BAKI, 20 yanvar. TELEQRAF
Türkiyə mətbuatında araşdırma apararkən mütəmadi olaraq İbrahim Xoyi imzasına rast gəlirdim. Daha çox ədəbiyyat, teatr mövzusunda yazılan məqalələrin müəllifinin soyadı diqqətimi çəkirdi. Cənubi Azərbaycanın Xoy şəhərindən olan bu şəxsin həyat hekayəsini çox öyrənmək istəsəm də, təəssüf ki, bir neçə ümumi məlumatdan başqa heç nə tapa bilmirdim.
Digər tərəfdən saysız-hesabsız yazılarının, tərcümələrinin qəzet vərəqlərində itib-batdığını görmək təəssüfləndirici hal idi. Nəhayət, 2024-cü ildə İbrahim Xoyinin Türkiyənin qadın yazıçılarından aldığı müsahibələri ehtiva edən bir kitab işıq üzü gördü. Önder Kayanın hazırladığı kiçik həcmli bu kitabda İbrahim bəy haqqında da maraqlı bioqrafik məlumatlar vardı.
Məlum olur ki, İbrahim Xoyinin atası Məhəmmədhüseyn bəy də XIX əsrin sonlarından etibarən Qacar xanədanlığından Osmanlı imperatorluğuna gəlib ticarətlə məşğul olan həmyerlilərimizdən biridir. Məhəmmədhüseyn Xoyi İstanbulun Acıbadem səmtində bir neçə ev alıb, bir ayağı öz yurdunda, bir ayağı isə Osmanlı paytaxtındakı ticarətxanalarında olub.
Beyrutlu ərəb bir tacirin qızı Kövkəb xanımla evlənən Xoyinin bu izdivacdan 1908-ci ildə İbrahim dünyaya gəlib. İbrahim Xoyi Qacar dövlətindən gələn şəxslərin kompakt yaşadığı Beyazıtın Mercan səmtinin Uzunçarşı ərazisində doğulub. Anası Kövkəb xanım 1926-cı ildə vəfat edib.
İbrahim Xoyi ibtidai məktəbə İstanbulun Kadıköy bölgəsində gedib. Orta məktəbi əvvəlcə bir alman məktəbində, sonra Saint Josef məktəbində, ardınca isə məşhur Robert kollecində oxuyub. 1926-cı ildə hazırlanan “Robert Kolleci türk tələbə həyatı” adlı kitabın hazırlanmasında əsas rolu oynayıb. 1928-ci ildə bu kollecdən məzun olan İbrahim Xoyi fars, ingilis, alman və fransız dillərini bilib.
Məzun olduqdan sonra Harvard Universitetinə müraciət edən İbrahim bəy qəbul olsa da, atası Amerikaya getməsinə icazə verməyib. Məhəmmədhüseyn bəy oğlunu hüquqşünas kimi görmək istəyib, lakin İbrahim jurnalistikaya böyük marağı olduğu üçün İstanbul Universitetindəki hüquq təhsilini yarıda buraxaraq İngiltərəyə yollanıb, orada qəzetçilikdən staj keçib.
İnadını davam etdirən atası onu öz yerinə keçirmək üçün İstanbulun məşhur Kapalıçarşı bazarında şərikiylə açdığı bir xalı dükanını işlətməsi üçün ona həvalə edib. İbrahim bəy 18 il könülsüz şəkildə bu sahədə çalışıb, lakin nəticədə atası istədiyi nəticənin hasil olmayacağını görüb İstanbuldakı ticarətini satıb.

Ticarətdən qurtulan İbrahim Xoyi sevdiyi sahədə fəaliyyətini davam etdirib. O, tərcümanlıq və qəzetçiliklə məşğul olaraq yüzlərlə yazıya imza atıb. 1925-ci ildən etibarən “Vakit” qəzetində hekayələr yazan, əsərlər tərcümə edən İbrahim bəy “Güneş”, “Papağan”, “Varlık”, “Gündüz”, “Yeni Türk” məcmuələri, “Yeni Sabah”, “Son Posta”, “Son Saat” kimi qəzetlərlə əməkdaşlıq edib.
1941-1945-ci illərdə “Perde ve Sahne” adlı dərgidə teatr və sənət üzərinə məqalələr yazıb. Xüsusilə ingilis və irland teatrına hakim olan Xoyi Şekspirin pyesləri haqqında, eləcə də digər Avropa dramaturqlarının əsərləri barədə düşüncələrini yazıya köçürüb.
1934-cü ildə bir çox Şərq mütəfəkkiri kimi İbrahim Xoyi də Firdovsinin doğumunun mininci ildönümü ilə bağlı “Varlıq” dərgisində bir məqalə dərc etdirib.
Xoyi 11 fevral 1932-ci ildə Türkiyədəki mason lojasına üzv olub, lojanın “Türk Mason dergisi” və “Mimar Sinan” jurnallarında bu mövzularda yazılar qələmə alıb. Vəfat etdiyi zaman Fazilet adlı lojanın üzvü idi. Tennisi, dağ yürüyüşlərini sevən Xoyi Türkiyədəki bir sıra önəmli klubların da üzvü olub.
Tərcüman kimi daha çox tanınan Xoyi 1938-ci ildə Taqor sağ ikən onun əsərlərini türkcəyə çevirməyə başlayıb. Məşhur hind yazıçısının 1913-cü ildə yazdığı “Böyüyən ay” əsəri onun ən məşhur tərcümələrindəndir. Nobel mükafatçısı Perl Bakın “Sarı əsirlər” romanını türk dilinə çevirib.
İbrahim Xoyi türk şairlərdən Orhan Veli və Yehya Kamalı daha çox sevib, yazıçılardan isə Sait Faik, Refik Halid Karay, Halikarnas Balıkçısını bəyənib. Qadın yazarlardan isə Halide Edibə vurğun olub.
Ferdin Xoyi adlı bir övladı olan İbrahim bəy 12 fevral 1984-cü ildə vəfat edib.
Azərbaycan mədəniyyətinə aidiyyət duyğusu olmasa da, Cənubi Azərbaycandan olması etibarilə İbrahim Xoyinin irsinin araşdırılması gərəklidir.