BAKI, 30 aprel. TELEQRAF

Rusiyanın Azərbaycan Cümhuriyyətini işğalının ildönümü ərəfəsində paytaxtımızdakı bolşevik xatirələri yenidən gündəmə gəldi.

On ildir bu mövzuda ara-sıra məqalələr yazdığım üçün bu məsələdə bir yeniliyin olmaması təəssüfləndirici idi. Əslində uzun illər əvvəl şəhərimizə yad olan bolşevik abidələri kütləvi şəkildə götürüldü. Müstəqilliyimizin bərpasından bu yana Kirovun, Şaumyanın, Əzizbəyovun, Caparidzenin abidələri ləğv edildi, Sahildəki ruhu kirli nəşlər köçürüldü. Amma bu təmizlənmə zamanı üzərində yazılar olan bir neçə daş ya yaddan çıxarıldı, ya da ki kimlərsə götürülməsinə qarşı çıxdılar.

Bu daşlardan biri Cümhuriyyətin işğalında, Gəncə üsyanının qan içində boğulmasında, görkəmli ədəbiyyatşünas, pedaqoq Firidun bəy Köçərlinin qətlində imzası olan Həmid Sultanov və yoldaşına aiddir. Hətta yoldaşının adına şəhərin gözəl bir yerində xiyaban da mövcuddur, onun da mənfi fəaliyyəti tarixçilərə bəllidir.

İllər əvvəl şəhərimizin meri Hacıbala Abutalıbova yazı ilə müraciət edərək İstiqlal küçəsindəki İstiqlal abidəsi ilə üzbəüz binadakı işğalçıların dəstəkçilərinin adları yazılan lövhələrin götürülməsi ilə bağlı müraciət etmişdim. Sonrakı illərdə hörmətli Eldar Əzizova da bu barədə rəsmi şəkildə yazmış, məktubuma diqqət göstərilsə də, heç bir nəticə hasil olmamışdı.

Bəzi həmkarlarımız həmin lövhələrin tarixi fakt olduğunu, qalmasının problem yaratmayacağı iddiasındadır. Şübhəsiz ki, işğal faktı bizim tariximizdir, arxiv sənədləri əsasında detallı öyrənilməlidir. Hətta Qarabağın işğal dönəmində qurulmuş "Arsax"da baş verənləri də öyrənməli, nəticə çıxarmalıyıq. Amma bizim izah etməyə çalışdığımız mövzu tamam başqadır.

Əvvəla, müstəqilliyimizin bərpası ilə bağlı qəbul edilmiş Konstitusiya Aktında 28 aprel məsələsi işğal fakti kimi qiymətləndirilib. Bu yaxınlarda dövlət başçısı da Rusiyanın cümhuriyyətimizi işğal etməsi faktını dilə gətirdi. Yəni tarixi faktlardan əlavə yüksək dərəcəli qanun və rəhbərlik səviyyəsində bu məsələ təsbit olunub. Ona görə də İstiqlal küçəsindəki ləkəli daşlar heç bir qeyd-şərtsiz götürülməli, şəhərimizdə istila dövrünə aid heç bir xatırlatma olmamalıdır. Çünki şəhərimizin milli hekayəsi yaradılmalıdır.

Hörmətli təhsil nazirimiz çıxışlarında milli hekayəmizin olmadığından şikayətlənmişdi. Haqlıdır, küçənin bir tərəfində İstiqlal abidəsi, digər tərəfində işğalçıların lövhəsi olmamalıdır. Bir tərəfdə İstiqlal Bəyannaməsinə imza atanların adları olan lövhə olduğu halda, digər tərəfdə "görkəmli dövlət və partiya xadimləri"nin adları olmamalıdır.

Əgər bir ad olacaqsa, bir neçə gün sonra doğum gününü qeyd edəcəyimiz Əlimərdan bəy Topçubaşovun xatirə lövhəsi, heykəli qoyulmalıdır.

Paris Sülh Konfransında müstəqilliyimizin təsdiqini almış heyətin üzvlərinin lövhələri şəhərimizi bəzəməlidir. Bakını işğaldan azad edən komandanların lövhələri göz oxşamalıdır. Bakı Dövlət Universitetinin önündəki qara daşın üstündə yazılanları icra edib ilk ali təhsil ocağımızın qurulmasında əvəzsiz rolu olan Məhəmməd Əmin Rəsulzadənin haqqı qaytarılmalıdır. Təkcə Razumovskinin xatirələrini oxusaq, bunun necə bir haqq olduğunu görərik.

Şəhərimizin milli hekayəsinə qarşı çıxanların Rusiya ilə əlaqələrini, məktublaşmalarını gördük. Ona görə də bu həssas məsələdə diqqətli olmalı, suverenliyi bərpa edilmiş Azərbaycan doğru və milli hekayələr üzərində qurulmalıdır.

İnanırıq ki, milli hekayə quruculuğumuzu mütəmadi dəstəkləyən, tarixi keçmişimiz, dilimizlə bağlı məsələlərə həssasiyyət göstərən cənab Prezidentimiz bu məsələlərin birdəfəlik həllində önəmli imzalar atacaqdır.