Tiflis, 28 may 1918-ci il, sabah saatları.
Azərbaycan Milli Şurasının sədr müavini doktor Həsən bəy Ağayev Cənubi Qafqazda yaranan yeni şəraiti dəyərləndirmək üçün kürsüyə çıxır
.

Şuranın katibi Mustafa Mahmudov əlindəki kağızları masaya düzərək səsvermənin nəticəsini yazmağa hazırlaşır. Əllərinin əsdiyini hiss edir, ortaq hökumətin dağılmasından sonra istiqlalın elan edilməsinin vacibliyini başa düşür.

O, Milli Şura üzvlərinin adlarını tək-tək oxumağa başlayır. Kimlərin istiqlala rəy verdiyi soruşulur. Bir-bir əllər yuxarı qalxmağa başlayır. Cəmi iki nəfər səssizcə dayanır: Cəfər Axundov, Sultanməcid Qənizadə. İkinci sonralar parlamentdə sədrin müavini vəzifəsinə qədər yüksələcəkdi. Çünki elan edilən İstiqlal Bəyannaməsində Cümhuriyyətin hər kəsin olduğu yazılmışdı... Eləcə də ona səs verməyənlərin.

Saat 9-a 10 dəqiqə işləmiş Həsən bəy Ağayev səsvermənin nəticəsini elan edir: Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyət haqqına sahibdir və Azərbaycan tamhüquqlu bir dövlətdir.
Müstəqilliyimizin hekayəsinin zirvə nöqtəsi həmin gündü. O günə qədər isə Azərbaycan xalqı, ziyalıları bir çox mərhələlərdən keçmişdilər.

Cümhuriyyət millət-dövlət quruculuğu formulunun təntənəsi idi. Modern anlamda Azərbaycan millətinin təməli birbaşa dil amili ilə bağlıdır. Bu isə Mirzə Fətəli Axundzadə ilə başlamış milli ədəbiyyat, Həsən bəy Zərdabi ilə əsası qoyulan milli mətbuat ilə birinci mərhələdən keçmiş, ardınca Rusiyanın Yaponiya qarşısındakı məğlubiyyətindən sonra yaranan yeni şəraitin gətirdiyi azadlıqlar sayəsində ikinci mərhələsinə qədəm qoymuşdur.

İkinci mərhələni ən məhsuldar dönəm hesab etmək mümkündür. Bu dövrdə “Əkinçi”dən daha fərqli olan yeni şəraitə uyğun qəzetlər formalaşdı, həm də Avropa təhsilli yeni tipli ziyalılar meydanda göründü. “Həyat”, “İrşad” Azərbaycan millətinin formalaşmasında yeni bir məktəbə çevrildi. Eləcə də Əlimərdan bəy Topçubaşı, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmmədəmin Rəsulzadə, Ömər Faiq Nemanzadə kimi aydınların timsalında xalqa nəyin nə olduğu, özünün kim olduğu öyrədilməyə başlandı.

Həmin ziyalılar imperiya şərtləri altında bir millətin necə var ola biləcəyini hesablayaraq ardıcıl addımlar atdılar: Xaricdən müəllim gətirdilər, xaricə tələbə göndərdilər, yeni üsullu məktəblər yaratdılar, cəmiyyətlər qurdular. Neft zənginləri ilə yola getməyin vacibliyini başa düşdülər, onların vəsaitinin xalqa xərclənməsi yolları üzərində çalışdılar. Nəticədə onların dəstəyi ilə qəzetlər işıq üzü görməyə başladı.

Həmin aydınlar millətin formalaşmasında ana dilinin vacibliyini başa düşürdülər. Necə ki sonralar Rəsulzadə xatirələrində ilk məqaləsini dillə bağlı yazdığını bildirəcəkdi. Dini kimliklə milli kimliyin fərqli olduğunu aydınlar məktəbli uşağa izah edərcəsinə məqalələrində gündəmə gətirdi, millətin adının türk, dinin adının İslam olduğunu izah etdilər. Özünə müsəlman deyənlərə türk, azərbaycanlı demələrini öyrətdilər.

I Dünya müharibəsinin başlaması ilə müstəqilliyə gedən yolun üçüncü mərhələsi başlamış oldu. Bu dəfə Cənubi Qafqaza təsir edəcək həm Osmanlı, həm də Rusiya imperiyası müharibədə iştirak edirdi. Bu müharibə inkişaf dövrünü yaşayan, tədricən milli muxtariyyət tələbləri ilə ön plana çıxan Azərbaycan millətinin taleyini həll edəcəkdi. Nəticədə çar Rusiyası yıxıldı, Cənubi Qafqazdakı xalqlar əvvəlcə ortaq hökumət və parlamentlərini, ardınca müstəqilliklərini elan etdi. Ümumilikdə götürsək, 1905-1918-ci illər Azərbaycan tarixinin istiqlala gedən yolunun ən parlaq dönəmidir.
Cümhuriyyətin elanından sonra bir millətin müstəqil olması üçün gərəkən bütün addımlar atıldı.

Milli rəmzlər, ana dilində təhsil ilk qədəmlərdi. 23 ay ərzində mümkünlüyün ötəsində işlər görüldü. Bir tərəfdən ordu quruculuğu oldusa, digər tərəfdən universitet açıldı. Bir tərəfdən parlament formalaşdısa, digər tərəfdən ölkənin tanınması uğrunda mübarizə aparıldı.
İstiqlal tanıdıldı, suverenlik bərpa edildi...

Müstəqilliyimizin qısa hekayəsi belə idi.
27 aprel 1920-ci ildə Rusiyanın Azərbaycanı işğalı ilə istiqlalımıza son verilsə də, 1988-ci ildə başlayan Meydan hərəkatı nəticəsində 34 il əvvəl bu gün Azərbaycan öz müstəqilliyini bərpa etdi.

Cümhuriyyətimizin qurucusu Məhəmmədəmin Rəsulzadə 1920-ci ildəki bir mühazirəsində deyirdi: “İstiqlalın müdafiəsi istiqlalı almaqdan daha müşküldür”. Dövlət başçısı İlham Əliyev də bir neçə çıxışında eyni ifadəni işlədib: “Müstəqilliyi qorumaq onu əldə etməkdən daha da çətindir”.

Biz indi ən çətin, ən müşkül mərhələni yaşayırıq.

Müstəqilliyimizə göz dikənlərin olduğunu öyrəndiyimiz bu ərəfələrdə 28 May və 18 Oktyabr ruhunun əbədi qalmasını diləyirik.