BAKI, 10 avqust. TELEQRAF

1983-cü ildə “Yazıçı” nəşriyyatında çıxan “Qızılbaşlar” adlı kitabın qapağında sadə bir rəssam işi vardı. Günəşin önünü kəsən qara buludlar və at üzərində əyləşmiş, saçları dalğalanan bir hökmdar. Romanın müəllifi o illərdə şeirləri, hekayələri ilə tanınan Əlisa Nicatdı.

Azərbaycanda geniş bir nəsil Şah İsmayıl Xətai sevgisinə bu əsər vasitəsilə yoluxub. Doğrudur, o illərdə kifayət qədər Xətai və Səfəvilərlə bağlı araşdırmalar aparılmışdı, amma kütlənin şahı öyrənməsi, ona qarşı hörmət bəsləməsi bu kitab vasitəsilə olmuşdu.

Romanı hər kəs oxuyub, ona görə də əsərin mahiyyətinə toxunmadan günlərdir müzakirə edilən Şah İsmayıl məsələsinə müəyyən qədər nəzər yetirməyə çalışacağıq.

Əlisa Nicatı yada salmağımızda məqsədimiz isə bu gün onun 90 illik yubileyinin olmasıdır. Şahı və qızılbaşları bizə sevdirən Əlisa müəllimi təbrik edir, ona ömrünü sağlam başa vurmasını arzulayıram.
Səfəvi məsələsinə gələk.

Əvvəllər də dəfələrlə müzakirə olan bu mövzu Elnur Nəsirovla Ceyhun Bayramlının debatından sonra yenidən gündəmə gəldi, amma bu dəfə şiddəti və sədası bir qədər çox oldu. Buna səbəb isə həm debatçıların, həm də müzakirə tərəflərinin bir-birini ittiham etmələri, ağır sözlər söyləmələri idi.

Açığı başqa cür də gözləmirdim. Məhəmmədəmin Rəsulzadə məsələsində də eyni adamların eyni tip yanaşmalarına şahid olduğum üçün həmin müzakirələrə qoşulmağı özümə qadağan etmişdim.

Amma sosial şəbəkədə istər-istəməz qarşımıza çıxan bu müzakirələri görüncə bir neçə kəlmə kəsməyi lazım bildim.

Əvvəla tarixi məsələlərə yanaşıldığı zaman bu gün sahib olduğumuz və təməli XIX əsrdə qoyulan milli, modern dəyərlərimizi rəhbər tutaraq hücum etmək yumşaq desək savadsızlıq əlamətidir. Şah İsmayılın daşıdığı dünyagörüşü, o dövrdə onun rəqiblərinin sahib olduqları inanc tarixçi üçün sadəcə yazı mövzusu olmalıdır. Necə ki Roma imperatorlarının, Misir fironlarının inancını bu gün gülüş obyektinə çevirmiriksə, Şah İsmayılın və Sultan Səlimin dövründəki məzhəb məsələlərini də bugünkü öz dini baxışımıza qatmamalıyıq. Səfəvi, Osmanlı türk tarixinin ən mühüm bir dövrü idi, səltənətlərini başa vurub tarixin qürubuna çəkildi. Bu gün nə Avropaya qədər uzanan Osmanlı var, nə də Hindistana qədər genişlənən Səfəvi var. Amma təbii ki hər iki imperiyanın mirası bu gün qalır, müxtəlif müstəqil ölkələrdə izləri yaşamaqdadır.

Səfəvilərin Azərbaycan dövləti olub-olmaması məsələsini müzakirəyə açmaq belə məqsədəuyğun deyil. Mərkəzi Təbriz olan, türk dilində danışan, yazan, İrəvanı, Şamaxını, Bakını, Ərdəbili özündə ehtiva edən bir dövlətə sahib çıxmamaq, onu öz dövləti hesab etməmək ancaq yad düşüncənin məhsulu ola bilər. Ona görə də heç bir ciddi tarixçi bu məsələni müzakirəyə açıq elan etmir.

Səfəvi mirasının bugünkü İran İslam Respublikasını doğurduğu məntiqinə gəldikdə isə...
Düşünürəm ki, dava əslində bunun davasıdır. İranın keçmişdə Nardaranda, bu gün Borçalıda etdiklərini Səfəvi mirası kimi qəbul edənlər var. Halbuki bu gün Türkiyəni caynağına almış, milyardlara sahib olan “mənzil”çilərin, 10 il əvvəl Türkiyədə hərbi çevrilişə cəhd edən fətullahçıların, qızları, qadınları kölə edərək alıb-satan adnan oktarçıların, İslamı gözdən salmaq üçün rəvayətlər danışan cübbəli əhmədlərin Osmanlı mirası olduğunu kimsə dilə gətirməz. Düz də edər. Çünki bu təriqətlərin, terror əmri verən xocaların İslama və Osmanlıya heç bir dəxli yoxdur. Osmanlıda və Türkiyədə üsyan qaldıran şeyxlərin əməllərinin isə din pərdəsi altında kürd separatizmi olduğu da bilinən məsələlərdir.

Fətullah Gülən qırıcılarını parlamentə tuşlayanda Osmanlıdan əmr almırdı, haraya sığınmışdısa oralardan idarə olunurdu.

Mənzil təriqəti bu gün pul üstündə bir-birini qırarkən Osmanlıdan, Həzrəti Ömərdən əmr almır, haradan bəslənildiyi, necə himayə edildiyi bəllidir.

Xamneyi Borçalıda, Nardaranda beyin yuma əməliyyatı keçirərkən Şah İsmayıldan göstəriş almırdı, fars müstəmləkə siyasətinin şiəliklə pərdələnmiş versiyasından yararlanırdı.

İndi İran Şah İsmayıldan, Səfəvidən öz məqsədi üçün istifadə edirsə, biz böyük bir tarixin üzərindən xətt mi çəkməliyik?

Zatən xətt çəksək, pusquda dayananlar var.

Məsələn, Türkiyədə “Kürd xanədanı Şəddadilər”, “Qədim kürd dövləti Kutilər” kimi kitablar gen-bol satılır. Eləcə də Şah İsmayılı mütəmadi kürd çıxaran kürd tədqiqatçılar var. Onlar hazır dayanıblar. Siz Səfəvidən imtina etdiyiniz anda, qəbullanacaqlar. O zaman elə birinci Urmiyanı itirmiş olacağıq.
İslam tarixində saysız-hesabsız təriqətlər, görüşlər olub. Orta əsr dövlətləri bu təsirlərə şiddətli şəkildə məruz qalıb. Dövrün xarakterik xüsusiyyətləri bunu tələb edirdi. Bu görüşlər bu günün pəncərəsindən zərərli, ziyanlı ola bilər. Amma Şah İsmayılın inancı ilə qurduğu dövlət məsələsi ayrı-ayrı mövzulardır. Biz Şah İsmayılı dövlət qurmuş sərkərdə, ana dilində şeir yazmış bir şair kimi daha çox öyrənirik, rəğbət bəsləyirik. Əgər inanca qalsa, orta əsrlərdəki hansı inancı müdafiə etmək olar ki?

Azərbaycançılıq bizi gələcəyə daşıyan tək yoldur. Bu ideologiyanın içərisində bizim keçmişdəki dövlətlərimizin mirası da var. Bura Təbriz də, Bakı da, İrəvan da daxildir. Bura Eldənizlər də, Ağqoyunlular da, Səfəvilər də daxildir. Bizlər keçmişdən gələn böyük bir tarixin bu gün Azərbaycan adında ətə-cana dolmuş halıyıq. Bir üzvümüzdən imtina etsək, digərləri də çürüyər.