BAKI, 4 noyabr. TELEQRAF
Alman yazıçı və tədqiqatçısı Fridrix Bodenştedt Mirzə Şəfi Vazeh haqqında yazdığı xatirələrinə bu cümlə ilə başlayıb: “Tiflisə gələndə məni hər şeydən əvvəl müəllim tutmaq məsələsi düşündürürdü ki, tatar dilini (türk dilini – D.Ə) öyrənim. Qafqazda yaşayan camaatla ünsiyyətdə olmaq üçün bu dili bilmək kifayət edirdi”.
Çünki həmin dövrdə Azərbaycan türkcəsi Anadoludan Türküstana, Dağıstandan İran bölgəsinin cənubuna qədər geniş bir coğrafiyada işlədilirdi. Hazırda da dilimizin əhatə dairəsi böyük coğrafiyanı ehtiva etsə də, siyasi səbəblərdən istifadəliliyi müəyyən qədər məhdudlaşdırılıb.
Dilimizin inkişafı Cümhuriyyət dönəmində başlayan qanunvericilik və islahatlarla birbaşa bağlıdır. Türk dilinin dövlət dili kimi qəbulundan və məktəblərin milliləşdirilməsindən sonra təhsil ocaqlarında və dövlət müəssisələrində ana dili məsələsi ön plana çıxıb. Bununla bağlı qəzetlərdə kifayət qədər yazılar verilib. Məsələn, “Azərbaycan” qəzetindəki bir məqalədə yazılıb:
“Hökumǝtin binagüzarlığına [sǝrǝncamına] görǝ, mǝhkǝmǝ müǝssisǝlǝrindǝ işlǝrǝ dövlǝt dilindǝ (türkcǝ) baxılacaqdır. Buna görǝ miravoy sudyalar [mǝhkǝmǝ hakimlǝri] türk dili bilǝn şǝxslǝrdǝn tǝyin olunurlar. Türk dili bilmǝyǝn sudyalar isǝ ya müstǝntiq olurlar, yainki razı olmasalar, xidmǝtlǝrindǝn ǝzl [azad] olunurlar”.
Digər bir xəbərdə 9 sentyabr 1918-ci ildən etibarǝn Gǝncǝ Müǝllimlǝr Seminariyasının müǝllim vǝ müǝllimǝlǝr hazırlayan kurslarında dǝrslǝrin türk dilindǝ keçirilǝcǝyi bildirilib. Hökumətin oktyabr ayında verdiyi bir qərardadda isə yazılıb: “İbtidai mǝktǝblǝrdǝ dǝrslǝr ana dilindǝ oxunub, ciddi surǝtdǝ türk dili oxunmalıdır. Ali-ibtidai vǝ edadi mǝktǝblǝrindǝ tǝdris türk dilindǝ olmalıdır. Millilǝşmiş ali-ibtidai mǝktǝblǝrdǝ tǝdris ana dilindǝ olub, 1918-19 oxucu ili müddǝtindǝ türk dili oxunacaqdır”.
“Azərbaycan” qəzetinin 29 oktyabr 1918-ci il tarixli sayında daxili işlər naziri Behbud xan Cavanşirdən müsahibə alınıb. Behbud xan dövlət işlərində rus dilinin davam etməsinin səbəblərini açıqladıqdan sonra bunu müvəqqəti hal hesab edib və məmurların ana dilində bilmələrinin vacibliyini deyib: “Bu gün Azərbaycanda ruscanın istemalı [işlǝdilmǝsi], rus lisanını sevdiyimizdən deyil. Hökumət məmləkətin faydasını bunda gördü. Təbiidir ki, bu hal çox davam etməz, bəzi dairələrin mühüm yerlərini işğal edən [tutan] məmurlar türkcə bilməzlərsə, xidmətinə davam etməyəcəkdir”.
Hökumət ana dilinin mənimsənilməsi üçün müxtəlif kursların açılmasına da şərait yaradıb. Tədricən rəsmi yazışmalar da türk dilinə əvəzlənirdi. Hərbidə komandalar da türk dilində verilməyə başlanmışdı. Baxmayaraq ki, hərbiyyə naziri Səməd ağa Mehmandarov ana dilində yaxşı danışa bilmirdi, amma ordu sistemində ana dili yavaş-yavaş ön plana çıxmaqdaydı. Parlament bu məqsədlə Mehmandarova çıxışını rus dilində etməyə çoxluqla icazə vermişdi. O da öz növbəsində bu güzəşti nəzərə alaraq çıxışının əvvəlində demişdi: “Mən qabaqca Parlamandan üzr istəməliyəm ki, rusca danışacağam. Çox utanıram ki, öz dilimi Məclisi-Məbusanda danışmaq qədər bilmədiyimdən rusca söyləməyə məcburam”.
Parlamentdə teleqrafların türkcə yazılması və göndərilməsi məsələləri də müzakirə olunub. Əminliklə deyə bilərik ki, Cümhuriyyət dövründə həm parlamentdəki çıxışlarda, həm də “Azərbaycan” qəzetindəki yazılarda ana dili məsələsi birmənalı şəkildə müdafiə olunub. Çünki dövlətin qurucuları millətin varlığı üçün dilin əhəmiyyətini başa düşürdülər. Məsələn, müəllim Davud “Milli dilimiz” adlı məqaləsində yazırdı: “Çalışalım türkcə qonuşalım və türkcə yazalım ki, 80 milyonluq bir türk millətinin dili də geridə qalmasın, kəndisinin varlığını isbat etsin”.
Ana dilimiz ötən yüz il ərzində böyük inkişaf yolu keçib. Zamanla dilimizdəki ərəb-fars mənşəli çətin tələffüzlü sözlər yoxa çıxıb, dilçi alimlərimizin qiymətli əsərləri işıq üzü görüb.
Görünür ki, edilənlər yetərli deyil ki, AMEA-nın 80 illiyi ilə bağlı çıxışında dövlət başçısı maraqlı fikirlər işlətdi. Prezident 50 milyon insanın Azərbaycan dilində danışdığını bildirdi, ədəbi dilimizin qorunmasının vacibliyini ifadə etdi.
Şübhəsiz ki, dövlət başçısı Azərbaycan mədəniyyət coğrafiyasının genişliyinə diqqət çəkirdi və Azərbaycan dilinin qorunmasının həmin bölgələrdəki mədəniyyət siyasətimizin əsas vasitəsi olduğunu ifadə edirdi. Necə deyərlər dilinin hökmü yetdiyi yerə qədər güclüsən.
Gələn il Bakıda keçirilən ilk Türkoloji Qurultayın yüzüncü ildönümüdür. Bu qurultayda dil və əlifba məsələsi geniş şəkildə müzakirə olunub. Bu baxımdan bir əsr sonra keçmişdəki təcrübələrə də söykənərək ana dilimizin qorunması baxımından 2026-cı ilin “Azərbaycan dili ili” elan olunması yaxşı olardı.