BAKI, 7 oktyabr. TELEQRAF

Qonşu olmaq həmişə çox çətin olub. Bu, bizim müstəqilliyimiz uğrunda Rusiya ilə 24-cü müharibəmizdir.

Teleqraf xəbər verir ki, bunu Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenko “Bakı Dialoqu” çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda IV beynəlxalq konfransda çıxışında deyib.

"Biz heç vaxt silahı yerə qoymayacağıq. Heç vaxt işğalçılara, kriminal cinayətkarlara torpağımızda ağalıq etməyə imkan verməyəcəyik. Bu müharibəni sayla deyil, bacarıqla, müasir asimmetrik müharibə aparmaq qabiliyyəti ilə qazanacağıq" - Viktor Yuşenko əlavə edib.

Onun sözlərinə görə, hazırda müharibənin sərhəd xətti təxminən 2300 kilometrdir: "Bu, İkinci Dünya müharibəsi illərindən sonra, o cümlədən dəniz sərhədi də daxil olmaqla, birlikdə götürüldükdə ən böyük cəbhədir.

Qara dənizdə Ukraynanın donanması yox idi. Sevastopolda yerləşən həmin Rusiya donanmasının yarısı bu gün bizim texnologiyalarımızla Qara dənizdə məhv edilib və batırılıb. Bunu ona görə deyirəm ki, siz hər gün, hər dəqiqə, hər sutka bu müharibənin davam etdiyini anlayasınız.

Bilmirəm, raket hücumlarının, pilotsuz uçuş aparatlarının, idarəolunan aviasiya bombalarının xəritəsini göstərmək imkanımız olsaydı, mənzərə necə alınardı... Ölkədə elə gün yoxdur ki, mülki əhali arasında ölənlər olmasın. Bizdə hər gün dəfn mərasimləri keçirilir. Amma şübhəsiz ki, ən böyük faciə cəbhə xəttindədir".