BAKI, 7 oktyabr. TELEQRAF

"Bu gün bu zalda böyük təcrübəyə malik insanların olduğu açıq-aydın görünür".

Teleqraf xəbər verir ki, bu sözləri Böyük Britaniya Parlamentinin Lordlar Palatasının üzvü Lord Qrehem Bredi "Bakı Dialoqu" çərçivəsində keçirilən "İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi" mövzusunda IV beynəlxalq konfransda çıxışı zamanı deyib.

O bildirib ki, təxminən 16 il əvvəl Azərbaycanda olub və xatirələrini belə bölüşüb:

"Ölkənizin gözəlliyi və o zaman əldə edilən sürətli tərəqqi yaddaşımda qalmışdı. İndi yenidən geri qayıdaraq həmin vaxtdan bəri davam edən heyrətamiz inkişafın şahidi olmaq qürurvericidir. Bakıda 100 ildən artıq əvvəl həyatını itirmiş britaniyalı əsgərlərin xatirəsinə gül çələngləri qoyduğumu xatırlayıram. İndi onların həyatlarını verdikləri münaqişəni çox az adam xatırlayar. Lakin Vətənə xidmət etmiş, xüsusilə də ən böyük fədakarlığı göstərmiş şəxslərə ehtiram göstərmək hər zaman borcumuzdur".

Britaniyalı siyasətçi münaqişə dövrünə də toxunaraq itkin düşmüş şəxslər probleminin vacibliyini vurğulayıb: "Münaqişə davam edərkən Tərtərə səfər etdiyimi, müharibə nəticəsində didərgin düşmüş insanlarla görüşüb onların hekayələrini dinlədiyimi xatırlayıram. İndi sülhün əldə olunması böyük irəliləyişdir. Lakin itkin şəxslər müəyyən edilmədiyi, onların taleyi məlum olmadığı müddətdə dəhşətli qeyri-müəyyənlik içində qalan ailələr və icmalar üçün bu məsələ yekunlaşmış sayıla bilməz".