BAKI, 7 oktyabr. TELEQRAF

Biz qeyri-sabitliyin artdığı bir dövrdə yaşayırıq. Münaqişələrin artdığını görürük. Etimad, təəssüf ki, azalır və dünya parçalanır.

Teleqraf xəbər verir ki, bunu Moldovanın sabiq Baş naziri Kiril Qaburiç “Bakı Dialoqu” çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda IV beynəlxalq konfransda çıxışında deyib.

O bildirib ki, dialoq isə çox vaxt ittihamlarla və ya təhdidlərlə əvəz olunur:

“Bütün bunların içində çox vacib bir şey diqqətdən kənarda qalır və ya unudulur. Bu, insandır. Bu gün etiraf etməliyik ki, vəziyyətimiz o qədər də yaxşı deyil. Həmişə günahlandırmağa başqa birini axtarmaq əvəzinə, hesab edirəm ki, hər birimiz özümüzə sadə bir sual verməyi bacarmalıyıq. Bu sual belədir: vəziyyəti yaxşılaşdırmaq üçün nə edə bilərəm? Əgər vəziyyəti yaxşılaşdırmaq üçün görüləcək bir iş tapa bilmiriksə, ən azı vəziyyəti daha da pisləşdirəcək bir şey etmədiyimizə əmin olmalıyıq. İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin və diqqətimizin mərkəzinə qaytarmalıyıq. Bu da məni bu gün burada müzakirə etdiyimiz mövzuya və ya ideyaya gətirir. Biz texnologiyanın ən yüksək inkişaf səviyyəsində olduğu bir dünyada yaşayırıq. Demək olar ki, hər şeyin izi var. Hər alış-veriş zamanı ödəniş etdiyim kartımın izi var. Hətta buradan minlərlə kilometr uzaqdan haradansa sifariş etdiyim bağlamanı belə demək olar ki, real həyatda və vaxt rejimində izləyə bilirəm. Onun sözlərinə görə, ailələr var ki, onların ailə üzvünün başına nə gəldiyi barədə heç bir təsəvvürləri yoxdur:

"Minlərlə ailə hələ də sadə bir cavab gözləyir. Onlar ailə üzvlərinin harada olduğunu bilmirlər. Bəs XXI əsrdə bu necə mümkün ola bilər? Problem texnologiya deyil. Texnologiya mövcuddur. Mənim gördüyüm çətinlik, əsl çətinlik əməkdaşlığın, qarşılıqlı fəaliyyətin olmamasıdır. Çünki insanlar sadəcə olaraq yoxa çıxmırlar.

Mən dedim ki, iz var. Deməli, haradasa sənəd, şahid, arxiv və ya şəkil, yaxud video olmalıdır. DNT nümunəsi, bir yer və ya ən azı bir məzar. Kimsə, haradasa nəyisə bilməlidir. Bizim məsuliyyətimiz bütün bu parçaları, nöqtələri bir-birinə bağlaya bildiyimizə əmin olmaqdır. Ailələr üçün münaqişə silahlar susanda bitmir. Kimsə öldükdə, ailə üçün hər şey aydındır: onlar nə baş verdiyini bilirlər. Amma kimsə yoxa çıxdıqda, ailənin cavabı olmur və onlar haradasa ağrı ilə ümid arasında qalırlar. Bu gün bütün bu süni intellekt, planeti yuxarıdan müşahidə edən bütün bu peyklər, DNT ilə bağlı bütün texnologiyalar və əlimizdə olan nəhəng, nəhəng məlumat bazası ilə bütün bunlar axtardığımız məsələdə böyük kömək ola bilər.

Lakin texnologiya bizə ən çox ehtiyac duyduğumuz bir şeyi verə bilməz və bu, əməkdaşlıq etmək iradəsidir. Bir insanın kimliyinin müəyyən edilməsi, bir məzarın tapılması və ya ailəyə bir cavabın verilməsi beynəlxalq siyasi arenada çox kiçik nailiyyətlər kimi görünə bilər. Amma inanın bir ailə üçün bu, hər şey deməkdir".