BAKI, 11 mart. TELEQRAF
Osmanlı sultanı II Əbdülhəmidin zamanında 13 il Paris səfiri olmuş Saleh Münir paşa (Çorlu) 1857-ci ildə İstanbulda doğulub. Ticarət və nafiə naziri Mahmud Cəlaləddin paşanın böyük oğlu, XVIII əsrdə sədrəzəm olmuş Çorlulu Əli paşanın nəvəsidir.
Qalatasaray sultanisini bitirən Saleh Münir Babialidə məmurluq həyatına başlayıb, bir müddət Əhməd Vefik paşanın katibi olub. Ailəsinin vəzifəsindən dolayı sarayda qısa zamanda nüfuz qazanıb, Xariciyyə Nəzarətində məktubçu vəzifəsində çalışıb, 1895-ci ildə isə Parisə səfir göndərilib. Dərin diplomatik qabiliyyətə sahib olan Saleh Münir bir müddət Bern və Brüksel səfarətinə də rəhbərlik edib.
1908-ci ildə İkinci Məşrutiyyətin elanından sonra vəzifəsini itirib, lakin Parisdə qalaraq tarixi tədqiqatlarla məşğul olub. Parisdə Siyasi Tarix İnstitutuna üzv qəbul edilən Saleh Münir həmin mövzuda fransız dilində əsər çap etdirib, eləcə də türk dilində “Diplomatiya” və “Almaniya” adlı kitabları işıq üzü görüb. Cümhuriyyətin elanından sonra Türkiyəyə qayıdıb, 1939-cu ildə vəfat edənə qədər Başvəkalət arxivində çalışıb. Beşiktaşda Yəhya əfəndi dərgahında dəfn olunub. Vəfatı Paris mətbuatında da yer alıb.
Tale Saleh Münir paşanı Qacar hökmdarı Müzəffərəddin şahla qarşılaşdırıb.
Müzəffərəddin şah 1853-cü ildə Tehranda doğulub. 1861-ci ildən Azərbaycan valisi olub, Təbrizdə yaşayıb. Nəsrəddin şahın oğlu olaraq 1896-cı ildə taxta oturub. 1900-cü ildə Osmanlı imperiyasına səyahət edib. 1907-ci ildə vəfat edib.
“Akşam” qəzetinin 12 avqust 1938-ci il tarixli sayında Saleh Münir Çorlunun bir xatirəsi dərc olunub. “İran şahı Müzəffərəddin şahla bir mülaqatıma dair” başlıqlı xatirəsində o, şahla görüşünə dair göstəriş aldığını bildirib. Onun yazdığına görə, Müzəffərəddinin dövründə erməni dəstələrinin, eləcə də Rusiyadan və Osmanlıdan çıxan ermənilərin Osmanlı ilə Qacar hüduduna yığılmaları hökumət tərəfindən müşahidə olunub. Şahın vəzirlərinin və bəzi əyanlarının bu prosesə dəstək olduqları, Dikran Telekyan adında bir erməniyə xanlıq ünvanı və üçüncü dərəcədən şir-xurşid nişanı verildiyi bildirilib. Eləcə də Osmanlı təbəəsindən Cəvahirciyana dördüncü, dəllal Merakçıyana beşinci dərəcədən nişanlar verilib. Həmçinin İranda erməni məktəblərinin açılması dəstəklənib.
Buna görə də həmin ərəfədə Fransaya səfər edən şahla görüşməsi və erməni dəstələrinin planlarının qarşısını almaq üçün ona təsir etməsi tələb olunub. Fransanın Kontreksevil şəhərində dincələn şahla görüşə gedən Saleh Münir paşa xatirəsində yazıb: “Ertəsi gün gəlib görüş tələb etməzdən öncə şahın sədrəzəmi mövqeyində olan atabeyi-əzəmlə görüşdüm. Bu şəxsin ziyalı və mötəbər bir insan olduğunu, eləcə də Türkiyənin dostu olduğunu eşitmişdim... Atabeyi-əzəm Avropa dövlətlərinin yürütdüyü siyasətin mahiyyətini çox yaxşı qavramışdı. Fikirlərində və nəzəriyyələrində xəta etmirdi”.
Atabeyi-əzəmlə xeyli söhbət edən Saleh Münir paşa narahatlıqlarını onunla da bölüşüb, hər iki dövlətin mənafeyinə uyğun fikirlər ifadə edilib. Daha sonra sərkatib onu Müzəffərəddin şahın yanına aparıb: “Şah məni ayaqda nəzakətlə və nəvazişlə qəbul etdi, yanındakı kresloda əyləşməyimi istədi. Azərbaycan türkcəsi ilə səlis danışırdı. Dediklərini diqqətlə dinləyərək başa düşürdüm. Mən də vaxtilə Əhməd Vefik paşanın əmri və tövsiyəsilə Azərbaycan türkcəsini bir az öyrənmişdim. Xatirimdə qalan kəlmələri sərf edərək danışmağa çalışdım. Şah da məni başa düşürdü. Şərq adətlərinə və təşrifat qaydalarına tamamilə müvafiq qalaraq, olduqca ehtiramkar bir vəziyyətdə və möhtərəmanə kəlmələr istifadə edərək mükalimə edirdik. Fikrimdə qüsur etməyərək padşahın salamını və xalisanə təmənnilərini xoşuna gedəcək sözlər və ləfzlərlə təbliğ etdikdən sonra əsas məsələyə keçdik”.
Saleh Münir paşa erməni məsələsi ilə bağlı narahatlığını bu cümlələrlə bildirib: “İstanbulda eşidildiyi kimi Tehrandakı vəkilləriniz və əmirləriniz sizin də, bizim də, hətta onlara baş qoşmayan ağlı başında olan ermənilərin də düşməni olan komitəçiləri qəbul edib hüdudunuz boyunca toplu şəkildə məskunlaşdırsalar, aramızda bir ilan yuvasını qurmuş olacaqlar. Bu mənhus həşərat rahat dayanmayaraq ətrafa hücum edəcəklər. Bu halda məmləkətlərimizin əmniyyət və asayişinə xələl gələr. O tərəflərdəki hər iki dövlətin təbəələri əzilər, beyhudə qan tökülər, kəndlər xaraba qalar... Ona görə də komitəçilərə üz verməməyinizi padşah adından rica etməyə gəldim”.
Saleh Münir paşa yazır ki, şahın fikirlərimlə razı olduğu tövründən bəlli idi: “Necə ki, zənnim məni yanıltmadı. Sözümü bitirdiyimdə mənə xitabən “vəziri-muxtar!” (o andan etibarən mənə bu ünvanla xitab etməyə başladı), dedikləriniz eynilə həqiqətdir. Bu nabekarları aramıza soxmayaq, rədd olsunlar” dedi və baş katibini çağırdı və ona “sənə vəziri-muxtar (yəni mən) nə söyləsə, o şəkildə qəti bir teleqram göndər” dedi. Ona həmən kamali-təzimlə və hər cür dua və səna ilə təşəkkür etdim. Məmnun oldu və “sərkatibimlə teleqramı Tehrana yolladıqdan sonra siz də padşahınıza salamımı teleqramla göndərin” dedi”.
Şah fürsətdən istifadə edib Saleh Münir paşadan Fransadakı əhvala dair xəbərlər soruşub, suallar verib. Xalqın yaşayışı, vəziyyəti, işi barədə ona bir xeyli məlumat verib. Şah Saleh Münir paşanın zərafətindən çox razı qalıb, onu bir gün də qonaq edərək şərəfinə həsr edilən at yarışını birgə izləməyə dəvət edib. Yarış zamanı onlar birlikdə fotoşəkil də çəkdiriblər.
Saleh Münir paşanın bu xatirəsi Osmanlı-Qacar münasibətləri baxımından olduqca maraqlı hadisədir və qonşu dövlətlərin ortaq zərərvericilərə qarşı birlikdə olmalarının vacibliyini göstərən bir olaydır.