BAKI, 22 yanvar. TELEQRAF

1921-ci ildə Cümhuriyyət Parlamentinin üzvü olmuş İbrahim Əbilov Sovet Azərbaycanının Türkiyədəki səfiri təyin olunur. Türkiyə o dövrdə Mustafa Kamal paşanın liderliyində qurtuluş mücadiləsi aparırdı, bu baxımdan bir türk ölkəsindən yeni səfirin gəlməsi istiqlal alovuna əlavə bir qığılcımdı. Necə ki qısa zamanda Mustafa Kamal paşa ilə yaxın dostluq münasibəti quran Əbilov mütəmadi olaraq onunla görüşür, Rusiya ilə Türkiyə arasındakı münasibətlərdə önəmli rol oynayır.

Həmin ilin oktyabrın 21-də Türkiyənin xarici işlər naziri Yusif Kamal bəy Ankarada səfarətin heyətini qəbul edir, iki gün sonra isə səfirlik binasında Sovet Azərbaycanının bayrağı qaldırılır.

Azərbaycan səfirliyinin heyəti geniş idi. Aralarındakı bəzi şəxslər siyasətlə yanaşı teatr tariximiz baxımından da önəmlidir. Məsələn, informasiya şöbəsinin əməkdaşı Rza Təhmasib, təsərrüfat üzrə müdir və komendant Nadir İbrahimov, İbrahim Əbilovun şəxsi mühafizəçisi Qara Dünyamalıyev həm də aktyor kimi Ankarada öz bacarıqlarını nümayiş etdiriblər. Belə ki, onların sayəsində Ankarada ilk dəfə olaraq Azərbaycan teatrı, musiqisi şəhər əhalisinə və TBMM hökumətinin rəsmilərinə təqdim edilib.

Gələcəkdə ölkəmizin tanınmış rejissoru və aktyoru olacaq Rza Təhmasib bu dövrlə bağlı xatirələrində maraqlı bilgilər verib: “…Biz Ankarada yetimlərin xeyrinə bir tamaşa verdik. O tamaşada “Əsli və Kərəm”dən, “Aşıq Qərib”dən səhnələr göstərdik. “Bizim kirayənişin özünü öldürdü” və “Dursunəli və Ballıbadı” vodevillərini oynadıq. Gecənin rejissoru mən idim. Tamaşanın təsiri çox böyük oldu. Ankara, Trabzon, Samsun, hətta İstanbul qəzetləri də bu tamaşa haqqında, onun yüksək peşəkar keyfiyyəti barədə fikirlər söylədilər. Bir dostluq rəmzi olaraq bu təşəbbüs böyük qiymətlə ölçüldü. Maddi kömək də yerinə düşmüşdü”.
Təhmasib bu gecələrin çox məhsuldar keçdiyini yazıb, səfarət işçilərindən Nadir bəyin oyunundan bəhs edib:
“Axı yoldaşların içərisində bir peşəkar aktyor Nadir İbrahimov idi, bir də az-çox mən. Nadir həm tarda gözəl çalırdı, həm də Aşıq Qərib və Kərəm rollarında gözəl çıxış edir, yaxşı oxuyurdu. Azərbaycan musiqisi, mahnısı Ankarada ilk dəfə idi ki, səslənirdi. Ankaralılar bizim musiqiyə məftun olmuşdular. Nadir qaraqaş, qaragöz, gözəl bir oğlan idi. O, tarı döşünə basıb çalıb-oxuyanda, türklərin adətinə görə, “allah” sözləri salonu bürüyürdü”.

Xatirələrdəki ən maraqlı yer Mustafa Kamal paşanın Hüseyn Cavidin “İblis” pyesini bəyənməsi ilə bağlı yazdığı qeydlərdir: “Tamaşanın sonunda mən İblisin son monoloqunu qrimlənmiş və kostyumda söylədim. Ani sükutdan sonra alqış səsləri salonu titrətdi. Cavid şeiri hamını valeh etmişdi. Mustafa Kamal Paşa başda olmaqla bütün ərkani-hərb, mətbuat işçiləri, ziyalılar, şairlər, Ankarada məsul işlərdə çalışan azərbaycanlılar Cavid yaradıcılığına məftun oldular”.

O dövrdə TBMM hökumətində köhnə dövrün tərəfdarlarının da müəyyən qədər gücü vardı. Ona görə də “İblisin monoloqu” birmənalı qarşılanmayıb: “Tamaşadan sonra mehmanxanaya qayıdanda uca boylu, şux geyimli bir əfəndi çox mədəni və nəzakətli bir tərzdə məndən söylədiyim monoloqun üzünü istədi. Dedi ki, monoloq çox böyük təsir buraxmışdır və onu əzbərləmək arzusunda olanların xahişi ilə məndən acizanə rica edir, yazını mütləq qaytaracağına söz verdi. Doğrusu, mən buna çox sevindim və monoloqu ona verdim”.

Təhmasib həmin şəxsin kimliyini səfirlikdə öyrəndikdən sonra onun təzyiq nəticəsində Türkiyədən çıxarılma ehtimalı yaranıb: “Məlum oldu ki, həmin şeiri maraqlı hesab edən şəxs məclisin sağ cinahına mənsub mürtəce dəstənin başçılarından biridir. Onlar məclisin kuluarlarında məsələ qaldırıblar ki, Azərbaycan səfirliyinin işçisi Ankarada din və dövlət əleyhinə bolşevik təbliğatı aparır. İbrahim Əbilov məsələni Mustafa Kamal Paşaya çatdırmalı oldu və yalnız onun işə qarışması ilə mən müdafiə olundum. Türkiyədən qovulmadım”.

Mustafa Kamal paşa Rza Təhmasibə böyük hörmət göstərib, monoloqu yenidən oxumasını istəyib: “Bu hadisədən sonra məni Mustafa Kamal Paşanın məclisinə dəvət etdilər. Məclisdə Türkiyənin o zamankı ədibləri və şairləri də iştirak edirdilər. Atatürk məndən həmin monoloqu söyləməyi rica etdi. Mən İblisin: “Min hiylə quran tülkü siyasətlər” sözlərini onun gözlərinin içinə deməkdən xüsusi zövq alırdım. Mustafa Kamal Paşa mənim deklamasiyamdakı məna vurğusunu başa düşürdü, lakin Cavid şeiriyyəti onu hər dəfə valeh edirdi. Belə axşamlar tez-tez təkrar olunurdu. Bizim görüş gecələrimizdə də Mustafa Kamal Paşa yaxın adamları ilə, çox vaxt da tək iştirak edərdi. Hər dəfə də: “Rza bəy, şu monoloqu lütfən söyləyiniz” — deyə xahiş edərdi. Mən onun üzünün, gözlərinin ifadəsindən, təbəssümündən və razılıq hissindən ilham alır, monoloqu şövqlə ifa edir, bundan böyük yaradıcılıq zövqü duyurdum”.

Beləliklə, Rza Təhmasibin Atatürkün qarşısında Hüseyn Cavidin “iblisi”nin monoloqunu söyləməsi tarixin qəribə hadisələrindən biridir.