BAKI, 14 yanvar. TELEQRAF

Ötən il Ankarada Türk Tarix Qurumunda Mehmed Fazlı adlı müəllifin “Resimli Afgan Seyahati” isimli kitabı nəşr olunub. Orijinalı 1909-cu ildə İstanbulda işıq üzü görən kitabı latın qrafikasına professor Derya Örs çevirib.

Mehmed Fazlının həyatı haqqında yetərli məlumat yoxdur. Rəssam olduğu, çinkoqrafiya (Çinkoqrafiya XIX əsrin sonu – XX əsrin əvvəllərində geniş yayılmış çap və çoxaltma üsuludur. Bu üsulda mətn, şəkil və ya təsvir sink lövhə üzərinə kimyəvi yolla köçürülür və həmin lövhədən çap edilir) ilə məşğul olub, Əfqanıstanda yaşadığı dövrdə bu sahədə xeyli şagird yetişdirib.

1913-cü ilin sonunadək Əfqanıstanda yaşayan Mehmed Fazlı oradakı yerli mətbuatda da məqalələr qələmə alıb. Əfqanıstan əmiri Həbibulla xanın (1901-1919-cu illərdə iqtidarda olub) adına uyğun olaraq açılan Həbibiyyə liseyinin və digər məktəblərin proqramını hazırlayan Maarif Əncümənində o da yer alıb.

Mehmed Fazlının Əfqanıstana dəvət edilməsi bu ölkədə tanınmış dövlət xadimi Mahmud Tarzinin təşviqiylə başlanan modernləşmə hərəkatı çərçivəsində olub. Bu dövrdə Osmanlıdan bir sıra müəllimlər, ziyalı şəxslər rəsmi və qeyri-rəsmi yollarla dəvət edilib. Eyni proses ötən əsrin əvvəllərində Azərbaycanda da baş vermişdi. Hacı Zeynəlabidin Tağıyev Osmanlıdan müəllimlər dəvət etmək üçün sultana hədiyyə də göndərmişdi.

Mehmed Fazlı 1906-cı ildə Qahirəyə gəlib, Əfqanıstana dəvəti də orada ikən alıb. Uzun yazışmalardan sonra 2 oktyabr 1907-ci ildə İskəndəriyyə limanından Avropaya gedib, oradan qatarla Odessaya yola düşüb. Bizim üçün ən maraqlı cəhət Odessadan sonrakı dayanacağın Bakı olmasıdır.

Əsərində Bakıda görüşdüyü şəxsiyyətlər arasında Əhməd bəy Ağaoğlunun da adını çəkən Fazlı paytaxtımızdakı günlərini bu şəkildə qələmə alıb:

“Dünyanın heç bir yerində eşidilməmiş və görünməmiş bir hal: Rostovdan sonra qatarın sürətlə hərəkət etməsi üçün sərnişinlərdən əlavə sürət haqqı aldılar. Bu ödənişlə əldə olunan sürətlə dörd gün yol getdikdən sonra səmaya ucalan neft mədənlərinin bacalarının yaxınlığından keçərək Bakıya daxil olduq. Bakıda “Mehmanxaneyi -İslamiyyə” adlı oteldə yerləşdik. Bu təmiz, səliqəli, hətta bəzəkli bir oteldir ki, İsmayıl əfəndi adlı qeyrətli bir sahibin səyi və himməti ilə tikilmiş və bu səviyyəyə çatmışdır. Bundan başqa, adından da aydın olduğu kimi din qardaşlarımız üçün müqəddəs qardaşlıq məqsədini ehtiva etməsi ayrıca iftixar və sevinc mənbəyidir.

Bakı Xəzər dənizi sahilində, Abşeron yarımadası üzərində yerləşən qədim bir şəhər olub, təxminən 150.000 nəfər əhalisi vardır. Onun ticarəti neft mədənlərinin ixracı sayəsində olduqca inkişaf etmiş və genişlənmişdir.

Bakılıların demək olar ki, hamısı türkcə danışır. Rusların Bakıda əhalisi digər yerlərlə müqayisədə azdır. Buradakı müsəlmanlar diri, həssas və həmiyyətli insanlardır. Bəzi qeyrət və vətənpərvərlik sahiblərinin təşəbbüskar səyləri sayəsində Bakıda İslam maarifi mühüm bir genişlənmə və inkişaf göstərməkdədir. Hər tərəfdə İslam maarifi və müəllimlər cəmiyyətlərinin xüsusi fəaliyyəti bizi heyrətə salmışdır. Bakıda bir neçə türkcə qəzet də nəşr olunmaqdadır. Bu qəzetlərin, eləcə də həmin maarif və tərəqqi hərəkatının əsas dayaqları və təşəbbüskarları hörmətli doktor Hüseyn bəy, Əhməd bəy Ağayev, doktor Qara bəy və digərləri kimi qeyrət və irfan sahibləridir. Xüsusilə Hacı Zeynəlabdin bəyin maddi və ardıcıl şəkildə göstərdiyi fədakar himayə və yardımlar həqiqətən təbrik və təqdirə layiqdir.

Adlarını zikr etməklə şükran borcumu yerinə yetirməkdən böyük məmnunluq duyduğum bu möhtərəm şəxslər Bakıda olduğumuz müddət ərzində bizə qarşı son dərəcə böyük qonaqpərvərlik nümunələri göstərdilər və bir axşam klubun alt salonunda acizanə adımıza xüsusi bir dəvət və axşam yeməyi təşkil edərək hamımızı qəriblik və qəribə bir səfərin təsiri altında minnət və şükran hisslərinə qərq etdilər. Bu ziyafətdə Əhməd bəy Ağayevin, doktor Hüseyn bəyin və Qara bəyin İslamın gələcəyi haqqında söylədikləri nitqlər, bəzən aşkar, bəzən gizli şəkildə zaman-zaman işıqlanan xəyal və ideallarımızı zərif bir parlaqlıqla nurlandırdı.

Bakıda bu qədər müddət qalmağımızın səbəbi, başqa bir yola yönəlmiş çantalarımızı və Odessada onları axtaran yoldaşımız Rıza bəyi gözləməyimiz idi. Nəhayət, o da gəlib çatdı.

Burada din qardaşları və qeyrət sahibləri ilə vidalaşmaq üçün biz də onları dəvət etdik. Vidamız təsirli və kədərli oldu. Toplantı zamanı seçkin və yüksələn duyğuların şairi Əhməd Kamal bəyin mənzum nitqi hamımızı məst etdi və gələcək səhifənin hamılıqla imzalanması bütün ruhlarımızı səmimi bir qeyrət coşqusu ilə doyurdu.

Hicri 1325, miladi 1907 — bazar günü — yəvmül-əhəd — yekşənbə.

Bu tarixi “Türklərin birliyi tarixi” adlandırdıq. Osmanlı hür fikir cərəyanının Asiyaya doğru axını yuxarıda göstərilən tarixdən başladı. Bu tarixi başlanğıc nöqtəsi kimi qəbul etməkdə birlikdə iştirak edənlər:

Əhməd Kamal, Əhməd Ağayev, Hüsnü, M. H., A. H. A. bəy, Mehmed Hüseyn, Mehmed Rıza, Əli Hüseyn, B. bəy A., Mehmed Fazlı.

Bakını tərk etdikdən on altı gün sonra bir axşamüstü Krasnovodska keçmək üçün gəmi biletlərimizi aldıq...”

Beləliklə Mehmed Fazlı Bakıdan sonra Krasnovodska, oradan da qatarla Mərv şəhərinə gedib. 1907-ci ilin sonunda əvvəlcə Herata, ardınca paytaxt Kabilə çatıb. Əfqanıstanda bir müddət fəaliyyət göstərən Fazlı kitabında yolçuluq əsnasında başına gələn macəralardan bəhs etsə də, Kabildəki fəaliyyətindən çox az yazıb.

Mehmed Fazlı bəyin 1907-ci ilin Bakı mühiti haqqındakı xatirəsi Osmanlı-Qafqaz münasibətləri baxımından olduqca əhəmiyyətlidir. Bu qısa xatirədə Hacı Zeynəlabidin Tağıyevin və Əhməd bəy Ağaoğlunun maarif yolundakı xidmətlərinə bir daha şahid oluruq.