BAKI, 23 mart. TELEQRAF
Azərbaycan sovet ədəbiyyatına nə zamansa həm tarixi kontekstdə, həm də bədii-estetik meyarlarla qiymət veriləcəyinə sadəcə ümid edirəm.
Azərbaycan sovet poeziyasının böyük fiquru Səməd Vurğunun ötən əsrin 20-ci, 30-cu, 40 və 50-ci illərində - dəhşətli hadisələrin ard-arda düzüldüyü dövrlərdə bir şair, bir insan və bir ictimai persona olaraq "haradan hara gəldiyini" elmi tədqiqat səviyyəsində öyrənmək çox maraqlı olar. Məsələn, "Ölən şeirlərim"i 1934-cü ildə, "Mən tələsmirəm"i ölümünə cəmi 2 il qala, 1954-cü ildə yazıb.
Yoxsa Stalinin ölümündən, Mir Cəfərin həbsindən, yəni böyük ifşadan böyük şair (düzdü, 20-ci qurultay hələ olmamışdı) heç sarsılmamışdı? "Dostlar, badələri qaldırın içək!" deyə "Mən tələsmirəm"lə həyata və şeirə başlayırdı!
Həmişə məndə təhrifli belə bir təsəvvür olub ki, "Azərbaycan" şeiri şairin daha ahıl yaşlarında, məsələn, 1953-cü ildən sonra, ictimai və fərdi seysmolojilərin ardınca qələmə alınıb. Yox. Tamamilə anaxronizmdi. "Azərbaycan"ın zamanı başqa bir zaman olub: 1935-ci il.
Etiraf edim, həmişə Səməd Vurğun şeirinin sehrində olmuşam.
"Sən ellər toyusan, ellər bayramı,
Könüllər mülkünün laləzarısan.
Mən səndən almışam eşqi, ilhamı,
Sən şair ömrümün ilk baharısan..."
Bu misraların Oktyabr inqilabına həsr edildiyini ancaq sərlövhəsindən bilmək olar.
"Aynabənd evlərin eyvanı sərin,
Yuyunur qoynunda al şəfəqlərin,
Hər batan axşamın, doğan səhərin
Hüsnü salamlayır pəncərələri..."
"Buludlar dağılır uzaqda lay-lay,
Yenə öz yerində yuvarlanır ay.
Fəqət nə Cəlal var, nə də ki Humay..."
"Ayazlı, şaxtalı bir qış axşamı,
Yeddi yoldaş olub yola düzəldik,
Qarlarla örtülü bir düzə gəldik..."
"Gələn qaraltıdı, yoxsa təhlükə?.."
Və sair.
Bir doğru da gəldi, onu da deyək: "Mən tələsmirəm"i şedevr saymıram, orda "əzəl başdan" riya duydum. Bioqrafik fakt da bu şeirə sərf olunmuş ilhamı və sezgini puça çıxarır, təəssüf ki... Əslində şair tələsməliydi, qüruba az qalırdı.
Valideynlərinə Səməd adını Şirvan şeyxlərinin verdiyi barədə biz tərəfdə bir rəvayət dolaşır, bəlkə mənim Vurğun şeirinə izahsız bağlılığımda kollektiv şüurdan gələn cizginin də rolu var?
Bir həqiqətlə yekunlaşdıraq: Səməd Vurğun şeiri nə qədər sirli-sehrli, şairin şəxsiyyəti nə qədər saf və cəlbedici görünsə də, o, özü Gücə, İqtidara, Quruluşa şübhə yeri qoymadan QUL-luğun, xidmətin simvoludu. Şairin bioqrafiyasını və yaradıcılığını bu yükdən azad etmək heç vaxt, heç cür mümkün olmayacaq...