BAKI, 13 yanvar. TELEQRAF
İrandakı etirazların fonunda bölgəni idarə edən sülalələrin tarixi də gündəm oldu. Xüsusən də, devrilmiş İran şahının mühacirətdəki oğlunun fəaliyyəti, onu dəstəkləyən qüvvələrin olması məsələni daha da aktual hala gətirdi. Digər tərəfdən İranın son yüz illik tarixində iki sistem olduğuna görə etirazçıların alternativ lider problemi də var, həmçinin etnik zənginliyin potensial qarşıdurmaları da özü ilə gətirəcəyi ehtimalı var.
Etirazların nəticəsinin necə olacağını yaşayıb görəcəyik. Bizi maraqlandıran Pəhləvilərin Qacarları əvəzləməsi, İranın niyə Atatürk inqilablarını örnək götürüb o istiqamətdə gedə bilməməsidir. Bu sualın cavabını isə həm Qacarı, həm Pəhləvini, həm Osmanlını, həm də cümhuriyyət Türkiyəsini dərindən bilən Məhəmmədəmin Rəsulzadənin düşüncələri əsasında çözməyə çalışacağıq.
M. Rəsulzadə 30 noyabr 1925-ci ildə İstanbulda “Halk” qəzetində qələmə aldığı “İrandakı təbəddülat və İran türkləri” adlı məqaləsində Rza xanın seçdiyi yolu açıq şəkildə görmüşdü: “... İrandakı inqilabın yalnız bir sülalə dəyişikliyindən ibarət olacağını təxmin edə bilərik”.
Rəsulzadə şəhərli türklərin devrilmiş Qacarları dəstəkləməməsinin səbəblərini axtarıb, Qacarların soykökü və nüfuzu haqqında maraqlı bilgilər verib: “Qacar sülaləsi bu namdakı türkmən əşirətindən bir qəbiləyə mənsubdur. Sülalənin aid olduğu Qacar qəbiləsi Astarabad tərəflərində sakindir. Köçəbə halında yaşayırlar. İndi devrilmiş Qacar saraylarında türkmən qəbilə ənənələri qismən mühafizə edilmişdi. Sarayda türkcə bilməyən yoxdu”.
O, köçəbə türklərdən fərqli olaraq şəhərli türklərin Rza xanı dəstəkləməsini, “Çingiz və moğol nəslinin” Kəyan taxtından endirilməsi sədasının ən çox Təbrizdən gəlməsini irqi əsaslarla deyil, ictimai həqiqətlərlə izah edib. Rəsulzadənin fikrincə, şəhərli burjua hərəkatlarının özünəməxsus idealları var və Azərbaycan şəhərlərindəki elit kütlə həm hissi, həm də mədəni cəhətdən iranlılaşıblar. Onlar feodal bir sistemin idarəçiliyini deyil, fars irqindən də olsa, öz zümrəsi bildiyi sistemin müdafiəsini istəməkdədirlər. Ona görə də Azərbaycan şəhərlərindəki həmin burjuaziya türkmən sülaləsini deyil, “qəhrəman” hesab etdikləri Rza xanı dəstəkləyiblər.
19 dekabr 1925-ci il tarixli “Halk” qəzetində Rəsulzadə bu fikirlərini genişləndirərək “Nədən Türkiyə cümhuriyyət oldu, İran olmadı?” başlıqlı məqalə yazıb. O, Türkiyədə xanədanlığın cümhuriyyətlə əvəz olunmasının tarixi mərhələlərini izah etdikdən sonra eyni halın İranda baş verməməsinin səbəblərini anlamağa çalışıb: “Rza xanın İran mühitində cümhur rəisi deyil, ancaq şah ola bilməsi təkcə Rza xanın ehtirası ilə izah edilə bilməz. İranın bulunduğu tarixi vəziyyət, İran cəmiyyətinin ictimai bünyəsi Türkiyə bünyəsindən başqadır. Türkiyədə feodalizm sistemi yox idi. Bu sistem ancaq Şərqi Anadoluda vardı. Necə ki, cümhuriyyət yeganə müxalifəti bu tərəfdə gördü”.
Rəsulzadəyə görə Türkiyədə milli mücadiləni aparan, inqilabi həyata keçirən ordu zabitlərinin özləri də elan edilən prinsiplərə bağlı şəxslər idilər. İnqilabdan əvvəlki dövrlərdə cümhuriyyət ideallarına sadiq qüvvətli tərəfdarlar yetişmişdi.
Amma İranda vəziyyət Türkiyədən fərqli idi: “Orada Rza xanın müxtəlif zamanlarda baş verən müvəffəqiyyətlərinə rəğmən yenə qüvvətli bir feodal təşkilat vardır. Bu feodal təşkilat yalnız torpaq feodallarından ibarət deyil, mənəvi vəlayətə malik dini feodallar, axundlar, müctəhidlər də çox böyük rol oynamaqdadırlar. İran məşrutiyyətçiləri bu siniflə hesablaşmaq zərurətində qaldıqları kimi Rza xançılar və cümhuriyyətçilər də onlarla hesablaşmaq zərurətindədirlər”.
Rəsulzadəyə görə Türkiyədə səltənətin tərəfini saxlayan ictimai nüfuzu olan feodal sinif olmadığı üçün cümhuriyyət elan edilə bildi. Eləcə də xilafəti dəstəkləyən qüvvətli bir klerikal zümrə və təşkilat olmadığı üçün də dünyəviləşmə baş verdi. İranda isə tarixi inkişaf nəticəsində inqilab sadəcə bir sülalə dəyişikliyinə gətirdi.
Rəsulzadə 14 mart 1926-cı ildə “Halk” qəzetində qələmə aldığı “İran inqilabından sonra” adlı yazısında yenə eyni məsələyə toxunub, Qacarların əşirət bəylərinə, Rza xanın isə şəhər tacirlərinə arxalandığını göstərib, təbrizli tacirlərin də bu məsələdə xüsusi rol oynadığını ifadə edib.
Rəsulzadənin bu yazdıqlarından nəyi anlamalıyıq? Zaman keçsə də, İrandakı şəhər elitləri və din xadimlərinin nüfuzu hansı dərəcədədir?
Etirazlara qədər İranda iki sinfin hakimiyyəti mövcuddu. Rəsulzadə hələ 1925-ci ildə din xadimlərinin nüfuzuna diqqət çəkmişdi. 1979-cu il inqilabı təsadüf nəticəsində olmamışdı. Necə ki indi də şahçıların aktiv şəkildə ortalıqda olması səbəbsiz deyil. İrandakı yüz ildir dəyişilməyən sistem demokratik bir respublikanın mövcud olacağına şübhə yaradır. Vəliəhdin ən yaxşı halda qalstuklu monarx olacağı şübhəsizdir.
Ona görə də Güney Azərbaycanda yaşayan türklər əvvəlki səhvlərindən nəticə çıxararaq nə şaha, nə də mollaların qalmasına izn verməlidirlər. Onlar fürsət yaranarsa ya ayrılmalı, ya da ki demokratik İranda muxtariyyət əldə etməlidirlər.