BAKI, 6 avqust. TELEQRAF

Bu yaxınlarda 1960-cı ildə Bakıda çap olunmuş “Canlı xatirələr” adlı bir kitabı oxudum. Vaxtilə Bakıda mətbəələrdə kiçik vəzifələrdə çalışmış, daha sonra bolşevik ideologiyasına mənsub rus, erməni fəhlələrlə birlikdə Cümhuriyyətə qarşı təbliğat aparmış Cəfər Babayev adında bir şəxsin qələmə aldığı əsərdi.

Babayev Bakıda bənna ailəsində doğulmuşdu. Dövrün məşhur məktəblərindən olan “Səadət”də 6 sinif oxumuşdu. Üzeyir Hacıbəyli, Hənəfi Terequlov, Fərhad Ağazadə kimi şəxslərdən dərs almışdı. 1915-ci ildə “Səadət” bağlandığı üçün təhsili yarımçıq qalmışdı. Ona görə də bir il müddətində “Açıq söz” mətbəəsində Seyid Hüseynin yanında işləmişdi. Mətbəəçiliyə həvəsi dayısı vasitəsilə yaranmışdı: “Dayım Süleyman Kərimov da mətbəə işçisi idi. O, əvvəllər “İrşad” qəzetinin mətbəəsində işləyirdi. “İrşad”ın mətbəəsi Qız qalası yanındakı dalanda yerləşirdi. Mən 9-10 yaşlarında ikən Qız qalasına baxmaq, dəniz sahilini görmək üçün dayımın yanına tez-tez gedirdim. Dayım tərəqqipərvər bir adam idi. O, qabaqcıl ziyalıları, şairləri, inqilabçıları tanıyırdı. Sosial-demokratlara çox rəğbət bəsləyirdi. Mən Mirzə Ələkbər Sabiri ilk dəfə 1909-cu ildə dayımın yanında — mətbəədə görmüşdüm”.

“Açıq söz”dən sonra hökumət mətbəəsində afişa çapçısının şagirdi kimi işləyən Babayev bu dövrdə fəhlə yığıncaqlarına gedib, təşkilati işlərdə yer alıb. Bu vəsilə ilə Stepan Şaumyanla da tanış olub, rus, erməni fəhlələrlə birlikdə təbliğat aparıb. Şaumyanın evinə getdiyini, ondan toplantılar üçün dəstək aldığını yazan Babayev xatirələrinin dərcindən cəmi bir il qabaq İstanbulda vəfat etmiş aktiv bir müsavatçı gənci də yada salıb: “Yığıncağa Mirzəbala adlı bir nəfər də gəlmişdi. O, çıxış edib gəncləri Müsavat partiyasına qoşulmağa çağırırdı. Fəhlələr onun sözünü ağzında qoydular. Küyə basıb aşağı enməyə məcbur etdilər”.

Babayevin 40 il sonra xatirələrində bu tanınmış müsavatçı gənci - mühacirətdə bu firqənin ikinci sədri olmuş Mirzəbala Məhəmmədzadəni xatırlaması olduqca maraqlı haldır. O, xatirələrinin növbəti səhifələrində onu yenidən yada salıb: “Klubda yığıncaq olan kimi Müsavat tərəfdarları olan gənclər gəlib çıxış edir, bizimlə mübahisəyə girişirdilər. Bu gənclərin arasında qoçular da olurdu. Onlar keçirdiyimiz tədbirlərin gedişinə mane olur, aləmi bir-birinə qatırdılar. Həmin qoçuların arasında Mirzəbala adlı arıq, qıvraq bir gənc də vardı. O, gənc fəhlələrə göz verib, işıq vermirdi. Bizim fəhlə dostlarımız da onu təngə gətirmişdilər. O, hətta bir dəfə etiraf etməyə məcbur olmuşdu ki, bizim gənclər ittifaqımızın üzvləri ilə bacarmaq olmur. Burdan qovursan, oradan çıxır. Elə bil hər daşın altında bu ittifaqın üzvü vardır. Hara əlini uzadırsan, gənclər ittifaqı üzvünə rast gəlirsən”.

Babayev dövrün şahidi olduğu üçün hadisələri bolşevik rejiminin təqdim etdiyi şəkildə qələmə alıb. Bakı və ətrafında törədilmiş Mart soyqırımını müsavatçılarla daşnaklar arasındakı qarşıdurma kimi qələmə verib, bolşevikləri xilaskar kimi göstərib: “O zaman Türkiyə sərhədindən qayıdan əsgərlər öz silahlarını satıb hərəsi bir yana qaçırdılar. Müsavatçılar bu silahları alıb, döyüş dəstələri düzəldirdilər. Bu dəstələrdən biri də “Yardım alayı” adlanırdı. Müsavatçılar digər əksinqilabçı qüvvələri də bolşeviklərin üzərinə qaldırırdılar. Onlar ələ keçirdikləri silahları Lənkəranda, Astarada, Muğanda əmələ gəlmiş əksinqilabçı dəstələrə satırdılar; məsələn, muğanlıların qaldırdıqları qiyam nəticəsində yoxsul Azərbaycan kəndliləri daha da var-yoxdan çıxmış, quldurlar tərəfindən soyulub talan edilmişdilər. Müsavatçılar bu silahları Bakı limanındakı xüsusi gəmilərdə aparırdılar. Demə, dünən gecə də bir dəstə əksinqilabçı topladıqları silahı “Evelen” gəmisində aparmaq istəyiblərmiş. Bundan xəbər tutan qızıl qvardiyaçılar onlardan tələb ediblər ki, həmin silahları Bakı şurasına təslim etsinlər. Əksinqilabçılar isə bu tələbi rədd edib, onlara atəşlə cavab vermişdilər. Beş dəqiqəlik atışma zamanı qızıl qvardiyaçılar qələbə çalmışdılar. İntibahnamədə Azərbaycan zəhmətkeşlərinə müraciət edilirdi ki, müsavatçıların heç bir şayiəsinə aldanmasınlar”.

Halbuki ermənilərdən ibarət olan qırmızı qvardiyaçılar Şaumyanın əmri ilə Bakıda soyqırımı törətməyə hazırlaşırdılar və “Evelena” gəmisi məsələsi buna bəhanə olmuşdu. Belə ki, ermənilər Hacı Zeynalabdin Tağıyevin Lənkəranda xidmət edən oğlu Məhəmməd Tağıyevi şəhərdə baş vermiş qarşıdurma zamanı öldürmüşdülər. Onun 27 mart tarixində keçiriləcək dəfn mərasimində iştirak etmək üçün müsəlman alayının bir qrup zabiti Lənkərandan Bakıya gəlmişdi. Mərasim başa çatdıqdan sonra zabitlərin həmin gəmi ilə yenidən Lənkərana qayıtması nəzərdə tutulurdu. Məhz bu vəziyyətdən istifadə edən erməni dairələri Xəzər donanmasının matrosları, həmçinin eser və menşevik siyasi qüvvələri arasında qəsdən yalan məlumat yaymışdılar ki, guya bu gəmi ilə geri dönən zabitlər Lənkərandakı müsəlman hərbi hissələri ilə birləşərək Muğan bölgəsində yerləşən rus-malakan kəndlərinə hücum etməyə hazırlaşırlar. Bu təbliğatın nəticəsində azərbaycanlılar istisna olmaqla, şəhərdəki əksər siyasi və hərbi qruplar “Evelena” gəmisinin tərk-silah edilməsini dəstəklədilər.

Babayevin iddiasına görə müsavatçılar silahların qaytarılmasını tələb etmiş, nəticədə millətçi ermənilər daşnakları müsəlman camaatın üstünə salmışdı. Yəni bütün bu baş verənlərdən Şaumyanın xəbəri yox imiş: “Bakıda inqilab ilə əksinqilabi qüvvələr qarşı-qarşıya durmuşdu. Martın 30-da başlanmış qiyam üç gün davam etdi. Müsavatın silahlı dəstələri, “Yardım alayı”ı ikinci gün geri çəkilib, darmadağın oldu. Əhali Müsavatın “Yardım alayı”nın qaçdığını gördükdə ona “Cırdım alayı” deyib lağa qoydu. Bundan sonra şəhərdə daşnaklar dinc əhaliyə zülm etməyə başladılar. Lakin bolşeviklər onlara da “toy tutdular”. “Ardahan” və “Qars” gəmilərindən açılan top atəşi daşnakları da susdurdu. Bolşeviklər qələbə çaldılar”.

Halbuki bütün bu prosesi düzüb-qoşan, müsəlman camaatı qırdıraraq erməni və rusların dəstəyilə Bakıda “hökumət” quran məhz bolşeviklərdi.
Xatirələrində Müsavat hökuməti dövründə, hətta əsgər kimi xidmət etdiyi zaman bolşeviklərlə necə əməkdaşlıq etdiyini detallı yazan, Bakını işğaldan azad etmiş türk ordusunun əleyhinə ən ağır sözləri işlədən, nəhayət, bu fəaliyyətlərinə görə həbs edildiyini yazan Babayev güllələnməsinə az qalmış Müsavat hökumətinin devrildiyini və ona görə də azad olduğunu bildirib. Sonrakı illərdə isə o, arzusunda olduğu Leninlə olan görüşlərindən bəhs edib.
Onu da qeyd edək ki, xatirələrdə general Tlexasın və Əli bəy Ziziksinin də adı mənfi personalar kimi çəkilib.

Şübhəsiz ki, deyilə bilər ki, bolşeviklər Azərbaycanı işğal edəndən sonra Cümhuriyyət hökumətinin əleyhinə onlarla kitab yazdırıb, yüzlərlə məqalə, şeir dərc etdiriblər. Bunların yanında adi bir mətbəə işçisinin vətənə xəyanətindən bəhs edən xatirələrinin nə kimi əhəmiyyəti olacaq?

Ola bilsin ki, Babayevin xatirələrindəki bəzi qismlər dövrün məlum şöbələri tərəfindən artırılıb. Lakin 40 ildən sonra Şaumyana olan sevgisini izhar edən, türk ordusunu işğalçı, terrorçu kimi adlandıran bu xatirələri oxuyanda istər-istəməz bu yaxınlarda SSRİ bayrağı ilə yürüyüş etdikləri üçün həbs edilən yeni bolşeviklər yada düşür. Bəlkə, Babayev dövrün ab-havası içərisində aşırı təbliğat altına düşmüşdü, qocalığında da sidq-ürəklə mövcud rejimi dəstəkləyirdi. Amma xalqımızın qurduğu ilk respublikanı işğal edən, Mart soyqırımını törədən, 1937-ci il repressiyasını həyata keçirən və hamısı arxiv sənədləri ilə isbat edilən qırmızı Rusiyanı bu dövrdə dəstəkləmək hansı ağlın, məntiqin işi idi?

Cəfər Babayevin və sovet bayrağı arzusunda olanların faciəsi yolunu azmışlara böyük dərs olmalıdır.