BAKI, 13 avqust. TELEQRAF

İki gündür Laçında çırpınan Simurq quşunun çarəsizliyini görüb özümə yer tapa bilmirəm.

Müdrikliyin, dirçəlişin, xeyirxahlığın, bərəkətin, bolluğun simvolu olan bu mifoloji quşun adını daşıyan kitabxananın bağlanma təhlükəsi ağrılı haldır. Açığı səbəbi detallı araşdırmadım. “Kitabxana bağlanır” ifadəsi o qədər faciəvi idi ki, arxasında dayanan məsələləri axtarmaq həvəsinə düşmədim. Çünki bu ifadə ilə günlərdir sosial mediada “kitabxanaçılar kütləvi işdən çıxarılır” xəbərləri ilə üzvi bir əlaqəni hiss edib keçmişdən bu günə baş verənləri xatırlamağa çalışdım.

Əvvəllər Sovet vətəndaşlarının əksəriyyətinin evində irili-xırdalı bir kitab guşəsi, rəfi olardı. Orada dünya və uşaq ədəbiyyatı, klassiklər və müasirlərdən ən populyar nümunələr yer alardı. Mütləq ki çoxcildli Azərbaycan Sovet Ensiklopediyası ən görkəmli yerdə dayanar, ailə başçısının ixtisasına uyğun kitablar da göz oxşayardı. Kitabların tirajı yüksəkdi, qiyməti ucuzdu, redaksiya heyəti peşəkardı. Kitabxanaçılar zəngin məlumata sahibdi, imicləri yüksəkdi, mənəvi zənginləşmə rəhbərləri idilər.

Kitabxanalarda müəlliflərlə görüşlər keçirilərdi, klublar yaradılardı, birliklər fəaliyyət göstərərdi. Paytaxtın hər bölgəsində kütləvi kitabxanalar olardı, abunəlik sistemi mükəmməl çalışardı, evdə oxumağa verilən kitablar qaytarıldığı zaman sorğu-sual edilərdi. Çünki oxucu kitabı boşuna məşğul edə bilməzdi.

Əlbəttə, internet yox idi, biliyə çatmaq üçün ən önəmli vasitə kitabdı. Amma geridə qoyduğumuz bu illərdə görürük ki, nə internet, nə süni intellekt canlı təmasla ötürülən kitabın yerini verəcək. Çünki evdəki kitab əbədi bilgi mənbəyidir, göz rahatlığıdır, internetə və elektrikə bağlı deyildir.

Sonralar bir-bir məhəllələrdəki kütləvi kitabxanalar yoxa çıxmağa başladı. Məktəbli ikən üz tutduğum Əhməd Cavad adına mikrorayon kitabxanasının yerində aptekdən “min bir xırdavat”a qədər müxtəlif obyektlər fəaliyyət göstərdi. Heç biri əbədi olmadı. Görünür, kitabın məhvi üzərində xoşbəxtlik qurmaq mümkün deyildi.

Ardınca tirajlar azaldı, nəşriyyatlar zəiflədi, kitab mağazaları yoxa çıxmağa başladı. Keçmişi bu günə bağlayan cəmi bir insan qalmışdı, onun da vəfatı ilə sanki bütün geniş bir halqa qapanmış oldu. Qız qalasının yanındakı kitab mağazasını işlədən Elman Mustafayevin vəfatı bizi sanki sovet kitabxanaçılığı ənənəsindən birbaşa uzaqlaşdırdı. İndi o mağazanın yanından keçərkən yüzlərlə tələbənin üz tutduğu ucuz kitab yurdunun bahalı kofe məkanına çevrilməsini görmək ağrılı haldır.

İndi hər tərəfə baxsan, mağazalar var, irili-xırdalı yüzə yaxın nəşriyyat var. Amma nə fayda? Nə kitab alınır, nə kitab oxunur, nə də əvvəlki peşəkarlıq var. Üstəlik kitablar bahalı, mövzular kasad, ana dilində oxuma faizi türk və rus dillərinə yenilmiş vəziyyətdə.

Bu gün şəhərimizdəki ən böyük kitab mağazalarında sorğu keçirsək, Azərbaycan dilində kitab satışının çox aşağı olduğunu görərik.

Bəlkə də, elə buna görədir ki, kitabxanalar rahat qapadılır, kitabxanaçılar işdən uzaqlaşdırılır, şəhərimizdə böyük kütləvi kitabxanalar tikilmir.

İstanbulda təhsil aldığım zaman mütəmadi getdiyim məkan İslam Araşdırmalar Mərkəzinin kitabxanası idi. Üç mərtəbəli geniş salonlara malik bu kitabxanaya Türkiyənin onlarla tanınmış şəxsiyyətinin arxivi, kitabxanası bağışlanmışdı. Bu gün Türkiyədə o kitabxana vasitəsilə yetişmiş on minlərlə mütəxəssis var. Bakıda isə milli kitabxana xaric alternativ heç bir məkan yoxdur.

Hər ay 2-5 kitab alan biri kimi sosial mediadakı bu ən pis xəbərləri oxuyan zaman qollarım Simurqun çarəsizliyi kimi boşalır, evimdəki min bir zəhmətlə yığdığım, gələcəyə ötürməyə çalışdığım kitabxanam gözümdən düşür. Bir gün özümün də, kitabxanamın da yeni əsrə yeniləcəyini düşünmək bədən ağrısı deyil, artıq can ağrısıdır.

Lütfən, canımıza toxunmayın, kitabxanaları bağlamayın.