BAKI, 18 fevral. TELEQRAF

Bir neçə gün öncə Atatürk Mərkəzində mərhum tədqiqatçı alim Şəmistan Nəzirlinin kitabının yeni nəşrinin imza mərasimi keçirildi. Azərbaycanın məşhur pedaqoqu, ədəbiyyatşünas alimi Firidun bəy Köçərliyə həsr edilmiş “Qoridən gələn qatar” kitabının müəllifin vəfatından öncə yenidən işlənmiş təkmil variantı ictimaiyyətə təqdim olundu.

Mərasimdə çıxış edən qonaqlar həm Firidun bəyin, həm də Şəmistan müəllimin yüksək məziyyətlərindən, elm yolundakı xidmətlərindən yetərincə bəhs etdilər. Seminariyanın fəaliyyəti, ADA Universiteti tərəfindən bərpa edildikdən sonra müsir təhsil ocağına çevrilməsi haqqındakı çıxışlar insanı fərəhləndirirdi.

Tədbir boyu kitabı vərəqləyərkən gözümə sataşan əmr isə illərdir narahat olduğum bir məqamı yenidən gündəmə gətirməyimə səbəb oldu. Həmin əmrdə Firidun bəy kimi görkəmli azərbaycanlının öldürülməsinə imza atmış Həmid Sultanovun da adı vardı. O ad ki bu gün paytaxtımızın divarlarında hələ də yaşamaqdadır. Nəyə görə?

Şəhərimizdə varisi olduğumuz ilk cümhuriyyəti devirənlərin bir neçəsinin xatirə lövhəsi divarları bəzəməkdədir. Bu barədə dəfələrlə yazsaq da, müvafiq qurumlara müraciət etsək də, heç bir nəticə hasil olmayıb.

Halbuki kirill qrafikası ilə Azərbaycan dilində və rus dilində olan həmin lövhələr heç bir tarixi əhəmiyyət daşımamaqdadır. Əksinə şəhərin yenidən planlanması zamanı dəfələrlə gerçək tarixi önəmi olan hamamlar, evlər və sair tikililər sökülüb, yerində parklar salınıb. Amma min bir zəhmətlə, qeyrətlə qurduğumuz ilk respublikanı bolşevik ruslarla birləşərək, xarici dövlətlə əməkdaşlıq edərək yıxanların lövhələri hələ də etibar görməkdədir. Üstəlik həmin lövhələr gözlərini üzbəüzdəki İstiqlal Abidəsinə dikib və imkan olsa yenidən dirilib bu yaxınlarda ifşa edilən yeni əlaltıları ilə birlikdə sanki çevriliş planlamaqdadır.

Əgər 28 may Müstəqillik Günümüzdürsə, 18 oktyabr Müstəqilliyimizin Bərpası Günüdürsə aradakı 71 ilə səbəb olanların lövhələri niyə qalmalıdır ki? Axı biz Sovet dövründə tikilən tarixi abidələrdən bəhs etmirik. Axı biz daha əvvəl qırmızı ordunun, Şaumyanın, Əzizbəyovun, Karl Marksın, Çaparidzenin və digərlərinin heykəllərinin götürüldüyünü görmüşük. Sahil bağında dəfn edilən qanlı “26-ların” sümüklərinin daşındığını görmüşük. Bunlar daha böyük hadisələr idi. İşğalın və bolşevizmin memarlarının son qalıqlarının saxlanılması nəyə gərəkdir? Firidun bəy Köçərlinin ruhu qarşısında baş əyərkən bu qanlı əmələ imza atanların xatirəsini qorumaq nəyə gərəkdir?
Memarlıq və şəhərsalma ilində paytaxtımızdakı işğalçı lövhələrin aradan qaldırılmasını bir daha müvafiq qurumlardan xahiş edirik.

***

Dünən Azərbaycan Milli Konservatoriyasında ADA Universiteti və Ədibin Evi fondunun dəstəyilə işıq üzü görən “Övraqi-nəfisə” jurnalının tanıtım mərasiminə qatıldım. 1919-cu ildə Cümhuriyyət dövründə cəmi altı nömrə işıq üzü görən bu məcmuə ilk incəsənət jurnalımızdır. Zülfüqar Hacıbəylinin nəşr etdiyi məcmuənin ilk sayı sənət fədaimiz Hüseyn Ərəblinskinin faciəvi ölümünə həsr edilib. Jurnalın növbəti səhifələrində Mirzə Fətəli Axundzadə, Əli bəy Hüseynzadə, Əliağa Vahid və digərlərinin bioqrafiyaları yer alıb, dövrün ab-havasını hiss etdirən şeirlər dərc edilib.
ADA Universitetinin “Azərbaycan” qəzeti ilə başlayan bu fəaliyyəti olduqca təqdirəlayiqdir. Artıq Cümhuriyyətin faktiki rəsmi qəzeti 14 cild kitab şəklində işıq üzü görüb, eləcə də qəzetin yazarlarından Məhəmmədəmin Rəsulzadənin, Ömər Faiq Nemanzadənin, Üzeyir bəy Hacıbəylinin məqalələri də ayrıca kitab şəklində çap olunub. Həmçinin “Babayi-əmir”, “Məktəb”, “Əfkari-mütəəllimin” kimi ötən əsrin birinci rübünə aid jurnallar transliterasiya olunub. Bu işdə türkoloq Mehdi Gəncəlinin, Azad Ağaoğlunun, Şəhla Abdullayevanın əvəzsiz rolu vardır.
Ümid edirik ki, bu prosesdə “Həyat”, “İrşad”, “Açıq söz” kimi qəzetlərimiz də latın qrafikalı əlifbamıza çevriləcək və geniş oxucu kütləsinə çatacaqdır.