BAKI, 7 oktyabr. TELEQRAF
Azərbaycanda aqrar sahəyə dövlət dəstəyinin istiqamətləri genişləndirilir.
Teleqraf xəbər verir ki bu məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin payız sessiyasının bugünkü iclasında müzakirəyə çıxarılıb.
Qanun layihəsinə əsasən, dövlət dəstəyi aqrar subsidiyaların verilməsi, güzəştli kreditlərin və maliyyə icarəsi üçün vəsaitin ayrılması, qrantların verilməsi, dövlət investisiyalarının yatırılması, vergi və gömrük güzəştlərinin tətbiqi və aqrar sığorta fəaliyyəti vasitəsilə həyata keçiriləcək.
Bundan başqa, satış yerlərinin təşkili, informasiya-məsləhət xidmətlərinin göstərilməsi, strateji əhəmiyyətli aqrar məhsulların istehsalında dövlət zəmanətinin tətbiqi və dövlət-özəl tərəfdaşlığı modelinin istifadəsi də dövlət dəstəyinin əsas vasitələri sırasında olacaq.
Layihədə elmi tədqiqat, laboratoriya və sınaq fəaliyyətlərinə, həmçinin aqrar təhsil, təlim və peşə hazırlığına dəstək göstərilməsi də nəzərdə tutulur.