BAKI, 13 may. TELEQRAF
1920-ci illərin sonunda Stalinin göstərişi ilə Leninin Yeni İqtisadi Siyasətindən imtina edildi, sürətli sənayeləşmə üçün vəsait toplamaq məqsədilə kəndlərdə “tam kollektivləşdirmə” xətti elan olundu. Buradakı məqsəd fərdi kəndli təsərrüfatlarını dövlətin nəzarəti altında olan kolxozlarda birləşdirmək, xalqı təşkilatlandıra biləcək mülkiyyətçi təbəqəni yox etməkdi. Təsərrüfatı bir qədər güclü olan, işçi qüvvəsindən istifadə edən və ya sadəcə sovet rejiminə sadiq görünməyən kəndlilər “qolçomaq” (kulak) damğası ilə repressiyaya məruz qaldılar. Nəticədə bu illərdə Azərbaycanda sovet rejiminə qarşı kütləvi üsyanlar başladı. Bu qiyamlar o qədər güclü idi ki, mühacirətdə yaşayan azərbaycanlılar da sırf bu mövzuda silsilə məqalələr və kitabça nəşr etdilər.
Şəki-Zaqatala, Naxçıvan, Xızı-Quba və Vedibasar bölgəsindəki bu üsyanlar rusları vahiməyə salmışdı.
Kollektivləşdirməyə qarşı baş verən bu üsyanlardan Azərbaycanda ən çox bilinəni Vedibasar bölgəsində baş verəndir. Bunun səbəbi Fərman Kərimzadənin “Qarlı aşırım” romanını yazması və onun əsasında qiymətli bədii filmin hazırlanmasıdır. Filmdən də gördüyümüz kimi bu dövrdə iki obraz qarşı-qarşıya gətirilib: Abbasqulu bəy Şadlınski, Kərbəlayi İsmayıl Çimən.
1870-ci illərdə İrəvanın Vedi mahalının Çimən kəndində doğulan Kərbəlayi İsmayıl ermənilər, daha sonra bolşeviklərlə mübarizə aparıb. Bölgədə bolşevik hökuməti qurulduqdan sonra Abbasqulu bəy malını-mülkünü yeni hökumətə versə də, Kərbəlayi İsmayıl buna qarşı çıxıb. Ona görə də Şura hökuməti onun hörmət etdiyi Abbasqulu bəyi Kərbəlayi ilə danışıqlara göndərib. Nəticədə Abbasqulu bəy müəmmalı şəkildə öldürülüb.
Abbasqulu bəy Şadlınski 1886-cı ildə İrəvan quberniyasının Böyük Vedi kəndində anadan olmuşdu. 1918-ci ilin əvvəllərində Naxçıvan, İrəvan, Dərələyəz, Zəngəzur bölgələrində ermənilərin həyata keçirdiyi zülmə qarşı mübarizə aparıb, xalqı qoruyub. Filmdə Abbasqulu bəy kəndə girərkən kəndlilərdən birinin onun arxasınca “Həmişə pis gündə bu kişi bizə kömək oldu” cümləsi də o günlərə işarədir.
Abbasqulu bəy irəvanlı mühacirlərin də xatirələrində yer alıb. Məsələn, 1905-1906-cı, eləcə də 1915-1920-ci illərin şahidi olmuş irəvanlı Əsəd Atasevər xatirələrində yazırdı: “İrəvana getmək üçün Naxçıvandan stansiyaya gəldik. Burada çoxlu mühacir toplanmışdı və hamısı İrəvana getmək istəyirdi. Əvvəlcə dövlətin ərzaq və sursatı daşındığı üçün mühacirlərin daşınmasına heç cür növbə çatmırdı. Onsuz da qatarlar ancaq yük vaqonu idi. Stansiyada səkkiz gün gözləməyimizə baxmayaraq qatara minə bilmədik. Bir ara stansiyaya boş bir qatar gəldi. Biz mühacirlər hamımız birlikdə qatara hücum edərək vaqonları doldurduq. Lakin bələdçilər bizi buraxmır və düşməsək, qatarın hərəkət etməyəcəyini deyirdilər. Gecə qatar yerindən tərpənmədi. Səhər jandarma komandiri bir neçə jandarma ilə gəldi və bizi aşağı düşürməyə çalışdılar. Lakin onlara müqavimət göstərdik və bizi düşürə bilmədikləri üçün silahlı hərbi birlik gətirməyə getdilər. Bu zaman vedili məşhur dəstə başçısı Abbasqulu bəy öz əsgərləri ilə gəldi. Bu şəxs Vedibasarda təşkilat qurmuş və çoxlu erməni öldürmüşdü. Vedinin alınmasında və rusların İrəvanı işğal etməsində köməklik göstərmişdi. Bu səbəbdən ermənilərlə müharibə halında olan kommunist idarəçiliyi ona hörmətlə yanaşırdı. Mühacirlərin dirənişi və Abbasqulu bəyin araya girməsi nəticəsində qatar İrəvana tərəf hərəkət etdi”.
Şübhəsiz ki, Türkiyə sərhədinə yaxın bölgələrdə baş verən bu hadisələr türk hökumətinin də nəzərindən qaçmamışdı. Ona görə də bəzi raportlarda Abbasqulu bəy və kollektivləşdirmə hadisəsi ilə bağlı bilgilər verilib.
Qars şəhərinin valisi Saleh Səlim Gündoğanın 5 aprel 1930-cu ildə Daxiliyyə Vəkalətinə göndərdiyi raportunda aşağıdakı kəşfiyyat məlumatlarını verib: “Azəri türkləri ilə erməni daşnaklardan ibarət dörd min nəfərlik bir kütlə Vedidə Sovet əsgərləri ilə vuruşmaqdadır. Bu qüvvətlərə azərilərdən Abbasqulu komandanlıq etməkdədir. Sovet zülmünə qarşı hərəkətə keçən bu qüvvətlər müvəffəq olmaqda və “biz sizləri bu zalım idarənin əlindən qurtarmaq üçün hərb edirik” şəklində Sovet əsgərlərinə bəyannamə dağıtmışlar”.
Qəribədir ki, burada Abbasqulu bəyi üsyançıların lideri kimi göstərilib. 10 aprel 1930-cu il tarixində daxili işlər naziri Şükrü Kaya aldığı bu məlumatı Baş nazirliyə göndərib.
Şükrü Kayaya gələn digər bir kəşfiyyat məlumatının ünvanı Bəyazid vilayəti idi. 1930-cu ilin mart ayında əldə edilən bu məlumatda yazılıb: “Vedi kəndində ermənilər əleyhində azəri türklərdən təşkilat quran Abbasqulu namındakı şəxs hal-hazırda Çılğın dərəsində toplanan erməni və azərilərdən ibarət 900 yüz asiyə komandanlıq etmişdir. Bundan üç gün əvvəl ruslardan təqribən bir alay qədər qüvvət asilərə hücum etmişlər və nəticədə bir top, üç pulemyot, on iki məqtul, əlliyə qədər əsir buraxaraq geri qayıtmışlar. Zəngi çayı üzərindəki 12 kəndin əhalisi İrəvana gedərək rus hökuməti rəisi və hərbi komandanı ilə görüşmək üçün bağırmışlar. Bu əsnada hökumət rəisi və əsgəri komandanı idarələrinin balkonuna çıxaraq əhalidən nə istədiklərini soruşmuşlar. Xalq bir ağızdan “bizi azad edin, malımız-mülkümüz sizin olsun, bizim Türkiyəyə getməyimizə mane olmayın” demişlər. Buna cavab olaraq “sizin mallarınız geri veriləcək, hər arzunuz yerinə yetiriləcək” deyilmişdir”.
Bu raportda kollektivləşdirməyə qarşı olan digər qiyamlar barədə də məlumat verilib. Ağstafada 10 minə yaxın asinin cəbhələşdiyi və mübarizə apardıqları qeyd olunub. Naxçıvanda isə zoraki şəkildə bolşevikliyi yayan əsgərlərin əhali tərəfindən mühasirəyə alınaraq istirahət etdikləri yerdə yandırıldıqlarını, bir bölük əsgərdən ancaq 40 nəfərin xilas olduğu bildirilib. Etirazçılar əsgərlərin silah-sursatını ələ keçirərək dağa qalxıblar.
Türk arxivindəki digər bir sənəddə baş verən hadisələrə görə Türkiyə sərhədinə keçmək istəyən silahlı ermənilərin ola biləcəyi vurğulanıb. Bu halda onların tərk-silah edilmələrinə, İran və ya İraq sərhədindən çıxarılmalarına qərar verilib. Amma türk irqindən olan qaçqınların qəbul ediləcəyi, onların Bəyazid və Van vilayətlərinə yerləşdiriləcəkləri qeyd olunub.
Bəzi mənbələrdə Abbasqulu bəyin 26 fevral 1930-cu ildə öldürüldüyü qeyd olunub. Martın 4-də isə bu xəbər Vediyə çatdırılıb. Fikrimizcə, türk arxivində adı çəkilən Abbasqulu bəy məşhur Şadlinskidir. Onun, həqiqətən, türk arxivində Çılğın kimi yazılan Cığındərəyə getdiyi dəqiqdir. Ola bilsin ki, Abbasqulu bəyin əvvəlki nüfuzu, bu hadisələrdə də Vedibasar əhalisinin yanında olması onu etirazçıların rəhbəri kimi göstərmələrinə səbəb olub. Nəzərə alsaq ki, həmin dövrdə kəşfiyyat məlumatları almaq da olduqca çətin idi, ona görə də raportlardakı bəzi hadisələr Abbasqulu bəyin ölümündən sonrakı dövrə təsadüf edir. Hər halda Vedibasardakı hadisələr o qədər güclü olub ki, türk hökuməti məlumat toplayıb dəyərləndirmək məcburiyyətində qalıb. Bütün hallarda arxivdəki bu sənədlər yenidən dəyərləndirilməlidir. Mövzuya qayıdacağıq.