BAKI, 11 yanvar. TELEQRAF

Dövlət başçısının son müsahibəsində növbəti dəfə Azərbaycan dili məsələsinə toxunması, irad və təkliflərini bildirməsi cəmiyyətdə yeni müzakirələrə səbəb oldu.

Müxtəlif qurumlarda alimlər, ictimaiyyət nümayəndələri dilimizin istifadəliliyi ilə bağlı problemləri sadaladı, fikirlərini irəli sürdülər.

Amma mənə elə gəlir ki, dillə bağlı məsələlər yanlış istiqamətdə davam edir.

Əvvəla bir dövlət başçısı dillə bağlı məsələni gündəmə gətirirsə, burada restoranda menyuların (çeşnilərin) yazılışı, reklam lövhələrinin əcnəbi dildə olması kimi məişət səviyyəsindəki hallar anlaşılmamalıdır. Əksinə, Prezident dilimizin saflığından, qorunmasından bəhs edirsə, burada onun ranqındakı məsələlər ətrafında düşünməliyik.

Dövlət başçısının dillə bağlı suala verdiyi cavabdakı ilk cümləyə diqqət edək: “İlk növbədə, dil insanları birləşdirir, əhalini birləşdirir. Dil dövlətçiliyin əsas atributlarından biridir, bəlkə də birincisidir, təbii ki, bayraqla, gerblə, himnlə birlikdə”.

Bu cümlənin altında yatan mahiyyətə nəzər yetirməliyik. Yada salaq ki, dilimiz yüz il ərzində siyasi mahiyyətini də qazanıb, Yer üzündə yaşayan 50 milyon azərbaycanlını birləşdirən atribut da olub. Bu gün milyonlarla azərbaycanlı başqa bayrağın, başqa gerbin altında yaşayır. Amma eyni dildə düşünür, eyni dildə xəyal qurur, eyni türkcənin aşiqi kimidirlər. Bu gün dilimiz Təbrizdəki türkü də, Kərkükdəki türkmanı da əhatə edir. Ona görə də Azərbaycan dilinin qorunması ilkin olaraq buna görə önəmlidir. Prezident özü də açıq şəkildə dedi ki, həmin coğrafiyada ədəbi dili qoruyan tək ölkə Azərbaycandır. Yəni bu gün Azərbaycan dili nə qədər təmiz, doğru və güclü olarsa, siyasi sərhədlərimizin kənarında yaşayan azərbaycanlılar da o dərəcədə dilimizə hakim olacaqlar.
Arazın o tayında yaşayan soydaşlarımız bu gün yazdıqları mətnlərdə Türkiyə, Azərbaycan türkcəsi, eləcə də ərəb-fars, ingilis dillərində olan kəlmələrdən istifadə edirlər. Orada və bizdə yazılan mətnləri yanaşı qoyduğumuzda çoxlu fərqlərin olduğunu görürük. Ona görə də Azərbaycan dili qorunmalı, təbii inkişafına çalışılmalı, gərəkərsə ədəbi dilimizdə olmayan, amma tarixi bölgələrimizdə istifadə olunan kəlmələr inteqrasiya edilməlidir. Necə ki, Prezdident cavabının davamında vurğuladı ki, dil o amildir ki, milləti millət edir. Prezident çıxışında onu da arzuladı ki, dünya azərbaycanlıları dilimizdə mükəmməl şəkildə danışsınlar. Məişət səviyyəsini aşaraq, ədəbi dildə fikirlərini ifadə etsinlər.

Şübhəsiz ki, dilin gücü dövlətin iqtisadi-siyasi gücü ilə birbaşa bağlıdır. Bu gün əvvəlki dövrlərlə müqayisədə Çin dilinə olan maraq da buna görədir. Ötən əsrlərdə Anadoludan Türküstana, Dağıstandan Kəngər körfəzinə qədər geniş bir coğrafiyada Azərbaycan türkcəsinin gücü vardı. Sovet İttifaqında siyasət dilinin və ümumi mətbuatın rus dilində olması təsadüfi deyildi. Avropa dövlətlərinin müstəmləkə altında saxladıqları ölkələrdə öz dillərini hakim etmələri də təsadüfi deyildi. Doğrudur, imperiya dillərinin zəif müsətəmləkə ölkələrində müəyyən qədər inkişafa səbəb olduğu bəllidir. Amma unutmayaq ki, başlanğıcda tərəqqi olaraq düşünülən bu hal gələcəkdə milli mədəniyyətin iflasına səbəbiyyət verməkdəydi. Necə ki, çar ordusunda böyük şücaətlər göstərmiş Səməd ağa Mehmandarov kimi generalımız müstəqil Azərbaycan Parlamentində öz dilində danışa bilmədiyi üçün millət vəkillərindən üzr istəmişdi.

Bu mövzuda diqqət edilməli bir məsələ də yazı dili ilə bağlıdır. Təəssüf ki, Azərbaycan dili akademik səviyyədə inkişaf edə bilmir və ya dilimizdə yazılan mətnlər anlaşılmır. Avropa dillərində olan klassik və modern mətnlərin dilimizə edilən tərcümələrini də oxucular müsbət qarşılamırlar. Bu gün paytaxtda istənilən kitab mağazasından aylıq satış hesabatını istəsək, görərik ki, ən çox rus və türk dilində olan kitablar satılmaqdadır. Ədəbi dilimizin ən ciddi problemlərindən biri də budur.
Prezidentin gündəmə gətirdiyi Azərbaycan dili məsələsi, fikrimizcə, siyasi mahiyyətlidir. Digər məsələlərlə müvafiq qurumlar məşğul olmalıdır. Əgər dilimizin sahədəki tətbiqində problemlər varsa, buna cavabdeh olan qurumlar məsuliyyətli davranmalıdır. Dilimizin gücünə inanmalı, Azərbaycan mədəniyyət coğrafiyasında daha düzgün şəkildə mənimsənilməsinə çalışmalıyıq.