BAKI, 7 oktyabr. TELEQRAF

Azərbaycanda aqrar sektorun iqlim dəyişikliklərinin təsirlərinə uyğunlaşdırılması ilə bağlı tədbirlərin genişləndirilməsi təklif olunur.

Teleqraf xəbər verir ki bu məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin payız sessiyasının bugünkü iclasında müzakirəyə çıxarılıb.

Qanun layihəsində iqlim dəyişiklikləri ilə mübarizə məqsədilə istixana qazı emissiyalarının və ətraf mühitə mənfi təsirin azaldılması, resursqənaətedici texnologiyaların tətbiqi və aşağı emissiyalı kənd təsərrüfatı texnikasından istifadənin artırılması nəzərdə tutulur.

Elektrik mühərrikli kənd təsərrüfatı texnikasının tətbiqinin genişləndirilməsi də əsas tədbirlər sırasındadır.

Bundan əlavə, iqlim dəyişikliklərinə davamlı bitki sortları və heyvan cinslərinin yaradılması, təhlükəli hidrometeoroloji hadisələr üzrə erkən xəbərdarlıq sistemlərinin qurulması və alternativ su mənbələrindən istifadənin artırılması planlaşdırılır.