BAKI, 27 sentyabr. TELEQRAF

24 aprel 2014-cü il.

Praqada dövlət və hökumət başçılarının iştirakı ilə “Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunan sammit keçirilirdi.

Türkiyə rəhbəri sammitdə iştirak etmirdi. Bundan cəsarətlənən Ermənistan prezidenti Serj Sərkisyan Türkiyəni qondarma soyqırımı tanımamaqda, eləcə də sərhədləri açmamaqda ittiham edirdi.

Türkiyə yox idi, amma Azərbaycan o masada idi. Hələ Zəfərə altı il vardı. Ermənistanda cinayətkarlar iqtidarda idi. Azərbaycan rəhbəri çıxışındakı bir neçə cümlə ilə diplomatiya masasında həm Türkiyəni müdafiə etdi, həm də gerçək işğalçının, soyqırımçının kim olduğunu göstərdi.
O gün bizi riqqətə gətirən sitat: “Bu gün təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm. Türkiyə ilə Ermənistan sərhədi Azərbaycanın Kəlbəcər rayonunun 1993-cü ilin aprelində işğalından sonra bağlanıb”.

O zaman diplomatiya masasında güclü idik, cəbhədə isə istədiyimiz səviyyədə deyildik. İndi isə həm masada, həm səngərdə, həm quruda, həm havada üstünlük bizdədir. Türkiyə-Azərbaycan münasibətləri də inkişafının ən zirvə nöqtəsindədir.

Bundan narahat olanlar varmı?

Əlbəttə, təbii olan da budur.

Axı Azərbaycan və Türkiyə Türk Dövlətləri Təşkilatının inkişafında ən qabaqcıl iki ölkədir.
Axı Azərbaycanla Türkiyə Vətən müharibəsindən bu yana Zəfəri birlikdə yaşayır. 15 sentyabr ruhunu qoruyur, Türkiyənin dəyərlərinə hörmət edir. Zəfər Günümüzün tarixi təsadüfən Mustafa Kamal paşanın vəfatı gününə görə dəyişməmişdi. Burada qardaş Türkiyənin əbədi matəminə böyük hörmət vardı.

Əlbəttə, zamanla aramıza girənlər oldu. Müxtəlif siyasi krizislər yaşadıq, hamısı keçmişdə qaldı.
Amma kiçik problemləri ilk fürsətdəcə dağa çevirən qüvvələrin olduğu şübhəsizdir. Qardaşlarımızın məşhur atalar sözü var: “Su uyur, düşmən uyumaz”. Yəni düşmən pusquda dayanıb, ilk fürsətdəcə səni caynağına keçirmək istəyəcək.

Türkiyənin daxilində belə qüvvələr çoxdur. Keçmişə baxsaq, Türkiyədə Baş nazirini asan qüvvələr də olub, xalqın üzərinə tanklar yeridən generallar da. Parlamenti – Qazi məclisi bombalayan hərbçilər də olub, dövlətin ən dərin otaqlarına girərək sirləri satan qüvvələr də.

Ona görə də Azərbaycan təmsilçisinin İsrailin Baş nazirinin çıxışı zamanı salonu tərk etməməsini fürsət bilən “yuxuyatmazlar” bir neçə gündür müstəqil Azərbaycana hücuma keçiblər.

Halbuki bir təmsilçimiz öz vəzifə borcunu yerinə yetirib, mühüm bir beynəlxalq tədbirdən qeydlərini götürüb. Bundan təbii nə var ki? Qarabağ işğalda olanda dəfələrlə beynəlxalq kürsüdən cinayətkar Ermənistan prezidentləri də çıxış edib. O zaman Türkiyə daxil olmaqla kimlər salonu tərk edib?
Azərbaycan heç bir zaman Türkiyənin daxili işlərinə, xarici siyasətinin prioritetlərinə qarışmayıb. Əksinə hər zaman dəstək olub, qardaş ölkənin geopolitik maraqlarını qoruyub.

Həmin Azərbaycan ki müsəlman ölkələri arasında Fələstin məsələsində konkret mövqe tutan bir dövlətdir.

İlham Əliyev dəfələrlə çıxışında bildirib ki, paytaxtı Şərqi Qüds olan müstəqil və suveren Fələstin dövlətinin yaradılmasını dəstəkləyirik.

Ona görə də bu gün müəyyən dairələr tərəfindən sosial mediada Azərbaycan əleyhinə aparılan kampaniya iki dost, qardaş, müttəfiq ölkənin birliyini istəməyən, Türk Dövlətləri Təşkilatının güclənməsinə dözməyən qüvvələrin planlı hərəkətidir.

Azərbaycanın məktəblərdə qərara aldığı vahid geyim formasına olan etirazlar da eyni dairələrin işləridir. Əlbəttə, hicab məsələsi müzakirə edilə bilər. Necə ki öz daxilimizdə edirik. Amma Azərbaycanın aldığı bir qərarın qardaş da olsa, Türkiyədə bu şəkildə gündəmə gətirilməsi doğru deyil. Necə ki, biz Öcalanla bağlı olan məsələlərə qarışmırıq.

Biz Türkiyənin daxili işlərinə o zaman qarışırıq ki, qardaş köməyinə ehtiyac olsun. Məsələn, Kahramanmaraşda məhəllə tikmək kimi. Yanğında qüvvə göndərmək kimi.

Qardaşlıq bunu tələb edir. Biz də Türkiyənin bu səpkidə daxili işlərimizə qarışmasını arzu edirik. Qarabağda məhəllələr tiksin, düşmənin dağıtdığı yurdumuzu gülüstana çevirsin.

Azərbaycanın öz içində Azərbaycanı sevməyən qüvvələr olduğu kimi qardaş Türkiyədə də Azərbaycanı sevməyən dairələrin olması şübhəsizdir. Ona görə də “Bir millət iki dövlət konsepsiyasına” zərər vuran, 15 Sentyabr ruhuna, Vətən müharibəsindəki bərabərliyimizə kölgə salmaq istəyən qüvvələrə, onların sosial medianı yönləndirmələrinə imkan verilməməlidir. Bu hal yaxın tarixdə bir dəfə də baş vermişdi və həmin qüvvələr yenilmişdi, yenə də yeniləcəklər.
Necə ki o zaman dövlət başçımız “mən burdayam” demişdi, bu gün də həmin təxribatçı qüvvələrə qarşı “biz burdayıq” deyirik.