BAKI, 7 oktyabr. TELEQRAF

Bakının Xəzər rayonunda fəaliyyət göstərən “Gold Lombard”ın sahibi cərimə olunub.

Teleqraf-ın əldə etdiyi məlumata görə, “Gold Lombard”ın sahibi Elçin Tofiq oğlu İsmayılov qanunsuz reklam fəaliyyəti ilə məşğul olduğu məlum olub.

Müəyyən edilib ki, İsmayılov Xəzər rayonu, Buzovna qəsəbəsi, Yeni yaşayış massivində “gecikməyə görə əlavə faiz tutulmur” məzmunlu reklam yayımlayıb.

Amma gecikmə zamanı əlavə faiz məbləği hesablanıb, bununla da qeyri-dəqiq reklama yol verilib.

Protokola görə, vətəndaş Aynur Mahmudova Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müraciət edib və fəaliyyət göstərən lombard tərəfindən yayımlanmış reklamlarda “gecikməyə görə əlavə faiz tutulmur” məzmunlu qeydin olması, lakin sonradan ödəniş zamanı gecikməyə görə əlavə faiz məbləğinin tutulduğu bildirilərək məsələnin araşdırılmasını xahiş edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən Elçin İsmayılovun barəsində İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə protokol tərtib edilib və iş baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib.

İsmayılov izahatında bildirib ki, qeyd edilən reklamlar həqiqətən onun tərəfindən yayımlanmış və rəhbərlik etdiyi “Gold Lombard”a aiddir. Onun sözlərinə görə, Aynur Mahmudovanın kredit üzrə aylıq ödənişinin 108.7 manat təşkil edib, aylıq ödəniş gecikdirildiyi üçün əlavə 9 manat cərimə məbləği tətbiq edilib.

Bunun səbəbi isə vətəndaş Aynur Mahmudovanın həmin krediti bank qrafiki şərti ilə əldə etməsi səbəbindən baş verdiyini qeyd edib.

Xəzər Rayon Məhkəməsinin qərarı ilə Elçin İsmayılov 300 manat cərimə edilib.