BAKI, 20 aprel. TELEQRAF

Amerika-İsrail-İran müharibəsində bizi ən çox narahat edən məsələ Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın vəziyyətidir. İstər şah, istərsə də molla rejimində təməl haqlarından məhrum olan, farslaşdırma politikasına məruz qalan həmvətənlərimizin halı bizi düşündürməkdədir. Bir tərəfdən mövcud hakimiyyətin illərdir davam edən basqısı, digər tərəfdən Urmiya, Xoy kimi bölgələrimizdə silahlı kürd dəstələrinin mövcudluğu narahatlıq yaradır.

Qacarların süqutundan sonra Cənubi Azərbaycanda milli kimliyimiz təhlükə altına düşdü. Şimali Azərbaycanın işğal edilməsi, Türkiyənin Rusiya və İranla balanslı politika yürütməsi cənubdakı soydaşlarımızın kimsəsiz qalmasına səbəb oldu. Amma buna baxmayaraq oradakı toplum öz milli kimliyini ən mümkün variantda qorumağa çalışdı.

1920-1930-cu illərdə Şimali Azərbaycanın oraya təsiri İranda yaşayan mühacirlər vasitəsilə mümkün olurdu ki, onların da əsas gündəmi quzeyin yenidən istiqlalı idi. Amma Rza şahla olan bütün pozitiv münasibətlərə baxmayaraq Türkiyə hökuməti səfirlik və konsulluqları vasitəsilə türk əhalinin durumu haqqında Ankaraya məlumat verirdi.

Məsələn, Təbriz Baş konsulluğu 15 dekabr 1931-ci il tarixli raportunda yazırdı ki, Azərbaycan əhalisinin tamamı türkdür, türkcə də danışırlar. İran hökuməti onları farslaşdırmağa çalışsa da, hələ ki heç bir səmərə əldə edə bilməyib. Azərbaycanın tənha bir yerində birindən “sən farssanmı” deyə soruşsan, “xeyr, türkəm” cavabını verəcəkdir.

Bu sənəddən üç il sonra Baş nazir İsmət İnönüyə də Güney Azərbaycanla bağlı bir raport təqdim edilib. Həmin raportda iranlıların Təbrizdə türk dilinə, türk hərflərinə qarşı şiddətli bir xüsumət və həssasiyyətinin olduğu bildirilib: “Ermənicəyə belə yer verilən bu məmləkətdə türk dili və hələ türk hərflərinə ən kiçik tolerantlıq da göstərilmir”.

Şübhəsiz ki, Cənubi Azərbaycanla bağlı məlumatın toplanılmasından prezident Mustafa Kamal Atatürk xəbərsiz deyildi. Baxmayaraq ki, o, Rza şahı Türkiyədə yüksək səviyyədə qarşılamışdı, İranla münasibətlərə diqqət göstərirdi, amma zamanında Naxçıvanla əlaqənin kəsilməməsi üçün apardığı siyasət Türkiyədən kənarda yaşayan türklərə verdiyi əhəmiyyətin sübutu idi.
8 fevral 1938-ci ildə Baş vəkalətə göndərilən digər bir raportda da Güney Azərbaycandakı soydaşlarımıza yer verilib. Ötən il gizliliyi ləğv edilən həmin sənəddə yazılıb: “Azərbaycan əyaləti atalarımızın Asiyadan Anadoluya keçdikləri mərhələdir. Ana ləhcəmizin əsasları Azərbaycan xalqının şivəsində mövcuddur. Dil birliyi millətləri bir-birinə asanlıqla qaynaşdıran ən təsirli vasitələrdən biri olduğuna görə ənənə, adət və dil birliyi səbəbindən Azərbaycan xalqının Atatürk Türkiyəsinə qəlbdən bağlanmaları mümkündür”.

Raportda Atatürk inqilablarının Azərbaycana təsirinin yazı ilə ifadə edilməsinin mümkünsüz olduğu bildirilib, nümunələr çəkilib: “Türkiyədən hərəkət edən bir türk İran hüdudunda Bazergan gömrüyünə gəldiyi zaman gömrük məmurları ona çox böyük müsafirpərvərlik göstərmişlər. Özbəüz türk övladı olan bu məmurlar hər hansı bir türkə qardaşlıq təzahürü göstərməklə böyük Atatürkə qarşı bəslədikləri sevgini izhar etmiş olurlar. Maku və Xoyda da azəri türkü olan inzibat məmurları tərəfindən türklərə qarşı məhəbbət izhar edilməkdədir”.

Bunun müqabilində raportda iranlıların (yəni farsların) münasibətinin tamamilə fərqli olduğu bildirilib: “İranlılar türklüyə qarşı düşmənlik və kin hisslərilə zəhərlənmişlər. Heç bir iranlının səmimi və qəlbi olaraq türklüyə qarşı bağlılığı görülməmişdir. Azəri türklərinin Atatürk Türkiyəsinə qarşı ürəklərində yaşatdıqları sevgi və bağlılığı söndürmək üçün İran hökuməti tərəfindən yeni açılmış Maarif məktəblərində türk dilində dərs verilməməkdədir. Əqəliyyətlər (azlıqlar) hüququna riayət edilməməkdədir. Fəqət ermənilər öz məktəblərində istədikləri kimi ermənicə tədrisat apara bilməkdədirlər”.

Raportda İran ordusunda və hökumətində yer alan azərbaycanlı məmurların Azərbaycandan və Türkiyədən gələn şəxslərlə əlaqə qurmasına imkan verilmədiyini, əks təqdirdə vəzifəsindən çıxarılaraq cəzalandırıldıqları da qeyd olunub.
Ehtimal ki, Türkiyə hökuməti növbəti illərdə də Cənubi Azərbaycanla bağlı məlumat toplayaraq raportlar hazırlayıb. Çünki Güney Azərbaycan dünən də, bu gün də Türk dünyasının ən kilid nöqtələrindən biridir və oradakı varlığımız əbədi şəkildə qorunmalıdır.