin bir ağızdan ifadə etdikləri müsbət təəssüratlar şəhadət etməkdə idi”.

Maraqlıdır ki, Rəsulzadənin söhbətləşdiyi bir azərbaycanlı əsir mədəniyyətdəki bu uğurları xalqın özünə bağlamış, Rəsulzadənin “bəs nə üçün bu Sovet uğurlarına qarşı əks cəbhədə vuruşursan” sualına cavab olaraq demişdi: “Mən əsl sovet uğurlarına qarşı döyüşürəm: bu, kolxozdur; bu insanları fironlar dövrünə bənzər işlətməkdir; bu QPU və NKVD rejimidir; bu, qardaşın qardaşa inanmamasıdır. Bolşeviklərin uğurları bunlardır. Mədəniyyətə gəlincə, bu sahədəki uğurlar bizim öz milli uğurlarımızdır. Sovet senzurasının həddindən artıq müdaxiləsi olmasaydı, bu uğurlar daha böyük olardı və mədəniyyətimiz daha çox açar, daha çox çiçəklənərdi”.

SSRİ-dən qaçan bir azərbaycanlı balıqçı isə öz mülahizələri ilə Rəsulzadəni daha çox təəccübləndirmişdi. Həmin şəxs Azərbaycanda ruslara qarşı olan iki qrupdan bəhs etmişdi: “Sovet rejimindən iki növ narazılar var, —dedi. Bir qismi sovetlərdən şəxsi motivlərə görə narazıdırlar. Bunlar var-dövləti əlindən alınan varlılar, mülkədarlar, fabrik və böyük torpaq sahibləridirlər. Bu, əhəmiyyətli müxalifət deyil. Əhəmiyyətli olan ikinci növ müxalifətdir. Bu, gənclərin müxalifətidir. Bunlar deyirlər: Yaxşı, bolşevik olaq, lakin nəyə görə Azərbaycanı azərbaycanlı kommunistlər deyil, Moskvadan gələn ruslar və başqa yabançılar idarə edirlər. Nə üçün Azərbaycan nefti Azərbaycana sərf edilmir, Moskvaya göndərilir, biz öz yurdumuzun sahibi deyilik. Nə üçün milyonluq Finlandiya müstəqil ola bilər, Azərbaycan ola bilməz?!”.

Göründüyü kimi Rəsulzadə çox fərqli bir nəsillə üz-üzə idi. Bir tərəfdən onlar təbliğata məruz qaldıqları üçün Müsavat hökumətindən narazı idilər, dindən uzaqlaşmışdılar, digər tərəfdən təhsilə, mədəniyyətə yüksək qiymət verən insanlardılar. Həmçinin aralarında Azərbaycanın müstəmləkə altında olduğunu başa düşənlər də vardı. Amma bütün hallarda Rəsulzadə və digərləri “köhnə nəsil” adlandırılan mühacirlər onlar üçün keçmiş idilər. Təsadüfi deyil ki, həmin illərdə Əbdürrəhman Fətəlibəylinin ön plana çıxması da bununla bağlı idi.

Rəsulzadə üçün isə məsələ aydın idi. Onun tək bir mübarizəsi vardı: müstəqil Azərbaycan və azadlığına qovuşmalı olan azərbaycanlılar. Bu görüşmələr bütün hallarda onun gələcəyə bədbin baxmasına səbəb olmayıb. Əksinə sonrakı illərdə o fürsətini taparaq üç dəfə radio vasitəsilə azərbaycanlılara müraciət ünvanlayıb...