BAKI, 7 oktyabr. TELEQRAF

İrəvan və Dehli Ermənistanda Hindistanın “Pinaka Mk-II” raketlərinin istehsalının və yığılmasının təşkil edilməsi imkanını müzakirə edir.

Teleqraf xəbər verir ki, bu barədə Hindistanın IDRW hərbi portalı məlumat yayıb.

Nəşrin məlumatına görə, mümkün razılaşma iki ölkə arasında hərbi sənaye sahəsində əməkdaşlığın yeni mərhələsinə çevrilə və Ermənistana sursat idxalından asılılığını qismən azaltmağa imkan verə bilər. Qeyd olunub ki, Ermənistan Silahlı Qüvvələri artıq Hindistan istehsalı “Pinaka Mk-II” idarəolunan və mənzili artırılmış “Pinaka” raketləri əldə edib. Amma mümkün yerli istehsal proqramının əsasını hansı modifikasiyanın təşkil edəcəyi hələ də dəqiqləşdirilməyib.

Nəşr vurğulayıb ki, Ermənistan Hindistan raketlərinin öz ərazisində istehsal edilməsində maraqlıdır.

Razılaşma əldə olunacağı təqdirdə, Hindistan Ermənistana texnoloji dəstək göstərə, istehsal proseslərinin təşkilinə və yerli mütəxəssislərin təliminə kömək edə bilər. Dehli mümkün tərəfdaş kimi dövlət müəssisəsi və ya digər şirkəti nəzərdən keçirir.

Ermənistan ilkin mərhələdə Hindistandan tədarük olunan komponent və materiallardan istifadə edə, sonrakı mərhələdə isə yerli istehsalın payının artırılması nəzərdə tutula bilər. Həmçinin istehsalın təşkili üzrə dəqiq model, istehsal ediləcək raketlərin çeşidi və texnologiyaların ötürülməsinin mümkün şərtləri hələ də dəqiqləşdirilməyib. Tərəflər hələlik yekun razılaşmanın imzalanması barədə rəsmi açıqlama verməyib.