BAKI, 7 oktyabr. TELEQRAF
“İtkin problemi ilə bağlı tarixi təcrübəsi olan ölkələr öz şəraitlərinə uyğun müxtəlif mexanizmlər formalaşdıra bilərlər”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstanın İtkin şəxslərin qalıqlarının axtarışı və təhvil verilməsi üzrə Qurumlararası Komissiyanın rəhbəri Tea Akhvlediani "Bakı Dialoqu" çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda IV beynəlxalq konfransda çıxışında deyib.
O bildirib ki, bu istiqamətdə ölkələri ümumi humanitar məqsəd birləşdirir:
“Bu məqsəd itkin şəxslərin taleyini və harada olduqlarını müəyyənləşdirmək, mümkün olduğu hallarda isə onların ailələrinə uzun illərdir gözlədikləri cavabları verməkdir”.
Tea Akhvlediani qeyd edib ki, Gürcüstanın itkin şəxslərlə bağlı humanitar nəticələrin aradan qaldırılmasına yönəlmiş səyləri 1990-cı illərin əvvəllərinə gedib çıxır: “Ailələrin təşəbbüsü ilə başladılan və hökumət tərəfindən dəstəklənən səylər nəticəsində həmin dövrdə 200 itkin şəxsin qalıqları müəyyənləşdirilərək ailələrinə təhvil verilib.
Proqram 1990-cı illərdə baş vermiş silahlı qarşıdurmaların və 2008-ci ilin avqust müharibəsinin nəticələrinə cavab olaraq yaradılıb. Proqram çərçivəsində daha 334 itkin şəxsin şəxsiyyəti müəyyənləşdirilərək ailələrinə qaytarılıb”.