Artıq futbol üzrə Azərbaycan çempionatı sona çatıb. Bu dəfə daha fərqli sistemlə keçirilən turnir 4 dövrədən ibarət idi.
Kifayət qədər maraqlı nəticələrlə yadda qalan mövsümdə klublar arasında layiq olduğu yeri tutanlar da oldu, iddiasına yaraşmayacaq şəkildə alt sıralara lövbər salanlar da. İndisə hər bir klubun ayrı-ayrılıqda mövsümboyu göstərdiyi nəticələri dəyərləndirməyə çalışacam. Beləliklə, ilk üçlükdə yerləşən komandalar:
“Qarabağ”. Qış fasiləsinə də lider kimi yollanan ağdamlılar yarışın gedişatı boyunca mövqeyini dəyişsə də, çempionatın sonlarına yaxın daha uğurlu çıxışlarla yekunda çempion olmağı bacardı. Bu il xüsusilə uğurlu oyunlar keçirən Qurban Qurbanovun “drujinası” yayda heyətinə qatdığı səviyyəli əcnəbilərin və eləcə də yerli futbolçuların dəstəyi ilə istədiyi nəticələri qazana bildi. Ölkəni Çempionlar Liqası kimi mötəbər bir turnirdə təmsil edəcək ağdamlılar hələ ki, ciddi bir çatışmazlıq nəzərə çarpmır.
Yeganə narahatçılıq stabilliklə bağlıdır ki, bu problemin də aradan qaldırılacağına ümid eləmək olar. Avropada daim uğurlu çıxışlarıyla seçilən “köhlən atlar”dan daxili birincilikdəki layiqli qələbədən sonra beynəlxalq görüşlərdə də uğur gözləyənlərin sayı çoxdur.
“İnter”. Çempionatın ilk yarısını liderlər qrupundan bir xeyli uzaqda başa vursalar da, fasilədən sonra güclənərək və əla sürət yığaraq rəqiblərini bir-bir keçən “bankirlər” yekunda ikinciliklə kifayətlənməli oldular. Kaxaber Tsxadadzenin yetirmələri məhdud heyət və məhdud büdcəylə əslində böyük uğura imza atmış oldular.
Təbii ki, onların bu irəliləyişində digər əsas rəqiblərinin, xüsusilə “Qəbələ” və “Neftçi”nin gözlənilməz və yersiz xal itkiləri də əsas rol oynadı, ancaq hər halda gürcü çalışdırıcını və onun komandasını da bir əldə tutmaq olmaz. Praqmatik və fiziki gücə arxalanan futbolla daim tənqid olunan Tsxadadze bütün söylənilənlərə baxmayaraq, yekunda olduqca uğurlu nəticə hesab oluna biləcək “gümüşə” yiyələndi. Avroliqada ölkəmizi təmsil edəcək “İnter” bütün göstəricilərdə sadəcə çempiondan geri qaldı ki, bunun özü də bir başqa uğurlu haldır.
“Qəbələ”. Yarandığı vaxtdan iddialılar sırasına düşməyə çalışan, ancaq heç cür liderlər qrupunda möhkəmlənə bilməyən komanda nəhayət, Yuri Syominin baş məşqçi təyin olunmasından sonra stabil ritm tuta bildi. İlk yarı boyunca ilk üçlükdən kənar qalmayan “qırmızı-qaralar” sonda çempionatı üçüncü sırada bitirməyi bildi.
Yayda heyətinə cəlb elədiyi yerli və əcnəbi futbolçularla güclənən klub ilk yarı boyunca güclü kollektiv imici yaratsa da, hər halda bəzi zəif nöqtələr də gözə dəyirdi. Heyətdə, xüsusilə də müdafiə xəttində bəzi çatışmazlıqları olan bölgə təmsilçisi fasilədə boşluqları dolduraraq ikinci dövrə boyunca uğurlu çıxışla mükafata sahib çıxdı.
Son tura qədər “Neftçi” ilə yer uğrunda mübarizə aparan Syominin yetirmələri yekunda inamlı çıxış edərək üçüncülüyü özü üçün təmin eləyə bildi. Ümumiyyətlə, bu mövsümü bölgə klubu üçün uğurlu hesab eləmək olar. Tarixində ilk dəfə çempionatda mükafatçılar sırasına düşən “qırmızı-qaralar” daha bir ilkə imza ataraq ölkə kubokunda da final oynayacaqlar. Yenidən “Neftçi” ilə münasibətlərini aydınlaşdıracaq olan qəbələlilər daha bir tarixi uğura imza atmağın astanasındadırlar.