BAKI, 26 fevral. TELEQRAF

Ötən gün AMEA-nın hesabat toplantısında mürgülədiyi halda fotoşəkilləri çəkilən alimlərin məsələsi sosial medianın bir nömrəli gündəminə çevrildi.

Yüzlərlə profildən bu şəkillər tirajlandı, alimlər məsxərəyə qoyuldu, AMEA nüfuzdan salındı.
Alimlərin bəziləri cavab verdi, bəziləri gördüyü işləri sadaladı, bəziləri isə yatmadığını bildirdi.
Hadisə ilə bağlı çoxsaylı şərhlər yazıldı, əksəriyyət alimləri qınadı, cüzi bir qisim isə onları müdafiə etdi.
Hadisə nə idi, nə baş vermişdi, necə yanaşmalıyıq.

Öncə hadisənin qəhrəmanı olan fotomüxbirdən başlayaq. Bu görüntülər qarşıma çıxarkən Türkiyənin mərhum prezidenti Süleyman Dəmirəllə bağlı hadisə yadıma düşdü. Fotomüxbir Dəmirəlin eynəyinin şüşəsinin birinin düşdüyünü görərək o an obyektivinə köçürə bilmiş, qəzet də bunu zarafatla "korsan baba" başlığı ilə vermişdi. Həmin gün Dəmirəlin nə danışması unudulsa da, bu hadisə hələ də yaddaşlardadır.

Bu baxımdan elmi bir iclasda fotomüxbirin maraqlı görüntülər istehsal etməsi onun yaradıcılığı baxımından önəmlidir. Bizə xoş gəlsə də, gəlməsə də, davamlı gündəmdə olan AMEA-nın iclasından görüntülər əldə etməsi fotomüxbirin yaradıcılığı üçün müsbət hadisədir. Necə ki, adi iclas fotoları çəksəydi, gündəm olmayacaqdı. Ona görə də fotomüxbirin işini qınamaq düzgün olmazdı.

Burada qınanılası tərəf AMEA-nın iclasının formatı və iştirakçılıq məsələsidir. Əminəm ki, dünənki iclasın nəticəsinin fotoşəkli çəkilən Qəzənfər Paşayev üçün heç bir əhəmiyyəti yoxdur. Qəzənfər müəllim orada keçirdiyi vaxtın əvəzinə türkman qardaşlarımızla bağlı gördüyü işlərə daha çox zaman ayırmalıdır. Eləcə də səhhəti, yaş durumu imkan verməyən alimlərin iştirak etmələrinə ehtiyac yoxdu. Axı bəllidir ki, qapalı bir məkanda, rahat oturacaqda uzun müddət qalanda yaşlı nəslin mürgüləmək ehtimalı yüksəlir.

Digər tərəfdən onsuz da neçə ildir adı qalmaqallarda, siyasi polemikalarda hallanan AMEA-nın indiki vaxtda media ilə daha normal münasibət qurması, imicinin yenidən formalaşdırılmasına çalışması lazımdır.

Səksən yaşlı elm ocağının fəaliyyətindən orada çalışanların xaricində geniş ictimaiyyət xəbərsizdir.

Əgər AMEA media ilə münasibətlərini düzgün qursaydı, media subyektlərini öz alimlərinin fəaliyyətinə cəlb edə bilsəydi, həmin media da əlinə düşən fürsəti bu şəkildə dəyərləndirməzdi.

Ölkəmizdə fəaliyyət göstərən onlarla agentlik, portal mövcuddur. Gündəlik nəzər yetirsək, əksəriyyətində elmi mübahisələr, alimlərin müsahibəsi, kitabların müzakirəsi yoxdur. Ona görə də sosial mediada aktiv olan alimlər istisna olmaqla digərlərinin fəaliyyəti hiss olunmur. Çünki burada ikinci bir problem də var. AMEA-da çıxan nəşrlərin tirajı olduqca az olur, kütləvi satışı olmur, çap olunan əsərin varlığı hiss edilmir.

Düşünürəm ki, AMEA indən belə başına gələn bu hadisəni müzakirə edəcək, amma elə formatda ki, yeni görüntülər ortaya çıxmasın.

Bu məsələdə ən üzüldüyüm tərəf isə Qəzənfər Paşayev və Tehran Əlişanoğlunun hadisəyə münasibəti, Əkrəm Bağırovun isə sosial mediada hesabat yayması oldu. Axı buna nə gərək vardı? Sizin gördüyünüz işlər bəllidir, sadəcə deməli idiniz ki, bəli, mürgüləmişəm, özüm bilərəm...